00:43
(077) 610-22-33

Qadınlar nə istəyir?

  • >
6 066 10 Aprel 2014 11:56 | Cəmiyyət

("Kişilər üçün qeydlər" silsiləsindən birinci yazı)

Hə, bilirəm, bilirəm. Bu sizi ən çox narahat edən sualdır. Və bütün səhvləriniz də bu suala cavab axtarmaqdan yaranır.

Siz məşum xəstəlik kimi yaxanızdan əl çəkməyən bu sualla vaxt keçirməkdəykən, bir də baxırsınız ki, O(nlar) yoxdur, gedib və böyük ehtimalla, bir də qayıtmayacaq. Amma elə sizin üçün qayıtmaması daha yaxşıdır. Çünki qadın hər şeyin bitdiyinə əmin olmadıqca yerini dəyişmir. Çünki o öz yerini bilir. Dəqiq bilir. Ya da dəqiq müəyyənləşdirmək istəyir. Getməzdən öncə. Bütün emosionallığına rəğmən, o, rasional düşünə bilir, o sizdən daha praktikdir. Bu, qadınların ümumi cəhətidir. Ən çox rast gəlinən ümumi cəhəti. Bayaq, yazının əvvəlində sualın qoyuluşundan danışdım.

Əvvəlcə, müəyyən edin: sizə bütün qadınların nə istədiklərini bilmək nə dərəcədə maraqlıdır? Yer üzünün bütün qadınları ilə münasibət saxlamaq imkanlarınız onsuz da heç vaxt olmayacaq. Tutaq ki, lap siz kolleksiya toplamaq istəyirsiniz. Fərqi yoxdu hansı səbəbdən: potensialınızı öyrənmək istəyə və ya özünüzün, tanışlarınız gözündə güvəninizi artırmağı düşünə bilərsiniz. Amma... qadınlar da, kişilər kimi fərqlidirlər: dəlisi var, ağıllısı var, sakiti var, şıltağı var, laqeydi var, üzüyolası var, tərsi var, cəsarətlisi var, lap Ramiz Rövşənin dediyi kimi, qorxağı da var...

Təbii, bir kişinin həyatında, adətən, bir qadın olmur, hətta eyni vaxtda bir neçəsi də gözə dəyir, amma diqqətlə təhlil eləsək, adamlar yenə adətən həyatları boyu eyni tipi seçirlər (fərqli dad bilmək xəstəliyini nəzərə almasaq). Müəyyən etməyə çalışın: sizin tipinizə uyğun gələn qadına nə lazımdır? Qadınlar bir qayda olaraq, ya liberal, ya mühafizəkar kişiləri seçirlər. Amma mühafizəkarlardan liberal, liberallardan da zaman-zaman mühafizəkar addımlar gözləyirlər.

Niyə? Çünki qadındırlar, çünki məhz onlar üçün nəsə eləməyinizi istəyirlər. Yox, süd arxı çəkdirmək, ulduz arxasınca göndərmək çoxdan dəbdən düşüb. Sadəcə, zaman-zaman onun sizdən gözləmədiyini, amma ürəyinin dərinliyində çox arzuladığı şeyi eləyin. Qoy təəccüblənsin, arxayın olmasın ki, sizi sonadək tanıyır. Bütün qadınlar barədə düşünüb, ümumiləşdirmə aparmaqdansa, bu dəqiqə yanınızda olmasını istədiyiniz qadın, onun istəkləri barədə düşünün. Bu daha asan və daha düzgündür... Ümumiləşdirmələri sonraya saxlayın, sonra bunun üçün zamanınız olacaq. Olmasa belə, qəm eləməyə dəyməz. Siz ki psixoloq olmaq niyyətində deyilsiniz...

Bununla belə, qadınların ümumi cəhətlərindən danışmağa çalışacağıq. Çünki belə cəhətlər var. Məsələn, kişilərdən fərqli olaraq qadınlar "qara paltarlı kişi" obrazı barədə düşünmürlər. Yazının əvvəlində dedim axı, biz daha praktikik. Bizə meyitimizin üstündə ağlayacaq, qəbrimizin üstündən çəkilməyəcək kişi lazım deyil. Biz yaşamağı daha çox sevirik. Biz diqqəti və sevgini sağlığımızda görmək, sağlığımızda göstərmək istəyirik. Biz bütün romantik görünüşümüzlə bərabər çox realistik. Məsələn, evə çörəyi zorla ala bilən adamdan gül dəstəsi gözləmirik, istəmirik də...

Qadın heç də həmişə kişidən qəhrəmanlıq istəmir. Qəhrəman hamının sevimlisidir. Qadın bölüşməyi sevmir, amma bacarır – kişidən fərqli olaraq. Qadın qorxağı da sevmir. Kişinin onu qorumasını istəyir. Amma özünüzdən yox, başqalarından qorumasını. Özü üçün qorumağınızı... Kişi bəlli zaman kəsiyində yalnız bir qadına qalib gəlməli, yalnız bir qadına məğlub olmalı, yəni yalnız bir nəfərin qəhrəmanı olmalıdır. Bəli, bəs nə bilmişdiniz, bütün qadınlar fərdiyyətçidirlər. Amma bu fərdiyyətçilər, bəzən, gözlərini yuma, görməzlikdən gələ bilərlər.

"Mənim yanımda mənim ol" – deyə bilərlər. Ya da... susarlar... Qadınlar bağışlaya bilərlər, amma bunu da bilirlər ki, sevgini daimi bağışlamalardan daha tez bitirən ikinci bir şey yoxdur. Bağışladıqca, bağlar boşalır. Qadın bağışlayırsa, sizdən güclüdür, sizdən böyükdür, demək. Və bu, siqnal olmalıdır. Çünki qadın öz gücünü, öz böyüklüyünü dərk edir. Zəifliyiniz onda mərhəmətdən doğan analıq instinkti oyada bilər. Bu, təbii ki, sevginin bir növüdür. Amma sizə ikinci ana lazımdırmı? Siz çox zaman tərbiyələnmək, idarə olunmaq, dəyişilmək istəyirsiniz. Əksini iddia edəndə belə. Əlbəttə, hər qadında təbii dayəlik istedadı var, amma o bunu övladlarına saxlayır. Özünə hörmət edən qadın kişiyə dayəlik eləməyi özünə sığışdırmaz. Özünə hörmət eləməyən qadın isə sizin nəyinizə lazımdır? Bu sizin qürurunuza zərər gətirməyəcəkmi? Təbii, qürur varsa… Hə, əlbəttə, cinsi ehtiyacların ödənilməsi məqamını unutdum. Amma hər şey yalnız bu ehtiyac üçündürsə, nəyinizə lazımdır qadın nə istəyir?! İctimai istifadə üçün nəzərdə tutulmuş qadın, ilk növbədə, pul istəyir. Və təkcə sizdən yox. Hamıdan...

1937.az
Bağla X