20:57
(077) 610-22-33

Deputat jurnalisti fakt qarşısında qoydu: “Vicdanı varsa, dediyini etsin”-FOTO

  • >
6 963 22 Aprel 2014 14:41 | Cəmiyyət

Məlum olduğu kimi Azərbaycan mediasında bir neçə gündür nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şosesində sürət yarışına çıxmağı ilə bağlı yayılan xəbərlər müzakirə olunur. Elton Məmmədovun bu xəbərləri "böhtan" adlandırması müzakirələri bir qədər də qızışdırıb.

Həmin məlumat və videonu yayan "virtualaz.org" xəbər saytının rəhbəri Eynulla Fətullayev mediaya açıqlamasında deputata ismarış göndərib və ondan sübut istəyib: "DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, "10 LZ 100" dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik "10 LR 100" dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E. Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz".

Bundan sonra AzNews.az-ın əməkdaşı Elton Məmmədovla əlaqə saxlayıb. O, açıqlamasında oğlu barədə yazılanları bir daha yalan, böhtan və şantaj adlandırıb. Millət vəkili bildirib ki, oğlu nəinki sürət yarışına çıxıb, hətta yayılan xəbərdə göstərilən "10 LZ 100" dövlət nömrə nişanlı markalı avtomobilə də sahib deyil.

E. Məmmədov vurğulayıb ki, artıq "10 LZ 100" dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin kimə məxsus olduğunu bilir:
"Bu maşını idarə edən gəncin atası mənimlə əlaqə saxlayıb. O dedi ki, razı olmaram, bizim uşağımıza görə sizin övladınızın adı mətbuatda "avtoş" kimi hallansın və sözü gedən maşının texniki pasportunu KİV-lərdə dərc etmək üçün mənə göndərdi. Mən də sizin vasitənizlə həmin avtomobilin dövlət sənədinin kimə məxsus olduğunu təsdiq edən texniki pasportu nümayiş etdirirəm. Buyurun baxın. Qoy bu yalan xəbərləri yayan o, Eynulla da bu sənədlə tanış olsun. Və əgər vicdanlı jurnalistdirsə, dediyi sözünə əməl edərək, jurnalistikaya xələl gətirdiyi üçün bu sahədən getsin".

E. Məmmədov qeyd edib ki, hər gün Bakıda minlərlə yol hərəkətini pozan sürücülərə rast gəlmək mümkündür və oğlunun da bu qaydaları pozmasını istisna deyil: "Statistikaya fikir versək, görərik ki, gündə 2-3 min inzibati qayda pozuntusu baş verir. Mənim oğlumun da yol-hərəkəti qaydalarını pozması mümkündür. Mən bunu inkar edə bilmərəm. Amma belə bir hal baş verərsə, hər bir Azərbaycan vətəndaşı kimi törətdiyi qayda pozuntusuna görə ölkə qanunvericiliyinə uyğun olaraq cəzalanar. Bundan başqa, heç bir valideyn istəməz ki, övladı yüksək sürətlə maşın idarə etsin. Bu ən azı övladının həyatı üçün təhlükə yaradır. Ona görə, belə məsələlərlə valideyni şantaj etmək, insafsızlıq və əxlaqsızlıqdır".

E. Məmmədov jurnalist E. Fətullayevi məsələ ilə bağlı məhkəməyə verib-verməməsi ilə bağlı suala isə belə cavab verib: "Onun kimliyi hamıya bəllidir. Mən kişi adamlarla mübarizə apararam. Belə adamlara vaxt sərf etməyə dəyməz. Mən faktı təqdim etdim. Qoy, cəmiyyət onla məşğul olsun. Görək heç olmasa verdiyi sözə əməl edə bilirmi?".




Millət vəkilinin bu açıqlamasından sonra avtomobilin etibarnamə əsasında Aynar Məmmədovun idarə etməsi ehtimalı yarana biləcəyindən bu məsələni də araşdırdıq. Məlum oldu ki, "10 LZ 100" dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobil etibarnamə ilə Əliyev Elxan İbrahim oğluna verilib. O da məlum oldu ki, həmin avtomobil xeyli sayda qayda pozuntusu törətdiyi üçün yol polisləri tərəfindən cərimə meydançasına qoyulub və Əliyev Elxan İbrahim oğlu sürücülük hüququndan məhrum edilib.

***

Jurnalist Eynulla Fətullayev deputat Elton Məmmədovun sonuncu açıqlamasına da cavab verib. "Qafqazinfo"ya açıqlama verən E. Fətullayev deyib ki, deputatın oğlunun avtoşluq etdiyi avtomobillərin onlara məxsus olmamasında israr etməsi bu adamları daha da bataqlığa sürükləyir: "Bu şəxs Elton Məmmədovun yaxın çevrəsində olan adamdı. Onun daima kortejindədir. Elton Məmmədovun oğlu Aynar da həmin avtomobili etibarnamə ilə sürür. Sual yaranır - 2 saat içində Elton Məmmədov bu şəxsi hardan tapdı? Və tanımadığı adam ona öz texpasportunu nə tez verdi? Digər tərəfdən - görəsən Elton Məmmədovun adını həyatda bir mülk, ev maşın varmı? Varsa, təqdim etsin. Guya onun yaşadığı villalar öz adınadır? Dükanları, mülkiyyəti öz adınadır? Kimi ələ salır? Amma ona qəti sözüm budur ki, oğlu daha bu maşına minməsim, yoxsa şəklini çəkib nümayiş etdirəcəm. Xalqıma bir xidmətim oldu, xalqın əlindən alınmış bir əmlakı elə oliqarxların əlindən alıb xalqa qaytardıq"




Amid Əyyuboğlu,
İntiqam Valehoğlu
AzNews.az
Bağla X