18:56
(077) 610-22-33

Təhsil Nazirliyi teatrlarla əməkdaşlıqdan qaçırmı? - Araşdırma

  • >
639 6 Sentyabr 2012 06:20 | Cəmiyyət

"Bu gün uşaqları mütəmadi olaraq teatrlara aparmırıq, orta məktəblərdə bu iş həyata keçirilmir. Yalnız körpə uşaqlar uşaq bağçasından ara-sıra Kukla Teatrlarına aparılır". Bu sözləri Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı teatrlara tamaşaçı marağının təbliği yollarından danışarkən deyib.

AzNews.az bu problemi araşdırarkən teatrlar Təhsil Nazirliyini, Təhsil İdarəsi isə valideynləri ittiham etdi.

Kukla Teatrının baş rejissoru Rəhman Əlizadənin sözlərinə görə, bu sənətin mütəxəssislərini, teatrşünaslarını tamaşalarda tapmaq olmur: "Teatrşünaslar teatra gəlmirlər. Əgər mütəxəssis özü teatra gəlmirsə, hansı təbliğatdan danışmaq olar? Bu gün teatrdan danışanların 90 faizi kənarda dayanır. Mən bir ildən yuxarıdır ki, teatrda teatrşünas görməmişəm. Gəlsələr, mən bilərəm. Heç kəs gəlib tamaşaya baxmır və söz də demir. İnternet var, camaat özləri zəng edib repertuarımızla maraqlanır. Məktəblə əlaqə, müqavilə o vaxt olar ki, teatra gələn yoxdur, tamaşaçı azlığından şikayətlənirik. Yəni, tamaşaçı yoxdur, filan. Bizim teatrın buna ehtiyacı yoxdur. Elə gün olur tamaşaçı çox olur, elə gün də olur ki, adam az gəlir. Şənbə və bazar günləri isə adam əlindən tərpənmək belə olmur. Dərs günləri və bayramlarda tamaşaçılara yer tapa bilmirik. Ən çox planı biz veririk. Uşaq bağçalarından da gələnlər çox olur. Belə olan halda məktəbə ehtiyacımız qalmır. Həm də heç bir teatra icazə verilmir ki, məktəblərdə tamaşa oynasın. Amma yaxşı olardı ki, buna icazə versinlər. Türkiyənin Təhsil naziri tamaşalara baxır və bəyəndiyi əsərin məktəblərdə nümayiş olunmasına göstəriş verir. Bizdə niyə belə sistem yoxdur ki?"

Bakı Şəhər Üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızının fikrincə, tamaşa məktəbdə deyil, teatrda nümayiş olunmalıdır: "Tamaşanı teatrda göstərərlər. Məktəb teatr göstərmək üçün məkan deyil. İkinci bir məsələ var. Rejissorlar heç vaxt razı olmazlar ki, onların quruluş verdiyi tamaşalar dekorasiyasız nümayiş olunsun. Şərait olmayan yerdə necə tamaşa göstərmək olar? Ayrı-ayrı səhnəciklər var. Bunlar teatrlarda daha effektli alınır. Bir zamanlar belə bir ənənə vardı. Hamı ailəliklə teatra gedirdi. Amma bu gün kiməsə, nəyisə məcbur eləmək olmaz. Əksinə, mən düşünürəm ki, valideynlər öz övladları üçün məsuliyyət daşımalıdır. Bu missiyanı valideynlər öz üzərinə götürsələr, daha yaxşı olar. Məktəbin yüz dənə problemi var. Bu gün ailələrdə 4-5 uşaq yoxdur. Ən çoxu 2, yaxud da 3 uşaq var. Çox təəssüf ki, uşaqların sayı az olsa da, valideynlərin nəzarəti güclənməyib. Valideyn öz övladının dünya görüşünün formalaşmasında, yüksək səviyyəli təhsil almasında maraqlı olmalıdır. Onlar öz övladı ilə birlikdə tamaşalara getməlidir. Mən şəxsən belə görmüşəm. Şənbə və bazar günləri nə üçündür? Niyə valideynlər öz övladlarını teatra aparmırlar? Onu da məktəb yerinə yetirəsi deyil ki".

Bahar Rüstəmli
AzNews.az
Bağla X