18:40
(077) 610-22-33

Niyazi Mehdi: “Müsəlman dünyasındakı pornoqrafiya araşdırılmalıdır”

  • >
7 687 14 Aprel 2014 11:20 | Cəmiyyət

"Hərdən özümü intellektual fırıldaqçı sayıram"

Tanınmış ictimai xadim, filosof Niyazi Mehdi AzNews.az-a müsahibə verib. O, müsahibəsində ədəbi düşüncələrini bölüşüb, ortaçağ mədəniyyəti haqda öz mülahizələrini açıqlayıb.

- Ortaçağ dövrü ilə bağlı maraqlı fikirlərinizin şahidi olmuşuq. Doğrudanmı biz Nizamidən, Füzulidən kənara çıxıb ortaçağ mədəniyyətini, dilini, düşüncəsini araşdırmamışıq? Belə çıxır ki, bizim ortaçağ düşüncəsi haqda əslində, heç bir bilgimiz yoxdur?

- "Heç nə etməmişik" diskursu bizdə mazoxist bir xəstəliyə çevrilib. Bu diskurs leytmotiv və ya çevrəsini fırladan ox kimi bir çox kitabların, müsahibələrin başından girib axırından çıxır. Həmin diskurs özündə ağılla bağladılan tənqid, snobizmlə bağladılan bəyənməzlik pafosunu gizlədir. Ancaq boynumuza almalıyıq, hətta Sovet elmi mühitinin sayəsində belə, Ortaçağla bağlı Azərbaycan elmində çox axtarışlar, tapıntılar olub. Tofiq Hacıyev, Kamal Abdulla, Nizami Cəfərov, Firudin Ağasıoğlu kimi dilçilərimiz Ortaçağ türkcəsi ilə əlaqəli o qədər dəyərli nəsnələri açıblar.

- Ortaçağ dünyasını araşdırmaq məsələsində nələri etməmişik?

- Desələr ki, Ortaçağı semiotik-struktur metodla öyrənməmişik, bununla razı olmayacam. Aydın Talıbzadənin Ortaçağla bağlı semiotik strukturlarla oynayan gözəl yazıları var. Bəndəniz 1986-cı ildə monoqrafik araşdırmalar qatında dünya çapında ilk dəfə müsəlman mədəniyyətinin semiotikasından kitab yazıb. Bu kitablar Azərbaycan türkçəsində və rus dilində nəşr olunub. Məndən qabaq dünyada bir, ya iki məqalə yazılmışdı. Mən hətta kinonun semiotikasından dissertasiya yazmışam. Halbuki, buna qədər Yuri Lotman bir kitabça yazmışdı, Pyer Pazolini, Umerto Eko isə kinonun semiotikasına yalnız məqalələr həsr etmişdilər.

- Bəs o zaman nələri etməmişik?

- Ortaçağda pornoqrafiyanı araşdırmamışıq. Halbuki, bu pornoqrafiya janrının adı da vardı: "Alfiy-Şalfiy" (bu ad həm əldən ələ gəzən Kamasutraya oxşar kitabların adı idi, həm də seksual şəkillərin). Bayxakinin səlnaməsindən bilinir ki, gəncliyində Sultan Məsud bağında xəlvəti bir kef otağının divarlarına, tavanına belə şəkillər çəkdirmişdi. Müsəlman dünyasında pornoqrafiya ilə bağlı ciddi araşdırma olsaydı, güman "Alfiy, Şəlfiy" sözlərinin haradan gəldiyini də axtarardı.

- Bizim Ortaçağ mədəniyyəti pozğunluq diskurslarının, paradiqmalarının konstruktiv funksiyası işığında öyrənilibmi ki? Qəzəllərdə vəsf olunan gözəllərin "pozğunluğu" və ya seksual azadlığı haracan idi?

- Bilirsiniz dürlü mədəniyyətlərdə insan bədənlərinin, bədən üzvlərinin fərqli estetikası var. Məsələn, miniatürlərdən görünür ki, oğlan və qızların incə beli önəmli estetik hədəf idi, ona görə də kəmərin bir funksmiyası "incə bel" effektini yaratmaq idi. Ancaq Koreya paltarlarında qadın donunun kəmər hissəsinin döşün altından başlaması göstərir ki, onları qadında incə bel silueti yox, tutalım, konus silueti ilgiləndirirdi.

- Və ya belə bir məsələ: Ortaçağ müsəlman memarlığı bədəndən hansı formaları götürüb? Eləcə də Ortaçağ geyimləri memarlıqdan hansı biçimləri alıb?

