12:17
(077) 610-22-33

Şövqi Hüseynov: «Tamaşaçı teatra gəlmirsə bunun günahı rejissor və aktyorlardadır»

  • >
950 4 Sentyabr 2012 11:39 | Cəmiyyət

«Gərək ürəyini parçalayasan ki, səni eşitsinlər»



Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"na ssenari qəbulu artıq başa çatıb. "Bizə ideya lazımdır" devizi ilə keçirilən festivalın əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.

Festivalla bağlı fikirlərini bizimlə paylaşan Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov söhbət əsnasında teatr mühitində baş verən proseslərə də münasibət bildirdi:

- Düzü bu festivalın keçirilməsi xəbərini eşidəndə çox sevindim. Ümumiyyətlə, teatrla bağlı istənilən layihəyə həmişə ikiəlli dəstək olmuşam. Bu gün məhz belə festivallara çox ehtiyac var. Ona görə ki, gözəl bir missiyaya xidmət edir-gənclərin teatra olan marağını artırmaq, gəncləri ruhlandırmaq…

- Tez-tez belə fikirlər səslənir ki, gənclərin teatra marağı azalıb. Bu fikirlə razılaşırsınız?

- Teatra maraq həmişə olub və olacaq. Sadəcə tamaşaçının teatrdan uzaq düşməsi problemi var. Bunu danmaq olmaz.

- Bunun günahı kimdədir?

- Tamaşaçı teatra gəlmirsə, yaxud gəlmək istəmirsə, bunun günahı yalnız teatrın içində olan adamlarda-rejissor və aktyorlardadır. Tamaşaçını teatrda saxlamaq problemi var. Buna da yalnız uğurlu repertuarla nail olmaq olar.

- Nədənsə gənclərimiz teatrdan çox, şou arxasınca qaçır; toylarda tamadalıq edir, kliplərə çəkilir və s. Bu hardasa marağın azalması demək deyilmi?

- Elə yaşlı nəslin də nümayəndələri tamadalıqla məşğuldur. Gənclər arasında da toyda tamadalıq edənlər çoxdur. Mən onlara pis də baxmıram. Bu işi bacarmaq lazımdır, tamada olmaq üçün xüsusi istedadın olmalıdır.


- Bütün bunlar gənc nəsli teatrdan uzaq salan amil deyilmi?

- Əlbəttə bu faktdır. Amma yenə də deyirəm ki, pis baxmıram elələrinə. Heç ixtiyarım da çatmaz nəsə arxalarınca pis söz deyim. Burada bizim bilmədiyimiz bir çox məqamlar var.

- Özünüz toyda tamadalıq etmisiniz heç?

- Yox, heç vaxt da etmərəm, çünki bu işi bacarmıram. Mən 2-3 saat səhnədə yorulmadan oynayaram, amma yarım saat toyda tamadalıq edə bilmərəm.

- Bir çox tamaşaçılar teatrda şounun tərəfdarıdır, bu eksperiment sizcə, tamaşaçını teatra cəlb etmək üçün nə dərəcədə uğur gətirə bilər?

- Teatrda şou olmayıb və ola da bilməz. Tamaşaları şouya çevirib tamaşaçı cəlb etmək uğursuzluqla nəticələnər. Teatr canlı orqanizmdir və əsas faktoru da canlı insandır. Yalnız canlı insanla tamaşaçını teatrda saxlamaq olar. Şou üçün sirk, internet və başqa məkanlar var.

- Bu fikirlə razılaşırsınızmı ki, teatr mühitin havası pozulub?

- Bəli, bu proses gedir, amma teatr ab-havasını pozan maliyyə, tamaşaçı, cəmiyyət, mühit deyil. Teatrla sadəcə məşğul olmaq lazımdır. Tamaşaçını teatrda saxlamaq üçün canın qədər bu sənəti sevmək lazımdır. Yəni bu da teatrın içində olan adamların-rejissor, aktyorun üzərinə düşən bir missiyadır. Məşhur rus aktyoru Mixail Ulyanovun bir sözü var: "Əgər istəyirsənsə səni eşitsinlər, gərək ürəyini parçalayasan". Həqiqətən belədir, başqa variant yoxdur. Teatrda zaman-zaman enmələr, qalxmalar olub, çünki dediyim kimi teatr canlı orqanizmdir. Amma biz teatr adamları, həmişə yaxşı tamaşalarla tamaşaçını teatra gətirməyi bacarmalıyıq.

- Festival ekologiya mövzusuna həsr olunub. Necə düşünürsünüz, ekoloji problemlərin səhnə təcəssümü tamaşaçıda maraq doğura biləcəkmi?

- Maraqlı bir mövzudur, həm də yenilikdir. Mən gənc həmkarlarımın ortaya uğurlu tamaşalar çıxaracağına əminəm. Festivalın sonunda siz özünüz də görəcəksiniz ki, həqiqətən də gənc nəslin teatra olan marağı böyükdür. Mən bu festivalın təşkilatçılarına minnətdarlıq etmək istəyirəm.


Sevinc Fədai
AzNews.az
Bağla X