05:27
(077) 610-22-33

Sən niyə dəyişdin, Sevil Nuriyeva?

  • >
13 767 14 Aprel 2014 12:34 | Cəmiyyət

"Xəzər" televiziyasının keçmiş əməkdaşı, telejurnalist Ramal Hüseynov həmkarı, məşhur jurnalist Sevil Nuriyeva ilə bağlı qalmaqallı məqalə yazıb.
Jurnalistin AzNews.az-a ünvanlandığı məqaləsində Sevil Nuriyevanın Türkiyədəki fəaliyyət istiqamətləri, əvvəlki mövqeyinin tam əksini ehtiva edən yazları, Azərbaycanla bağlı məqamlarda ölkəsinə qarşı sayğısızlığı və daha bir çox məqamlara aydınlıq gətirilib. Həmin məqaləni qısa ixtisarla təqdim edirik:


Seçim - 2014 Türkiyə

İnsan seçim haqqıyla doğulmur. Valideynini, dilini, dinini, millətini, ölkəsini, irqini seçmək hüququndan məhrum olan insanoğlu, bu haqqı zamanla qazanır. Həqiqətləri görməsi üçün zamana, təhsilə və ətraf təsirlərə ehtiyac duyur. Bundan sonra həqiqətlərini tapıb, seçimini edə bilir. İstər dinini, siyasi yolunu müəyyənləşdirər, istər ölkəsini dəyişər, lap imtina da edə bilər... Amma elə şeylər var ki, imtina etmək olmur. Onlar ya var, ya da yoxdu. Bu - ana-ata və daşıdığın qandır. Sözdə bunlardan da imtina edib, danmaq olar bəlkə, lakin gerçəyin nədən ibarət olduğunu özü və başqa 5-3 nəfər ki, biləcək. Əlimizdə olsa, bəlkə keçmişimizdə dəyişmək istədiyimiz çoxşeylər olar, ancaq bu düşüncə bizi gələcək səhvlərdən sığortalamır. Yaşanmış və yaşanacaq səhvlər əlimizdə deyil bəlkə, amma dərs çıxarmağı ki bacararıq. Dərs çıxarmayan insanlarsa daima səhv etməyə məhkumdur. Bu, xarakter, ya da xaraktersizlik məsələsidir. Belə insanları heç dəyişməyə də çalışmayasan. Zorla dəyişmək də olmur. Necə deyərlər: "Qozbeli qəbir düzəldər."

Boz Qurddan R4BİA-ya keçid

Qısa boylu birinin əyninə boyundan böyük libas geyinməsi necə görünürsə, zorla "Boz Qurd" işarəsi göstərən adama da elə görünür. Buna türklər "Boyundan büyük işlere kalkışma" deyirlər. Necə ki, Bülent Arınç Türkiyədə 2014-cü il Bələdiyyə seçkiləri mitinqlərinin birində lağ etmək məqsədiylə "Boz Qurd" işarəsini göstərməyə çalışsa da, göstərə bilməmişdi və hər kəsin gülüş obyektinə çevrilmişdi. Hətta Dövlət Baxçalı da Arınçın Boz Qurd işarəsinə "Burnu kəsik BMC kimi" tutur (BMC burnu kəsik yük maşınıdır) demişdi. Bir sözlə, "Boz Qurd" Arınçın əlinə və özünə yaraşmamışdı.

İnsanın nəfsi bir yerdə durmadığı üçün məqsədlərı də tez-tez dəyişir və bu yolda dəyərlər də dəyişməyə məruz qalır. Məhz belə olanda "Boz Qurd" simvolu ilə şəkillər çəkdirənlər bu dəfə, bizimlə yaxından-uzaqdan əlaqəsi olmayan R4BİA simvolu ilə şəkillər çəkdirə bilir. Açıq yazacam, mənə elə gəlir ki, burda düşmənçilik də axtarmaq lazım deyil. Sadəcə dəyişkənliyi görən və bunu dilə gətirmək istəyən birinin düşüncələri kimi qəbul edin yazımı.

