Ombudsmanın əməkdaşları həbsdəki “NİDA” üzvləri ilə görüşdülər

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan "NİDA" Vətəndaş Hərəkatının üzvləri ilə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AzNews.az - a verilən məlumata görə, görüşdə MPQ-nin həkim üzvü də iştirak edib. Həmin şəxslərlə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, səhhətlərində hər-hansı bir pozuntu aşkar olunmayıb. Eyni zamanda adı çəkilən şəxslər aprelin 17-dən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada BİT-in rəhbərliyinə müraciət etməyiblər.
Habelə müəyyən edilib ki, adı çəkilən şəxslər əvvəlki kamera yoldaşları ilə bir yerdə saxlanılır, müəssisə həkimi tərəfindən bir neçə dəfə müayinə olunublar.
MPQ-nin həkim üzvü həmin şəxslərin bəzilərini maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda müəssisə həkiminə onların vəziyyətini nəzarətdə saxlaması tapşırılıb.

AzNews.az