13:20
(077) 610-22-33

Rusiya vətəndaşlığına sadələşdirilmiş qəbul qaydalarına - Rəsmi münasibət

  • >
1 605 22 Aprel 2014 17:53 | Cəmiyyət

"Hər bir ölkənin öz miqrasiya siyasəti var. Vətəndaşlığa qəbul hər bir ölkənin daxili qanunvericiliyi ilə tənzimlənir və bu, hər bir ölkənin suveren hüququdur".

AzNews.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Rusiyada keçmiş SSRİ respublikalarının sakinlərinin vətəndaşlığa qəbul qaydalarının sadələşdirilməsi ilə bağlı qəbul olunan qanunu şərh edən nazir müavini bildirib ki, məlum qanun layihəsi digər dövlətlərin mənafelərinə toxunursa, əlbəttə ki, həmin dövlətlər də bu mənafelərinin qorunması istiqamətində qanunvericilik sahəsində özünün tədbirlərini həyata keçirə bilərlər: "Bu, hansı formada dövlətin mənafeyinə toxunur, bunu əvvəlcədən şərh etmək mümkün deyil. Ona görə də bu məsələlərə konkret olaraq yanaşmaq lazımdır. Keçmiş SSRİ-yə daxil olan respublikalar və ya regiondakı digər ölkələrin vətəndaşlarının sadələşdirilmiş qaydada vətəndaşlığa qəbul olunması və ya olunmaması bizim məsələ deyil, hər bir dövlətin öz daxili işidir. Lakin bu, Azərbaycan vətəndaşlarına şamil olunarsa, hesab edirəm ki, bu məsələlər hər bir ölkənin qanunvericiliyinə uyğun şəkildə, qarşılıqlı hörmət əsasında həyata keçirilməlidir. Bu məsələlər dövlətlərarası sahədə də tənzimlənə bilər. Məsələn, bir çox dövlətlər arasında ikili vətəndaşlığın aradan qaldırılması sahəsində sazişlər mövcuddur. Bu sazişlər müəyyən edir ki, ikili vətəndaşlıqlar necə yaranır və yaranırsa, bunun aradan qaldırılması üçün hansı hüquqi mexanizmlərdən istifadə etmək lazımdır. Biz hələlik bu problemlərlə rastlaşmamışıq. Gələcəkdə bu problemlə qarşılaşarıqsa, o zaman bu, dövlətimizin apardığı miqrasiya siyasəti və qanunvericilik çərçivəsində öz həllini tapa biləcək".

AzNews.az
Bağla X