08:08
(077) 610-22-33

İnstitut direktoru prezidentə qarşı çıxan məmurlardan danışdı

  • >
1 467 10 Aprel 2014 11:34 | Cəmiyyət

İlin elə bir ayı tapılmaz ki, xalqımızın başına müsibətlər gətirilməsin. Görünür elə buna görə də ilin bütün aylarında xalqımızın hüzn günü var və həmin tarixləri qeyd edirik. Beynəlxalq təcrübə isə odur ki, soyqırımına məruz qalan xalqlar ilin bir gününü soyqırımı günü kimi qeyd edir. Və o tarix bütün dünyada anılır. Örnək olaraq yəhudiləri göstərə bilərik.

"Bu boynuqırıq qərənfillərdən, 20 Yanvardan əl çəkmək lazımdır"

Tarixçi alim, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitututnun direktoru Yaqub Mahmudov Modern.az saytına açıqlamasında bildirib ki, bu məsələ Azərbaycanda ümumi şəkildə həll olunub:

"Vaxtilə ulu öndərin zamanında onun xüsusi tapşırığı ilə böyük tarixçi heyəti işlədi. Biz soyqırımlarla əlaqədar bütün tarixi araşdırdıqdan sonra 1918-ci il 31 martın üzərində dayandıq. Ona görə ki, ermənilərin Daşnaksütyun Partiyası və Bakı komunnasının rəhbəri Şaumyanın başçılıq etdiyi Bakı Soveti azərbaycanlılara qarşı soyqırımını dövlət səviyyəsində həyata keçiriblər. Bu, Azərbaycan tarixində soyqırımı günü kimi qeyd olunur".

Bununla belə, deputat bildirib ki, xalq bütün qara günlərini ortaya qoyub ancaq onu qeyd etməklə məşğul olmalı deyil: "Xalqın tarixinin böyük qəhrəmanlıq səhifələri var. Bizim böyük dövlətlərimiz olub. Hansı xalqda Nizamilər, Füzulilər, Cavidlər var? Biz xalqımızın böyük qərəmanlıq günlərini bayram kimi qeyd edib xalqda gələcəyə nikbinlik hissi aşılamalıyıq. Bəlkə də yeganə insan mənəm ki bunu deyirəm, boynuqırıq qərənfillərdən, 20 Yanvardan əl çəkmək lazımdır. Bunu xalqın qəhrəmanlıq səhifəsi kimi təqdim etmək lazımdır. 20 Yanvarın tarixçilər və mənim üçün ibrətli cəhəti ondan ibarətdir ki, Azərbaycan xaqlı düşmənini tanıdı və ayağa durdu. Təpədən dırnağa qədər silahlanmış rus əsgərlərinin, tankın üzərinə yeridi. Bununla da böyük qələbə çaldı. Bu gün illər sonra Azərbaycan xalqının böyük qələbəsi kimi qeyd olunacaq. Bu günləri faciə kimi qeyd etdiyimiz yetər".

"Kişilər ağlayıb qadınlaşacaqsa..."

Tarixçi alim bildirib ki, mahiyyət etibarilə Azərbaycan xalqına qarşı edilən irqi-ayrı seçkilik, təcavüz, məhv etmək siyasəti dünyada ikinci bir millətə qarşı yeridilməyib: "Bizi məhv etməkdən ötrü düşmənlər bütün vəhşi üsullardan istifadə ediblər. Ancaq bizim xalqımız qüdrətlidir. Onu qüdrətli edən amilləri ortalığa qoyub bayram etmək lazımdır. Mənim fikrimcə, xalqda şəhid düşmək fəlsəfəsi yaratmaq lazım deyil. Bəzən təbliğ olunur ki, şəhid düşün, adınız əbədiyyətə qovuşsun. Gəncləri o cür tərbiyə etmək olmaz. Onlara deməliyik ki, Vətənini sev, Vətəninə xor baxanın gözünü çıxar. İnsanın Vətəninə hücum edəni məhv etmək lazımdır. Böyük zirvə şəhid düşmək deyil, Vətənə qarşı olan qüvvələri məhv etməkdir. Başqa məsələ ki, bu yolda şəhid olacaqsan, qazi olacaqsan... Biz xalqımıza xor oxumağı, marşları öyrətməliyik. Koroğlu üvertürası çalınmalıdır. Xalqda düşmənə qarşı nifrət hissi oyanmalıdır. Ancaq boynu qırıq qərənfillərlə, segahla qəm dəryasına qatıl, belə olmaz. Kişilər ağlamamalıdır. Tarixdən nəticə çıxarmalıdır. Kişilər ağlayıb qadınlaşacaqsa, Azərbaycan hara gedəcək? Azərbaycan xanımına da, kişisinə də vətən sevgisi aşılamaq lazımdır".

