Qarabağ döyüşçüsünün oğlu Hərbi Məktəbdən niyə qovulub?

"Oğlum Ali Hərbi Məktəbin sonuncu kursundan xaric ediləndən sonra mülki ixtisası üzrə təhsil ala biləcəyi universitetə təyin edilmir".

Bu sözləri "Axar.az"ın redaksiyasına şikayətə gələn keçmiş Qarabağ döyüşçüsü İlyas İsmayılov dedi. O, bildirdi ki, oğlu Taleh oxuduğu Heydər Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbinin 4-cü kursundan xəstə olması iddiası ilə xaric edilib. Keçmiş döyüşçü deyir ki, oğlunda il ərzində heç bir xəstəlik aşkar edilmədiyi halda sonuncu kursda onda guya birdən-birə xəstəlik aşkar edilib: "2006-2009-cu illər arasında Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2009-2012-ci illərdə də Heydər Əliyev adına Ali Hərbi Təyyarəçilik məktəbində oxuyub. Həmin 6 il ərzində 20-dən çox tibbi müayinədən keçib. Onların heç birində heç bir xəstəliyi aşkar edilməyib. Sonuncu kursda isə anidən deyirlər ki, uşağınız xəstədir". Keçmiş döyüşçü müvafiq qanunvericiliyə uyğun olaraq övladının mülki ixtisas üzrə təhsilinin davam etdirilməsini tələb edir və bu məsələ ilə bağlı 3 dəfə təhsil naziri Mikayıl Cabbarovla da görüşüb: "Üç dəfə Mikayıl Cabbarovla görüşmüşəm. Ağcabədi, Şirvan və Goranboy şəhərlərində Mikayıl Cabbarovun görüşləri zamanı dərdimi danışdım, söz verdi ki, köməklik göstəriləcək. Ancaq heç bir kömək göstərilmədi. Necə olur ki, 4-cü kursdan xəstəlik səbəbilə xaric edilənlərin hamısı mülki ixtisasları üzrə Ali məktəblərə təyinat alır, ancaq mənim oğluma təyinat vermirlər?" Xatırladaq ki, İlyas İsmayılov Qarabağ döyüşlərinin aktiv iştirakçılarındandır və bir neçə əməliyyatda iştirak zamanı 2 dəfə ağır yaralanıb. Daşaltı əməliyyatından sağ çıxan bir neçə şəxsdən biridir.

AzNews.az