Çingiz Mustafayev ulduzların əhatəsində

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü münasibətilə dünən Bakının Yasamal parkında möhtəşəm konsert keçirilib. Konsertdə Azərbaycanın tanınmış müğənniləri Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Elza Seyidcahan, Manana, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Zamiq, Elnur, Seyran, Mina, Çingiz Mustafayev, İlyas, Nura Suri, İlhamə Qasımova, Sevda Yahyayeva, Samira və başqaları iştirak edib.

Konsertin aparıcıları DJ Aytən Səfərova və DJ Valid Əliyev olub. Tədbir iştirakçıları və aparıcılar öz təəssüratlarını AzNews.az-la bölüşüblər:

DJ Valid Əliyev: "İndi burda hər şey Cingizi xatırladır hətta səhnədə müğənni Çingiz Mustafayevdə var. Bu, Çingizin xatirəsinə ilk tədbir deyil. Bir neçə gün bundan əvvəl Çingiz Mustafayevin adına uşaq düşərgəsində uşaqlar üçün konsert keçirdik. 28 avqust Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş motoyürüş keçirildi. Çingiz Mustafayevin adını daşıyan ANS ÇM bu tədbirlərdə aktiv iştirak edir və əsas təşkilatçılardan biridir. Çalışıb Çingizin adını yaşadacağıq".

ANS ÇM radiostansiyasının baş DJ-i, tədbirin aparıcısı Aytən Səfərova: "Biz çox bacarıqlı xalqıq. Lakin bizdə asudə vaxtı səmərəli keçirtmək üçün tədbirlər hazırlamaq bacarığı bir az axsayır. Hətta bəzi bizi kimi insanlar var ki, gecə-gündüz çalışırlar və asudə vaxtlarını səmərəli keçirə bilmirlər. Çox şadam ki, bu gün, avqustun 29-da, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ad günündə bir çox insanlar üçün asudə vaxtlarını maraqlı keçirtmək üçün tədbir təşkil etdik. Camaatın reaksiyasından başa düşdük ki, bu bizdə alındı. Hamını Çingiz Mustafayevin doğum günü münasibətilə təbrik edirəm".

Xalq artisti Brilliant Dadaşova: "Çox gözəl tədbirdir. Mən bu tədbirdə oxuyarkən hiss edirəm ki, Çingiz bizi hardansa izləyir. Şəxsən mənim üçün Çingiz yaşayır. "Qurani-Kərim" kitabında da var ki, şəhidlər yaşayır. İllər keçsə də Çingiz və onun kimi qəhrəman oğullar unudulmayacaq".

Əməkdar artist Elza Seyidcahan: "Ürək sözlərim çoxdur. Qəhrəmanlarımız şirin canlarını vətən uğrunda qurban veriblər, onlar gör necə uca zirvədədirlər. Çingiz Mustafayev də həmin qəhrəmanlardandır".

Meyxanaçı Namiq Qaraçuxurlu: "Çingiz Mustafayev mənim üçün əzizdir. Mən tədbirin keçirilməsini eşidən kimi özümü çatdırdım. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm ANS rəhbərliyinə də təşəkkürümü bildirirəm"

Əminə
AzNews.az