Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

Sentyabrın 2-də imtahandır

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sentyabrın 2-də qəbul imtahanı keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a verilən məlumatda bildirilir ki, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat "Abituriyent" jurnalının 4-cü nömrəsində dərc olunub. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı abituriyentlər ərizələrini internet vasitəsilə doldurublar. Bundan sonra abituriyentlər tələb olunan sənədləri təhsil aldıqları müəssisənin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdiriblər.

Bu proses bu il avqustun 1-dən 24-dək aparılmışdır. Qəbul imtahanında iştirak etmək üçün 35 min 677 abituriyent ərizə təqdim etmişdir.
Abituriyentlər TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə gətirməlidir:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkili olan arayışı (Əlavə 1, Bax: "Abituriyent" № 4).
Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək qəbul imtahanı saat 11:00-da başlanacaqdır.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı, Azərbaycan dili fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır.

İradə
AzNews.az