Bir neçə gün əvvəl Sevil Nuriyeva ilə Facebook səhifədə söhbətimiz oldu. Daha sonra şəkillərinə baxdım və R4BİA işarəsi ilə çəkdirdiyi şəkilləri gördüm. Gözümün önündə "Boz Qurd" işarəsi ilə şəkil çəkdirən Sevil Nuriyeva canlandı. Türkçülüklə bağlı çıxışlar edən, konfranslara qatılan, hətta Türkiyədə "Ergenekon" adı altında keçirilən əməliyyatda həbs edilən insanlarla birlikdə tədbirlərə belə qatılan Sevil Nuriyeva…

Amma Sevil xanımın Türkiyəyə köçdüyü gündən bu günə nə dilində, nə də əlində Türkçülük görmədim. Türkiyənin "Star" qəzetində yazdığı köşələrdən bu, görünmür. Axı Sevil xanım zamanında Türkçülüklə bağlı silsilə verilişlər, sənədli filmlər hazırlayırdı, "Türk Birliyi mütləq qurulacaq" deyirdi. İndi nə oldu, bəlkə AKP`li Yasin Aktay: "Türk diye bir ırk yok" deməsindən sonra fikri dəyişdi? Türkçü Sevil xanımın buna da cavab yazısını görmədim. Açıq aşkar R. T. Ərdoğan sevgisindən başqa heç nə görmədim...

Heç Türkiyədə Ərdoğan tərəfdarları və Ərdoğanın komandasından olduğu aşkar bilinən böyük jurnalistlərin belə açıq şəkildə Ərdoğan sevgisini ifadə edən yazılarını görməmişəm. Amma bir azərbaycanlı jurnalistin belə açıq aşkar Ərdoğan sevgisini izhar etməsi məni xeyli düşündürdü. Səhv anlaşılmasın yazım: bu sevgiyə görə qınamıram sizi, sadəcə Azərbaycanda çalışdığınız dönəmlərdə heç mi Ərdoğan qədər sevdiyiniz bir lider olmadı? Çünki burda hər-hansı birinə bu qədər açıq şəkildə sevginizi bildirməmisiz. Amma indi Ərdoğan sevgisi sizə R4BİA işarəsi də tutdurdu.

Mən türkçülük dərsi keçmək istəmirəm, amma bizə aidiyyəti olmayan, "Uzun Adam" göstərdi deyə yeri gəldi-gəlmədi hər yerdə bu işarə ilə şəkil çəkdirən, Facebook da profil şəkli edən həvəskarlara, R4BİA işarəsi nədir və haradan gəlir onu yazacam.

R4BİA


Hz.Rabia-tül Adeviyye Basra şəhərində kasıb ailədə doğulmuş, Sufi övliyya xanım olub. Ailənin 4-cü övladı olduğu üçün ərəb dilində 4 mənası verən Rabia adı verilib. Səmimi Allah sevgisi və çilələrlə dolu həyatını yazmaq fikrim yoxdur, amma nə üçün qəhrəman olub, gəlin buna baxaq.

Həyat tərzi və cəsarətliliyi ilə xalq arasında tanınan Rabia, bir əlində məşəl, bir əlində su qabı Basra küçələrində gəzirmiş. Görənlər: "Biz onsuz da səni dəli bilirdik, amma bu su və alov nə deməkdir?" deyə soruşurlar. Rabianın günümüzə qədər gəlib çatan cavabı məhz onu xalq arasında daha da populyar edir: "Bizə deyilib ki, əgər dinimizin qaydalarına əməl etsək, cənnətə gedib sonsuza qədər rahat yaşayacağıq. Yox, əgər dinin qanunlarına qarşı çıxsaq, cəhənnəm atəşində yanacağıq. Bu səbəblə hər kəs qaydalara riayət edib, yer üzündəki zamanını doldurmağa çalışır. Artıq yaxşı insan olmağın səbəbi cənnətə düşmək arzusudur. Pisliklərdən qorunmağın səbəbi də cəhənnəmə düşməmək. Yəni dərk etmədən, qeyri-səmimi yaşayırıq. Mən də əlimdə od və su ilə bu cənnət və cəhənnəmi axtarıram. Tapsam, əlimdəki məşəl ilə cənnəti yandırıb yox edəcəm, bu su ilə də cəhənnəmin atəşini sondürəcəm. Beləcə cənnət rüşvətindən və cəhənnəm qorxusundan deyil, səmimiyyətin, xeyirxahlığın gözəlliyinə görə yaxşı insan olacağıq"