"Hanı bizim şüarlar?"

Millət vəkili deyib ki, İkinci Dünya Savaşında hər yerdə yazılırdı ki, "Faşizmə ölüm!", "Son damla qana qədər vuruşmaq!".
"Bəs, indi hanı bizim elə şüarlarımız? Axı biz də müharibə vəziyyətindəyik. Biz tarixi torpaqlarımıza qayıdacağıq. Ölkə başçısı bu məsələ ilə əlaqədar danışır. Xalqı səfərbər edir, böyük iradə, cəsarət nümayiş etdirir".

"Minsk Qrupunun həmsədirlərini təlxək rolu oynayan artistlər bənzədirəm"

"Prezidentin çağırı ilə hərəkət etmək lazımdır. Biz tarixi torpaqlarımıza, İrəvan ellərinə qayıdacağıq. Prezidentimiz hər yerdə bunu bəyan edib. Tarix İnstitutunda əsərlər yazılır. Buna görə zərbələr də alırıq. Prezidentimiz hər zaman bizim əməyimizi qeyd edir. Ancaq Azərbaycanın içərisində əl altından bizi təqib edirlər. Bizim dediklərimiz hamının o vaxt ürəyincə olacaq ki, hamı Vətən torpağı üçün dövlətin başçısı kimi cəsarətli olacaq. O mövqedə olacaq. Çox təəsüf ki, bir məmur rejimi var. Belə məmurların mövqeyi Prezidentin mövqeyində deyil. Mən çağırış edirəm. Hamı prezidentin çağırışının ardınca getsin. Biz təkcə Xankəndinə, Şuşaya deyil, bütün tarixi torpaqlarımıza qayıtmalıyıq. Torpaqlarımızı işğal ediblər, əlimizdən alıblar. Bunun hesabına ermənilər özlərinə dövlət yaradıblar. Bunu bütün xalq bilməlidir. Bu təkcə Tarix İnstitutunun işi deyil. Halbuki belə fəaliyyətə görə bizi qınayırlar. Deyirlər ki, ancaq bu işlə məşğul olursunuz. Bu gün Azərbaycan müharibə vəziyyətində olan bir ölkədir. Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağdır. Bu gün ölkə başçısının ən böyük qayğısı da odur. Bu gün Tarix İnstitiutunun da ən böyük qayğısı məhz odur. Bəs, biz nə ilə məşğul olmalıyıq? Bu baxımdan xalq birləşməlidir.
Kəlbəcərə, Laçına, Zəngilana qayıtmaq barədə düşünmək lazımdır. Erməni bilməlidir ki, o mənim torpağımda oturub. Ona 1918-ci ildə torpaq verilib. O torpaq almayıb, ona verilib və o bundan narahat olmalıdır. Təəssüf ki, indi ermənilər tarixi Azərbaycan torpaqlarında çox arxayın otururlar. Biz isə bilirsiniz nəylə məşğuluq, kim bir faydalı iş görürsə, ona zərbə vurmaqla məşğuluq. Ona görə də çıxış yolu üçün çağırışların arxasınca getmək, xalqda olan ruhu qaldırmaq lazımdır. Dünya bilsin ki, biz yox, bizə qarşı soyqırımı ediblər. Mən şəxsən, Minsk Qrupunun həmsədirlərini təlxək rolu oynayan artistlərə bənzədirəm. Onlar Azərbaycana heç nə verməyəcəklər. Xankəndini, Qarabağı ermənilərə alıb verən kimdir? Rusiya. O təzədən həmin torpaqları geri qaytaracaqmı? Fransada erməniləri müdafiə edirlər. Fransanın təmsilçisi mənə torpaq qaytaracaq? Ona görə də prezident doğru deyir. Qüdrətli, güclü, hərbi cəhətdən müasir ölkə yaratmaq, torpaqlarımızı geri qaytarmaq lazımdır. Bunun üçün ideologiya öz işini görməlidir. Heydər Əliyevin azərbaycançılıq məfkurəsini hamının məfkurəsinə çevirmək lazımdır. Bunun üçün ciddi islahatlar aparmaq lazımdır".

AzNews.az

Bağla X