Nigar Köçərli Vergilər Nazirliyini qınadı: “Aidiyyatı olmayan suallar verilib”


"Ali və Nino" mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsində ifadə verən əməkdaşına təzyiq edildiyini deyib. AzNews.az-a açıqlama verən Nigar Köçərli bildirib ki, Vergilər Nazirliyinin İstintaq İdarəsində mağazanın əməkdaşı Nadya Səmədovadan ifadə alınıb. Proses 5 saata qədər çəkib.
Onun sözlərinə görə, istintaq zamanı N. Səmədovaya aidiyyatı olmayan suallar verilib: "Ötən həftə mən Bakıda deyildim. Bizim bir əməkdaşımızı istintaqa çağırıblar. Onu orada 5 saat sorğu-sual ediblər. Suallar da qəliz olub. Yəni, yalnız "Qanun"la bağlı soruşmayıblar. "Ali və Nino" barəsində suallar veriblər. Sonra soruşublar ki, sən 2012-ci ildə hansı bankdan kredit almısan, hansı sənədləri təqdim etmisən? Ona təsir etmək üçün bu üsula əl atıblar".

N. Köçərli deyib ki, N. Səmədova ifadəsi alınandan sonra özünü pis hiss edib: "Əgər o, şahid qismində dəvət edilibsə, ona belə suallar verilməməlidir. Bu o deməkdir ki, yeni bir hədəf var, o da - "Əli və Nino"dur".

Qeyd edək ki, "Qanun" Nəşrlər Evinə kəsilən 150 min manat məbləğində cəriməyə görə "Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bahar Rüstəmli
AzNews.az