O dövrdə belə çıxışlar bir qadın üçün təhlükəli idi, amma patriarxal və dindar cəmiyyətdə Rabia qorxmadan sözünü deyə bilən qadın kimi tanındı. Valideynlərinin ölümündən sonra bacıları qul bazarında cariyə kimi satılır, özü də bir müddət qul kimi işləməli olur. Bir neçə dəfə qaçmaq səyləri və Allaha olan bağlılığına görə azad edilir. Qatı dindar cəmiyyətdə çəkdiyi əziyyətlərdən sonra qorxmadan, çəkinmədən qadınlarla pis rəftara və onlara edilən zülmə qarşı mübarizə aparıb. Sufi övliya olan və kəfənini daima yanında gəzdirən Rabia ömrünün sonuna qədər Allaha ibadət edir.

Rabia ilə bağlı bir çox möcüzəli hekayələr danışılır. Misirdə o meydana da bu qadının adı verilib. Həmin meydanda olan mitinqlərdə də iştirakçılar Rabia, yəni 4 mənasına gələn işarəni göstərib mitinq edirlər. Rabiada olan cəsarəti göstərib, ədalət istəyirlər.

Etirazçı ruhun və ədalətin simvolu - R4BİA.


Bəs İndiki halda Türkiyədə bu işarə göstərən insanlar kimlərdir və nə demək istəyirlər?
Dəb halına gəldi, yoxsa ədalət axtarırlar? Özü də bu işarəni Türkiyədə Rəcəb Tayyib Ərdoğan Misir hadisələrində etirazcılara dəstək olmaq məqsədi ilə göstərmişdi. Ərdoğandan sonra Türkiyədə bu simvol daha da məşhur oldu. Ədalət və İnkişaf Partiyasının "lampoçka" sonra ikinci əsas işarəsi halına gəldi.

İndi biri bu işarəni nə məqsədlə göstərsin? R4BİA sevgisi? İnanmıram...
Bəlkə Misirə dəstək? Bu ehtimala da inandırıcı deyil. Bəlkə Ədalət axtarışı? Əgər ədalət axtarışıdırsa, o ədaləti 17 dekabr məlum "Rüşvət və Korrupsiya" hadisəsindən bu yana bütün Türkiyə əlində "lampoçka" ilə axtarır. Amma hələ də tapmayıb. Zamanla hər şey bilinəcək deyilir, üstündən 4 aydan çox zaman keçdi, amma dedikləri o zaman gəlib çıxmadı. Bu böyük zaman nə zaman gələcək? Mitinqlərdə "Paralel Dövlət" deyə qışqırıldı, "köklərini kəsəcəyik" deyildi, amma R.T Ərodoğan və oğlu Bilal Ərdoğana aid olduğu iddia edilən bu səs yazıları nədir və həqiqət nədən ibarətdir, deyilmədi. Montaj deyib hər şeyin üstündən keçmək bu qədər asan olmamalıydı.

Türkiyə Xalk Bankının direktoru Süleyman Arslanın evindən çixan 4 milyon avronu necə izah etdilər? Guya, İmamhatip məktəbləri üçün toplanmış bağışdır dedilər, amma bağış pulu olsa belə xeyriyyə fondunun bank hesabinda olmalı deyildimi sizcə, evindən niyə çıxır bu qədər pul?

