Akif Muradverdiyev təcili əməliyyat olunmalıdır

Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevə çıxarılmış hökmdən Ali Məhkəməyə şikayət verilib.

Vəkil Rəşad Mirmehdizadə "Media forum" saytına açıqlamasında deyib ki, kassasiya şikayətində cinayət işinə xitam verilməsi və Muradverdiyevin azadlığa buraxılmasını istəyiblər.


Muradverdiyevin səhhətindən danışan vəkil qeyd edib ki, mülki həkimlər Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində sabiq işlər müdirini müayinədən keçiriblər: "Müalicə müəssisəsinin həkimlərinin yardım etməsinə baxmayaraq səhhətində heç bir irəliləyiş yoxdur. Yenə də şiddətli ağrılardan əziyyət çəkir. Akif Muradverdiyevin tanıdığı və əvvəllər onu müalicə etmiş həkimin gətirilməsi üçün müraciət etmişdik. Sağ olsunlar, icazə verdilər. Neyrocərrah müalicə müəssisəsində Akif Muradverdiyevi bir neçə dəfə müayinə edib. Həkim də bildirdi ki, səhhəti ağırdır, boyun fəqərəsində olan yırtıq böyüyüb və təcili əməliyyat olunmalıdır. Amma müalicə müəssisəsində bunun üçün şərait yoxdur".

Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi bu il fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

AzNews.az