- Şiə məscidlərində minarələrin damı türk-moğol əsgərlərinin şapkasına oxşayır. Hansı hansından götürüb, tapmaq gərəkdir. Niyə qələndərlər üzlərini, qaşlarını qırxırdıldar (niyə qızılbaşlar saqqallarını qırxırdılar)? Niyə həm tükə (zülfə) heyranlıq vardı, həm də tük küfr qaynağı sayılırdı? Beləcə saysız sorular var və onları formula edən, onlara cavab tapan oğul istəyirəm.

- Virtuallıqda qorxulu nə var?

- Güman ki, sizin bu sualınızın kökündə mənim bir kitabım durur: "Çətin və dolaşıq durumların kulturolojisi" (Şərq və Qərb mədəniyyətlərində virtual örtüyün komsoqoniyası. B.: Qanun, 2006). Orada mən kültürdə virtuallıq məsələlərindən xeyli yazıram, ancaq yazıb da bir yerə çıxa bilmirəm. O çağlar istəyirdim ki, "virtuallıq" termini ilə elə nəsnələrə çıxım ki, onlara ruh, ideal varlıq və fiziki varlıq terminləri ilə çıxmaq olmazdı. Məsələn, "olmamağı ilə olanlar" (lap "ölməklə var olmaq" sufi deyiminə oxşayır). Əxlaqi, sosial normalar var və bizləri idarə etməsindən bilirik ki, başımızdan qıraqda durublar. Ancaq bu qıraq kitabxanalardakı kitablar deyil. Bəs harada durublar? Dünyamızın virtual örtüyündə. Həmin örtük sonralar internetin virtuallığının prototipi oldu.
Virtuallıqda qorxulu olmayanlar, faydalı olmayanlar daha çoxdur. Ancaq qorxulu olanlar da yox deyil. Məsələn, o, ilğımlar yaradır. Mənim "Facebook"da 3850 "dostum" var. Onlardan divara gələn bilgilər və videolar məndə böyük dünyanın ilğımını yaradır. Divarda etirazlara baxıram, elə bilirəm etirazdan dünya dağılır. "Facebook"dan xəbərsiz yaşayan Azərbaycan dünyası var ki, bütün bunlardan xəbərsiz başqa bir aləmdədir.

Virtuallığın başqa bir qorxusunu şəkillərə şəriət yasağının hikmətini açanda söyləmişəm. Dünyada birinin başını kəsib, o birisinə yapışdırsan, adam ölər. "Foto-şop"da isə bu, adi bir əməliyyatdır. Şəkillərə öncə iuadist, sonra şəriət yasağı dünyanı falsifikasiya etmək baxımından virtuallğın (eləcə də şəkillərin) qorxusunu bilərək qadağa qoymuşdu.

- Belə bir fikriniz var: Yazmısız ki, biz virtual mənada öz milli kimliyimizi qorumalıyıq...

- Mənim bu sözlərim milləti, etnikliyi qan və ətlə bağlayanlara qarşı idi. Milləti millət edən ortaq yaddaşdır. Ortaq yaddaş təkcə ət-qan (beyin) deyil, həm də informasiyalardır. Yəni bir zənci sifətli adam da mənim kimi "Dədə Qorqud" dastanını özününkü saysa, Səfəvilər tarixini özününkü bilsə onu azəri biləcəm. Ancaq, məsələn, naxçıvanlıların, güneylilərin hərəsinin ayrı tarixi yaddaşı olsaydı, biz avstriyalılarla almanlar kimi fərqlənərdik. Avropa və ABŞ millətin "virtual özülü" prinsipindən yaxşı istifadə edir. Gəlişmiş toplumlarda təbabətin uğurlarına görə qocaların sayı artır, qadınların bağımsız yaşamaq həvəsi isə doğuşu azaldır. Bax, bu durumda onların dadına mühacirlər çatır. Onların ikinci, ya üçüncü nəsli yaddaşca yerli əhali ilə ortaqlaşıb yeri əhalinin tarixini öz tarixləri sayır. Beləcə, qara dərili, qıyıq gözlü fransızlar, almanlar ortaya çıxır.

- Qorumalıyıq deyəndə belə çıxır ki, bizim milli kimliyimiz qorunmayıb?

- Yox, yadıma düşmür ki, mən "virtual mənada milli kimliyimizi qorumaq" demişəm. Mən deyə bilərdim milli kimliyimizi qorumağın irqi-irsi qatından virtual qatına keçmək gərəkdir. Bu o deməkdir ki, biz bilməliyik, türklərin, talışların, avarların, hətta Qarabağ ermənilərinin Azərbaycan ulusunda kimlik birliyi qazanmasında qan yox, genetika yox, bilgilər (tarixi olaylar haqqında gözəl filmlər, romanlar), musiqilər və s., informativ, yəni virtual materiallar funksiyasını daşımalıdır.