Türkiyə Böyük Millət Məclisi "Paralel Dövlət"in üstünə getdiyi qədər niyə rüşvət və korrupsiya hadisələrinin üstünə getmədi? Bir biri ilə ziddiyyət təşkil edən açıqlamaların üstünə gedib həqiqətin, ədalətin ortaya çıxması naminə R4BİA işarəsini göstərmədi. Axı bu işarənin bir mənası da xalqın başı dik qalacaq, haqsızlıq edən, korrupsiyaya bulaşan və zülm edən başını əyib gedəçəkdir deməkdir. (4 dik barmaq xalq, əyilmiş baş barmaq da xalqın getməsini istədiyi lider) Adı rüşvət və korrupsiya hadisə ilə bir partiyada olmaq istəməyənlər AKP dən istefa etdilər, Korrupsiyada adı hallanan övladlarına görə nazirlər istefa verdi, amma sayın Ərdoğan Nuh dedi, peyğəmbər demədi. Montaj ki montaj deyib durdu.

Kraldan çox kralçı olmaq

Türkiyədə "Star" qəzetində yayımlanan yazınızda "Başbakan Erdoğana yöneltilen soru herkesi şaşırtdı" demisiniz. Amma birçox insanı daha çox şaşırtan sizin Ərdoğana "Biz de seni çok sevdik Uzun Adam" yazmağınız olub. Biz deyəndə kimləri nəzərdə tutdunuz? Azərbaycanlıları? Heç şübhəsiz azərbaycanlıların Türkiyə sevgisi hər kəsə bəllidir. azərbaycanlıların Türkiyədə sevdiyi görkəmli şəxsiyyətlər də var, amma məsələ Ərdoğana gəlincə, burda bir az durun. Bizim insanların sevdiyi "Uzun Adamı" var, həm də daha uzun və daha yaraşıqlı. Jurnalistin işi sual verməkdi və ona bu sualı verməyə peşəsi məcbur edir. Bəs sizi bizim adımızdan: "Biz de seni çok sevdik Uzun Adam" deməyə nə məcbur edib? Mart ayında 4 yazınız yayımlanıb, bir yazınız da 31 Martda. Bu tarix sizə nəyisə xatırladırmı? Mənə Azərbaycan Türklərinin Soyqırım tarixini xatırladır. Amma siz nədənsə 4 yazınızdan birində də olsa, bu tarixi xatırlatmamısız. İki yazınızı Ərdoğana həsr edəcəyinizə, birini soyqırıma həsr etsəydiniz, Azərbaycan üçün çox böyük bir iş görmüş olardınız. Axı bizim belə günlərdə təbliğata böyük ehtiyacımız olur. Yazı yazdığınız "Star" qəzeti və eyni quruma daxil olan "kanal 24"ün azərbaycanlı məmura aid olduğu və maaliyyəsinin Azərbaycandan olduğu mediadan bilinir. Deməli, orda da olsanız istər siz, istərsə də bu qurumda çalışanlar hələ də Azərbaycanın çörəyini yeyirsiniz. Belə olan təqdirdə bu qurumlar heç olmasa Azərbaycan üçün önəmli günlərdə nə üçün bizə davamız uğrunda xidmət göstərmir? Bizim çətin günlərimizdə bizə işlməyəcək bəs, nə zaman işləyəcək? Bəlkə bu, Ərdoğan hökumətinin Erməni siyasəti ilə əlaqəli olan senzurasıdır? Bunun doğrusunu da siz bilirsiz.

