21:03
(077) 610-22-33

Elnurla Ceyhunun Rauf Mirqədirovdan nəyi artıqdır?

  • >
1 589 23 Aprel 2014 20:15 | Cəmiyyət

AzNevs.az Baki Xəbər qəzetində dərc olunan "Elnurla Ceyhunu Raufdan nə(sə) ayırır(mı)?" başlıqlı yazını təqdim edir:


Bir müddət əvvəl mətbuatda adı "nurçu"luqda hallanan millət vəkili Ceyhun Osmanlı barəsində kifayət qədər sensasion məlumatlar dərc edildi. Əslində bu bir oxucunu təəccübləndirə biləcək yaxşı KİV materiallarından daha çox həmin şəxs barəsində cinayət məsuliyyətini qaldırmaq üçün əsaslı dəlillər idi. Söhbət bir dövlətin vətəndaşının başqa ölkələrin xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlardan, həmin qurumlarla gizli əməkdaşlığından gedirdi.

Ceyhun Osmanlının kimlərlə yazışdığı, "rəngli inqilablar"ın təşkili üçün hansı layihələri canla-başla icra etdiyi və başqa bu sayaq əməllərindən çox yazıldığı səbəbindən təkrar onların üzərinə qayıtmaq istəmirik. Qanunvericiliyə görə, hansısa cinayət faktının törədilməsi ilə bağlı KİV-lərdə dərc edilən material hüquq-mühafizə orqanları üçün dərhal cinayət işi qaldırmağa əsas ola bilər. Hər halda, başqa dövlətlərin xüsusi xidmət qurumları ilə əməkdaşlıq etməyin dövlətə və Vətənə xəyanət olmasının hansı kateqoriya cinayətlər siyahısına aid edildiyini bizim peşəkar qurumlarımıza izah etməyə də lüzum yoxdur. Çünki onların professionallığına söz ola bilməz. Özü də nəzərə alsaq ki, bu əməkdaşlıqda adi vətəndaşın deyil, kifayət qədər tanınmış və mühüm məlumatları əldə edə biləcək səviyyədə olan şəxslərin adı hallanır, onda bunun hüquqi məsuliyyəti daha da böyümüş olur. Ən maraqlısı isə budur ki, böyük hüquqi məsuliyyət yaradan bu fəaliyyətlərdə Osmanlının adı Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovla yanaşı çəkilir. Aparılan çoxsaylı araşdırmalardan məlum oldu ki, Elnur Aslanovla Ceyhun Osmanlı "nurçu" komandada təmsil olunub və bir sıra qaranlıq işlərlə məşğul olduqları üzə çıxdı. Elnur Aslanovun mühüm postdan kənarlaşdırılmasını onun etdiyi əməllərə dövlətin ən yuxarı qatında olanların münasibətinin göstəricisi kimi də baxmaq olar. Bu kifayətdirmi? Təqdim olunan ən ciddi dəlillərdən də görünür ki, bu cavanların etdiklərinin bədəli vəzifə ilə vidalaşmaqla ödənilə bilməz.

Budəfəki iddialar isə təkzibolunmazdır. Virtual az.orq saytı Elnur Aslanovun bir sıra qurumlarla əməkdaşlıq etdiyini, onlara məlumat ötürdüyünü sübut edən yazışmaları təqdim edib. Saytın iddiasına görə, ehtimal ki, Elnur Aslanov verbovka olunmuş agentdir və onun dəqiq ifadə olunmuş təsiri altında onlarla həmfikiri var: "Baxmayaraq ki, hələlik onun yaratdığı özəyi, yaxud artıq formalaşmış və bəlli anlamda maskalanmış təşkilatı üzə çıxarmaq hələ mümkün olmur. Lakin mötəbər mənbələrdən verilən informasiyalara əsasən, bu zaman məsələsidir. Əsas odur ki, başçı ortadadır və onun işlətdiyi dil, davranış refleksləri məlum olmaqla hələlik məlum olmayan bir çox faktların üzərinə işıq salır.

Prezident Administrasiyasında siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri postunu tutmaqla E.Aslanov son bir neçə il ərzində xarici xüsusi xidmət orqanlarının diqqəti və maraq dairəsi altında olub, yaxud ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yaxın olan strukturlar üçün qiymətli informasiya mənbəyinə çevrilib.

