04:01
(077) 610-22-33

Nuşirəvan Məhərrəmlidən ANS-in ittihamlarına CAVAB

  • >
1 219 14 Aprel 2014 12:20 | Cəmiyyət

"Qanun pozuntularına görə ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq etmişik və onlar da bununla əlaqədar məhkəməyə müraciət edib. Bu, normal hüquqi prosedurdur".

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.

Onun sözlərinə görə, MTRŞ hər hansı televiziya kanalına xəbərdarlıq edən zaman qanunun müəyyən maddələrinə əsaslanır: "MTRŞ-də bu işlə xüsusi məşğul olan Hüquq şöbəsi var. Hüquqşünaslarımız birbaşa "Televiziya və radio yayımı haqqında" qanunu, ümumiyyətlə, televiziya və radio yayımı ilə bağlı qanunvericiliyi tamamilə öyrənib təkliflərini verirlər. Biz də ona uyğun olaraq telekanalları cəzalandırırıq. Bu məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin haqsız olduğunu bir daha ortaya çıxaracaq".

Qeyd edək ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-nin qərarına əsasən ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib. ANS isə MTRŞ-ı məhkəməyə verib, qərarın ləğvi barədə iddia qaldırıb. İş icraata qəbul edilib və sabah 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində iş üzrə hazırlıq iclası keçiriləcək.

ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov APA-ya açıqlamasında bildirib ki, qərarı düzgün hesab etmirlər və bunun üçün də məhkəməyə müraciət ediblər.

AzNews.az
Bağla X