08:27
(077) 610-22-33

Evlərindən qovulanlar hara müraciət etsinlər?

  • >
1 351 6 Sentyabr 2012 12:52 | Cəmiyyət

Evin böyük və ya kiçik oğula qalmasını qanunvericilik necə tənzimləyir?



Son vaxtlarda tez-tez vətəndaşların əsassız olaraq evdən çıxarılması halları ilə qarşılaşırıq. Redaksiyamıza da belə bir şikayət daxil olub. Şikayətə görə, qardaş qardaşın təhriki ilə ata evindən çıxarılır. Buna səbəb isə, evin kiçik oğula qalmalı olduğunun iddia edilməsidir: "15 ildir evliyəm. 3 övladım və yoldaşımla qayınatamın evində yaşayırıq. Qaynım isə həyat yoldaşının təhriki ilə bizim evdən çıxmağımızı tələb edir. Qayınatamın evdə yaşamağımıza heç bir narazılığı yoxdur. Amma qaynımgil heç cür razılaşmır. Hətta dəfələrlə evdəkiləri təhqir edərək dava-dalaş salıblar. Bizi hədələyirlər ki, sizi buradan çıxaracayıq". Şikayətçi bildirir ki, hər iki qardaşın evdə qeydiyyatı var.
Bəs evdə yaşamaq hüquqları eyni olan şəxslərdən birinin digərinin tələbi ilə bu hüquqdan məhrum edilməsi nə dərəcədə qanuna uyğundur?
Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, ata evində böyük və ya kiçik olmasından asılı olmayaraq, hər bir övladın yaşamaq hüququ var: "Ev atanın mülkiyyətidirsə və ata da sağdırsa, bu onun icazəsi ilə həyata keçirilir. Belə ki, qeydiyyatda olan hər bir övlad evdə yaşamaq hüququna malikdir. Əgər ev sahibi ata olduğu halda, o artıq həyatda deyilsə, bu zaman onun varidatlarına-oğlu, qızı, həyat yoldaşına bu evdən pay düşür. Yəni tək bir nəfərin yox, hər birinin evdə yaşamaq hüququ var. Bu məsələ üzrə münaqişə ola bilər, ancaq hüquqi baxımdan belədir ki, mülkiyyət sahibi yox, digər şəxslər onun evdə yaşamaq hüququnu məhdudlaşdırırsa, məhkəməyə müraciət etmək lazımdır". Ekspert bildirir ki, məhkəmə prosesi əsasında vətəndaşın evdə yaşamaq hüququ bərpa oluna bilər və heç kim də onu evdən kənarlaşdıra bilməz.

Qeyd edək ki, evin böyük və ya kiçik oğula qalması qanunvericiliklə tənzimlənmir. Qanunvericilik bu məsələni mülkiyyətçinin öz iradəsinə, istəyinə buraxır: "Qardaşlardan biri evin mülkiyyətçisi olmadığı, həmin evdən yalnız istifadə hüququna sahib olduğu üçün digər qardaşın həmin evdən çıxarılmağını tələb edə bilməz və bunun heç bir qanuni əsası yoxdur. Bu məsələ yalnız mülkiyyətçinin iradəsinə əsasən tənzimlənir".

Onu da diqqətinizə çatdıraq ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər.

Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Mülki Məcəllənin 228.2-ci maddəsində isə qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Qeyd edək ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Mənzil Məcəlləsi və Mülki Məcəllənin müvafiq maddələrinə nəzər saldıqda görürük ki, iki şərtdən biri gerçəkləşdikdən sonra yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər. Bunlardan biri mülkiyyətçi mənzildən istifadə hüququ olan şəxsin həmin yaşayış sahəsində yaşamasını istəmədikdə bazar qiymətinə uyğun kompensasiya verməsi (məhkəmə qaydasında) və ya razılaşma yolu ilə istifadə hüququna xitam verə bilər. İkincisi isə, mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər.

Sevinc Fədai
AzNews.az
Bağla X