Riçard Morninqstar Gəncədə

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində səfir Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovla görüşüb.

Mikayıl Zeynalov səfir Riçard Morninqstarın iki illik fəaliyyəti dövründə Gəncə şəhərinə sayca 5-ci işgüzar səfərindən məmnunluğunu dilə gətirib. ABŞ-ın Azərbaycandakı səfirliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin müxtəlif sahələri əhatə edən əməkdaşlığını yüksək qiymətləndirib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncə şəhərinə olan səfərinin məqsədini açıqlayıb. Diplomat bildirib ki, onun səfər proqramına Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan şəhərciyə baş çəkmək, orada yaradılan şəraitlə tanış olmaq, "Təmas" Regional İnkişaf İctimai Birliyinin nəzdində ötən ilin may ayından fəaliyyətə başlayan "İnsan alveri və potensial insan alveri qurbanlarına Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzi"nin fəaliyyəti ilə maraqlanmaq daxildir.

Bundan başqa səfirin Amerikada təhsil alan gənclərlə görüşü də gözlənilir. Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfirliyinin xətti ilə Gəncədə "Meri Mak Brayd" qrupunun konserti üçün yaradılan şəraitə görə də minnətdarlıq bildirib.

Diplomat Gəncə şəhər Mərkəzləşmiş Kitabxana Sistemində "Amerika Mərkəzi"nin fəaliyyətinin davam etdirilməsinə şəhər rəhbərliyi tərəfindən göstərilən dəstəyi də əməkdaşlığın davamı kimi dəyərləndirib.

AzNews.az