15:19
(077) 610-22-33

Əli Həsənov: “Dünya birliyi işğalçı Ermənistana təsir etmir“

  • >
1 201 22 Aprel 2014 15:46 | Cəmiyyət

Dünya birliyi işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etmir. Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri , Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 22-də Koreyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni qəbul edərkən deyib.

Ölkəmizin müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Ə.Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etmədiyindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə bir milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib. Əsasən qaçqın və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunmuş görüşdə Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu önə çəkən Ə.Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Komitə sədri qeyd edib ki, düzdür, son illər ölkəmizin iqtisadi inkişafı Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürməsinə imkan yaradıb: "Son 20 ildə bu sahəyə 5,4 milyard ABŞ dolları həcmində vəsait xərclənmişdir. Bu günədək Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastrukturu ilə birlikdə 82 müasir qəsəbə salınıb, 180 min nəfərdən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin münaqişə hələ də özünün ədalətli həllini tapmadığından məcburi köçkünlərimizin çoxu bu gün də ağır şəraitdə yaşamaqdadırlar".

Səfir Çoi Suk İn bütün bunlara rəğmən bildirib ki, onun rəhbərlik etdiyi səfirlikdə məcburi köçkünlərin problemlərinin həllinə az da olsa kömək göstərmək məqsədilə məcburi köçkün məktəblərində müxtəlif müsabiqələr keçirmək, onları mükafatlandırmaq kimi layihələr həyata keçirmək qərarına gəldiklərini, bütün bunlarla bağlı Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə də razılaşmalar əldə etdiklərini bildirib.

AzNews.az
Bağla X