Tanınmış jurnalist orqanlarını bağışladı: “Bu bizə verilən ən yaxşı fürsətdir”

"Təxminən 10 il əvvəl daxili orqanlarımı bağışlamaq fikrinə düşmüşdüm. Bu istəyimi Azərbaycanda reallaşdırmaq istəsəm də normal qarşılanmadı".

Bunu AzNews.az-a açıqlamasında tanınmış jurnalist, "anspress.com" xəbər saytının redaktoru Zülfiyyə Qurbanova deyib.

Z. Qurbanova bildirib ki, artıq daxili orqanlarını bağışlamaq qərarını qətiləşdirib: "Əlbəttə, bu dünyadan köçdükdən sonra olacaq. Ötən ilin noyabrında şiddətli baş ağrıları ilə xəstəxanaya düşəndə, müayinə və müalicə üçün xəstəxanaları gəzəndə orqanlarımı bağışlamaq mənim üçün yenidən gündəmə gəldi. Dəhşətli baş ağrılarım olsa da, müayinələr daxili orqanlarımın salamat olduğunu göstərirdi və mən bu sağlam orqanlarımı özümlə o biri dünyaya aparmaq istəmirəm. Hər kəs belə bir addım atarsa görün, neçə adam həyata qayıdar? Axı, dünyadan köçəndən sonra bu orqanlar bizə gərəksiz olacaq...Məncə, öləndən sonra bu dünyada görəcəyimiz ən yaxşı iş orqanlarını xəstə insana bağışlamaqdır. Bu bizə verilən ən yaxşı fürsətdir və mən bu fürsəti əldən buraxmaq istəmirəm".

O bildirib ki, daxili orqanlarını bağışlamağın hüquqi yollarını öyrənmək üçün hüquqşünasla da məsləhətləşib.

Bahar
AzNews.az