Söhbət yüksək rütbəli məmurun "MKİ-nin kölgəsi" kimi də tanınan "Stratfor" özəl kəşfiyyat strukturu ilə sıx təmaslarından və qeyri-leqal əməkdaşlığından gedir.

Bu təşkilatın əsas fəaliyyət prinsipi ondan ibarətdir ki, əgər obyekt təxribat fəaliyyəti baxımından hansısa dəyər kəsb edirsə, o zaman "Stratfor"a işləyən əməkdaşlar həmin mənbəni öz nəzarəti altına almalıdır.

Məsələn, "Stratfor"un direktoru Corc Fridman öz analitiki, 2012-ci ildə informasiya toplamaq üçün Venesuelada ezamiyyətdə olan Reve Balleni (Reva Bhalla) buna itələyir.

C.Fridman ona yazır: "Əgər siz obyekti qiymətli hesab edirsinizsə, onu nəzarət altına alın. Bu nəzarət maliyyə, seksual və ya psixoloji olmaqla (!) elə mərhələyə çatdırılmalıdır ki, obyektin qarşısında bizə lazım olan vəzifələri qoymaq mümkün olsun".

"Stratfor"un müxtəlif əməkdaşları Elnur Aslanovu dəfələrlə ələ alıblar və elektron məktublara nəzər salsaq, bunun müxtəlif vaxtlarda bir neçə dəfə baş verdiyi görünər. Elə buna görə də Vaşinqtonda ona və qruplaşmasının komandaya çevrilmiş üzvlərinə kəşfiyyat xarakterli suallar göndərməkdən çəkinmirdilər. Budur, Vaşinqtondan 2010-cu ilin dekabrında göndərilən və birmənalı şəkildə dövlət sirrinə aid edilə bilən sorğulardan biri:

"E.Aslanovun və onun komandasının okeanın o tayındakı kəşfiyyatçılarla əməkdaşlığının təfərrüatları yüksək texnologiyalar əsrində mətbuat üçün sirr deyil. Onları indi çox asanlıqla deşifrə edə bilirlər. Ona görə də məlum olub ki, E.Aslanov Azərbaycanın populyar informasiya agentliklərindən birinin şefini də kəşfiyyat xidmətləri ilə əməkdaşlığa cəlb edib. Bu agentliyin rəhbəri Prezident Administrasiyasının ayrı-ayrı strukturlarının və digər dövlət orqanlarının fəaliyyətini analiz edib, nəticələr çıxarıb. Sonra bu analizlər müntəzəm olaraq Bakıdakı vasitəçi üzərindən okeanın o tayına məlum təşkilatdan olan dostlara göndərilib.

Elnur Aslanovun köməyi ilə maksimal miqdarda dövlət sirri əldə etməyə yönələn intensiv təmaslar və yazışmalar göstərir ki, Qərbin müəyyən qüvvələri Azərbaycan rəhbərliyinin bu situasiyada özünü nə dərəcədə arxayın hiss etdiyini və nə dərəcədə güclü olduğunu öyrənməyə cəhd edib. "Stratfor"un agentləri də Bakıya bunun üçün göndərilib".

Bu iddialar hansısa jurnalist təxəyyülünün məhsulu deyil. Ortada həmin yazışmaların skrinşotları var və onlar cəmiyyətə nümayiş etdirilir.

Çox maraqlıdır ki, istər Elnur Aslanov, istərsə də Ceyhun Osmanlı onları həbsə aparmaq gücündə olan bu informasiyaları nə təkzib, nə də təsdiq edir. Belə çıxır ki, susmaq ya razılıq əlamətidir, ya da deməyə sözləri yoxdur. Bu sətirləri yazanda nədənsə Rauf Mirqədirovun məsələsi yadıma düşdü. Kifayət qədər tanınmış jurnalisti Vətənə xəyanət ittihamı ilə həbs etdilər. Ancaq Raufun kimə, hansı şəraitdə və nə məlumatlar ötürdüyündən hələlik xəbərsizik. Təbii ki, istintaq sirri olduğu səbəbindən. Burada isə hər şey açıq-aydın ortadadır. Onda isə Elnurla Ceyhunun Raufdan nəyi artıqdır?

AzNews.az
Bağla X