- Tez-tez işlətdiyiniz "intellektual fırıldaqçı" ifadəniz var. Sizinçün ən böyük "intellektual fırıldaqçı" kimdi?

- Deyəsən, "intellektual fırıldaqçı" deyimini mənim hansısa yazımdan götürmüsünüz. O termini mən haradansa sitat kimi almamışdım, icad etmişdim. Bilirsiniz, kobudluğu, söyüşü, qarğışı mənəvi ilişgiləri açan pozitivə çevirmək çox önəmlidir. Ona görə də mən "hətərən-pətərən estetika", "intellektual fırıldaq" terminlərini ortaya atmışdım. Pop-art, bəyəm unitazı, Pikasso saralmış qəzet parçasını əsərin fraqmentinə çevirməmişdi?! Bizim qadınlar körpəni əzizləyəndə demirlər "səni öləsən"?! Bir sözlə, qabalığı sənətdə də, elmdə də düşüncəni ifadəli etmək vasitəçsinə çevirmək olar.

Bu anlamda mənim "intellektual fırıldaq" deyimim pozitivdir. Böyük intellektual fırıldaqçı o qədər var ki!!! Ən böyüyünü mənə demək çətindir. Hərdən mən özümü də, axı, intellektual fırıldaqçı sayıram. Şpenqler onu tanınmış edən yalnız bir kitab yaza bilib: "Avropanın batsı". Bəzi ağıllılar həmin kitaba intellektual fırıldağın parlaq örnəyi kimi baxırlar. Axı, "spekulyasiya" sözü də yönlü söz deyil. Heqel yazırdı ki, adi düşüncə "spekulyasiya" deyəndə elə alış-veriş ilişgilərini gözə alır ki, bu zaman tavarın ilkin dəyərinə bazar ilişgilərindən gələn artımlar laylanır. Beləcə, birbaşalıq, ilkinlik görünməz olur. Spekulyativ fəlsəfə də nəsnələrin birbaşa, ilkin görünüşlərindən uzaqlaşdıraraq onları ağıl üçün qeyri-empirik kökə salır.

İntellektual spekulyasiyada ağıl nəsnələr dünyasından fırlana-fırlana (fırıldaq?!) aralanaraq uzaq düşür. Sonra birdən şığıyıb nəsnəyə elə dəyir ki, onun qabığı partlayıb ləpəni ağardır, ya saraldır. "İntellektual fırıldaq" da elədir. Nəsnəni fırlada-fırlada, gop edə-edə birdən elə mənalara çıxır ki, mat qalırsan.

- Niyazi Mehdi haradan başlayır?

- Sizin bu sualınız məni sarsıtdı. Konkret insan nədən başlayır, çox çətindir? Mənim "İbadət düşüncələri" kitabımda oxşar sual var: İnsanın suçları haradan başlayır? Hansı molekulalardan, hansı genlərdən, hansı duyğu-düşüncə atomlarından başlayır? Ancaq mən bizi silkələmək üçün o sorunu qoymuşdum. Niyazi Mehdi uşaqlıqdan başqa uşaqların təkrarı olub, məsələn, yaxşı yemək, oynamaq arzusunda olub. Niyazi Mehdi qum üstündə daşı maşın kimi sürməklə oynamağında yenə orijinal olmayıb – çünki 50-ci illərdə Ağdamda o qədər elə uşaq vardı ki. Mən hətta xanımıma deyəndə ki, qoy uşaqlar hazır maşın oyuncağı ilə yox, daş maşınla oynasınlar ki, fantaziyaları gəlişsin, mənə gülmüşdü. Ancaq Niyazi Mehdi bu daş maşınlardan da başlamayıb. Ömrün hansı anından, hansı faktından başlayıb? Gərək çox özümdə, ömrümdə gəzim.

- Uşaqlığınızla bağlı tez-tez xatırladığınız nə olur?

- Axmaq-axmaq şeylər…xülyalar dünyasını sevməyim, kompleksim, "knyaz" və "pota" ayamam. Xalamın qayınatası Rəşid əminin məni əzizləyəndə "eşşək qara, sən qara, eşşəkdən də sən qara"… deməsi. Yeni qabalıqla oynayıb, onu pozitivə çevirmək cəhdi.

Azər
AzNews.az

Bağla X