00:38
(077) 610-22-33

Vakant yerləri gizlədən direktorlar cəzalanacaq

  • >
1 557 23 Aprel 2014 18:07 | Cəmiyyət

Bu il müəllimlərin işə qəbulu ilə bağlı elan olacaq vakansiyaların sayı əvvəlki illərdən az olacaq.

AzNews.az - ın xəbərinə görə bu barədə APA TV-də efirə gedən "Sosium" verilişində Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev məlumat verib.

Nazirlik rəsmisi aprelin 21-də təhsil naziri Mikayıl Cabbarovun imzaladığı "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmrdən irəli gələn dəyişiklərin detallarını da açıqlayıb.

Təhsil Nazirliyinin bütün rayon təhsil şöbələrində vakansiyalar üzrə sənədləri toplamağa başladığını deyən nazirlik rəsmisi bildirib ki, dərs yükü 24 saatdan 36 saata qaldırılıb: "Ona görə də düşünürük ki, boş saatların bir qismi mövcud müəllimlər arasında bölüşdürüləcək ki, bu həm də onların maaşının artırılması deməkdir. Bu dəfə imtahanlarında və yoxlamada dəyişiklik nəzərdə tutulur. Bundan əlavə plan var ki, hal hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlardan da imtahan götürülsün. Bu imtahanlarda yerdəyişmələr olacaq. Ola bilsin ki, hansısa müəllim başqa rayonda işləmək istəsin, onlar üçün yeni imkanlar yaradılacaq".

İlham Nağıyevin sözlərinə görə, Təhsil Nazirliyi həvəsləndirmə tədbirlərinin artırılması ilə bağlı hökumətə müraciət edib: "Əvvəlki həvəsləndirmə qaydaları qalır. Amma çalışırıq ki, əlavə həvəsləndirmə üstünlükləri olsun. Məsələn, bu gün bölgədə müəllimlik etməyə gedənlərə 3 il ərzində güzəştlər edilir. Hər ay onlara 40 manat verilir. Əgər məktəb rayon mərkəzindən uzaqdırsa, 70 manat da əlavə vəsait ödənilir. Bu məbləğ artırıla bilər".

Bölgədə müəllim işləməyə getdiyi üçün güzəştlər əldə edən, amma bu güzəştlərdən yararlana bilməyən müəllimlərin problemlərinə gəldikdə isə nazirlik rəsmisi deyib ki, bunun nazirlikdən asılı olmayan səbəbləri var: "Məsələn, həvəsləndirmə olaraq onlara torpaq sahəsi verilməlidir. Amma Nazirlər Kabinetinin verdiyi qərarın icrası bəzən mümkün olmur. Bələdiyyələr "Bələdiyyələr haqqından qanun"u əsas gətirərək torpaq ayırmaqdan imtina edirlər. Bələdiyyələr haqqında qanuna dəyişikllik olunmalıdır".

Bu ildə vakant yerlərə bir neçə dəfə artıq namizədin sənəd verməsi gözlənilir. İlham Nağıyev deyib ki, keçən ildən fərqli olaraq bu il nazirlik boş qalan yerlərə əlavə imtahan keçirməyi nəzərdə tutur: "Ötən il 3286 vakant yerə 19 minə yaxın sənəd verilmişdi. Lakin onların 15030 nəfəri imtahan iştirak etdi. Nəticələr ürək açan olmadı. Xeyli vakant yerlər qalsa da, nazirlik o yerlər üçün əlavə imtahanlar keçirmədi. Çalışırıq, bu il daha yüksək nəticə olsun. Ancaq bu o demək deyil ki, imtahan sualları asanlaşdırıla və ya imtahan qaydaları yüngülləşdirilə bilər".

O ki qaldı bəzi məktəb direktorlarının vakant yerlərin sayını Təhsil Nazirliyindən gizlətməsinə, nazirlik rəsmisi bildirib ki, bu məsələ ciddi nəzarətdədir: "Hər hansı məktəb direktoru və ya təhsil müəssisəsi tərəfindən belə hallar olarsa, qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək".

AzNews.az
Bağla X