11:25
(077) 610-22-33

Stenford Universiteti - Orqanik məhsullar insan sağlamlığı üçün faydalı deyil

  • >
617 6 Sentyabr 2012 21:06 | Cəmiyyət

Orqanik məhsullar insan orqanizmi üçün digər məhsullardan heç də daha faydalı deyil. Stenford Universitetinin (ABŞ) mütəxəssisləri ərzaqlar barədə 1966-cı ildən bəri dərc olunan 240 məqaləni təhlil etdikdən sonra belə nəticəyə gəliblər. Deni Bravatanın rəhbərlik etdiyi qrupun tədqiqatlarının nəticələri "Annals Internal Medicine" jurnalında dərc olunub.

Zəhərli kimyəvi maddələr, hormonlar, antibiotiklər və s. istifadə olunmadan yetişdirilən orqanik məhsullar istehsalçılar tərəfindən daha faydalı ərzaqlar kimi təqdim edilir. Onların fikrincə, bu məhsulların tərkibində daha çox vitamin, mineral maddələr və digər nutriyentlər var. Adətən orqanik məhsullar adi məhsullardan iki dəfə baha satılır. Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə onlara tələbat son illər xeyli artib. Məsələn, ABŞ-da 1997-2011-ci illərdə orqanik qida məhsulları bazarının həcmi 3,6 milyard dollardan 24,4 milyard dollaradək yüksəlib.

Müəlliflər bir növ məhsulun digərindən üstünlüyünü müəyyən etmək üçün 240 tədqiqat işinin yekunlarını təhlil etmişlər. Təhlil edilən ədəbiyyat 1966-cı ildən sonra işıq üzü görüb. Müəyyən edilib ki, orqanik məhsulların adi məhsullardan yeganə üstünlüyü yalnız tərkibində fosforun daha çox olmasıdır. Vitaminlərə və digər faydalı maddələrə gəldikdə isə insan sağlamlığı üçün faydalı ola biləcək fərq tapılmayıb. Müəlliflər həmçinin adi məhsulların orqanik məhsullara nisbətən zərərli olmasının da sübutunu aşkar etməyiblər. Yeri gəlmişkən, Stenford Universiteti alimlərinin gəldikləri nəticələr London gigiyena və tropik təbabət məktəbi alimlərinin 2009-cu ildə apardıqları tədqiqatların yekunları ilə üst-üstə düşür.

AzNews.az
Bağla X