Jurnalistin Bakıda Ərdoğana verdiyi suala Türkiyə mətbuatı niyə şaşırır ki? Məgər Türkiyə mətbuatı bu əlaqəni bilmirdi ki? Azərbaycanda yanlış Ərdoğan imici formalaşdıran QHT-ləri və şəxsləri ittiham edirsiniz. Məgər Ərdoğan hökumətini Gülən camaatıyla görüşdürən, işbirliyinə sövq edən Azərbaycandakı qurum və şəxslərdir? Azərbaycanda Ərdoğan və AKP üzvlərinin nurçularla sıx əlaqəsinin olduğunu siz bilmirdinizmi? Bu yeni və olmayan bir şeydimi? Şaşırılacak durum sualın harasındadır? Məgər Ərdoğan və ya Abdullah Gülün hər Azərbaycan səfərində universitet, məktəblər, şirkətlər ziyarət edilmirdimi? Açılışda lentlər kəsilmirdimi? Olimpiyadalarda Ərdoğan "Hocam vətəninizə dönün, sizi özlədik. Bitirin bu hasreti" demirdimi? Kimi ittiham edirsiniz? Bu əlaqəni heç Arınc və digər AKP-çilər inkar etmir. İnkarın da bir həddi var. İnkarı mümkün olmayan şeylər var ki, bu gün siz inkar etməklə "Kraldan çox kralçı olursuz".

...Sevil xanım, sevin, amma abartmayın. Demək istədiyim budur.
Ərdoğan = Türkiyə, Türkiyə = Ərdoğan demək deyil. Əvvəl də, sonra da liderlər olub və olacaq da. Liderlər dəyişəcək amma xalqların sevgisi və dostluğu əbədi qalacaq. Bu xalqları birləşdirən Ərdoğan deyil, hər iki tərəfin bir-biri uğrunda tökdüyü qan və verdiyi şəhidlərdir. Bir də Atatürkün Azərbaycanla bağlı vəsiyyəti. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!

Bütün bunlara rəğmən,yenə də: "Başbakan Erdoğan hiç kuşkusuz olağanüstü bir lider" deyirsinizsə, o zaman sizə bir hekayə yazıb bununla da yazımı bitirəcəm.

Qarğa ilə Leyləyin dostluğu

"Günlərin biri günü alimlərdən biri, öz dəstəsi ilə uçmaqdan imtina edən iki fərqli quşa rast gəlir. Biri Qarğa, biri Leylək… O qədər fərqli quşlardı ki, bunların bir birini sevmək ehtimalı belə yoxdu. Normalda Qarğa Qarğalarla, Leylək Leyləklərlə uçmalıdı. Kənarda bir birinə sığınan bu quşlar alimin diqqətini çəkir. Necə olur ki, bir birindən fərqli iki ayrı quş növü öz sinfindən olan quşlarla uçub aid olduğu yerdə yaşamır? Necə olur ki, bu iki fərqli quş bir birinə qardaş olur? Alim, bu suallara cavab tapmaq məqsədiylə quşları yaxından izləyir. Nəhayət, quşların yerişindən onların topal olduğunu anlayır…O zaman burdan belə bir nəticə çıxarır: "Bir birinə zidd, bir birinə uzaq olan iki varlığı, sahib olduqları yox, sahib olmadıqları dəyərlər birləşdirib yaxınlaşdırır.
Birlikdə uçan, birlikdə qaçan, yəni özünkülərdən ayrı salan, üstünlükləri deyil, əksiklikləridir.

Topal quşlar bir birinin qüsurunu bilir və qəbul edir. Əslində məqsədli dostluqlar da əlində var olanlarla deyil, olmayanlar üzərində qurulan dostluqdur. Ortaq aci, ortaq hüzn, ortaq qüsur və çatışmazlıqlardır onları əsas yaxın edən, seçimini etdirən...

Qissədən hissə ya da P.S

2014-cü il həqiqətən də seçim ili oldu. Hər kəs seçimini etdi. Birlikdə uçacağı, birlikdə qaçacağı ya da birgə axsayacağı tərəfini seçdi. AKP də, Fətullah Gülən də öz dostunu-düşmənindən seçdi. Hətta Leylək də öz Qarğasını... Bəs R4BİA nə olsun? Əlindəki suyu versə, bu xəmirə o su çatmayacaq və onsuz da bir-birini bir qaşıq suda boğmaq istəyənlərin qaşığına su tökmüş olacaq. Atəşi versə hələ çox canlar yanacaq.

R4BİA ortada qaldı...
Bağla X