Vüqar Əhməd: «Arif Alışanovla İsmayıl Ömərov özlərini yaxşı aparmır»

Filologiya elmləri doktoru, professor, şair Vüqar Əhmədin AzNews.az-a müsahibəsi:


- Bir çox şeirlərinizə mahnılar bəstələnib. Uzun müddət Azərbaycan Dövlət Teleradio Şirkətində musiqi və əyləncəli verilişlər redaksiyasında baş redaktor müavini vəzifəsində işləmisiz. Yəqin ki, bu, təsadüfi deyildi…

- 7 illik musiqi təhsilim var. Vaxtilə rəhmətlik İslam Rzayev məni öz ansamblına kamança ifaçısı kimi dəvət etmişdi, amma getmədim. Əlibaba Məmmədov isə bir dəfə mənə qulaq asıb dedi ki, sən Habil Əliyev, Şəfiqə Eyvazova və rəhmətlik Ədalət Vəzirovdan sonra 4-cü kamança ifaçımızsan… Musiqini anladığım üçün mən televiziyada işləyəndə sənəti olanlara həmişə yaşıl işıq yanıb. Düzdür, hörmətimi itirənlər də az deyil. İndi bəziləri məclisdə, hansısa tədbirdə məni görəndə özlərini görməməzliyə qoyur, ya da başları ilə uzaqdan salam verməklə kifayətlənirlər. Amma məşhurlar arasında dostlarım hələ də az deyil. Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov, Cabir Abdullayev, Elariz, İlkin Əhmədov, Babək Niftəliev, Səyyad Əlizadə, Baloğlan Əşrəfov… Yeri gəlmişkən, Baloğlan Rauf Məmmədovun mənim sözlərimə yazdığı "Anam mənim" mahnısını oxuyandan 20 il keçib, amma dostluğumuz öz yerindədir. Bu yaxınlarda "Dinlə məni sevgilim" adlı şeirimə Nüşabə Muradovanın bəstələdiyi mahnını gözəl sənətkarımız Elmira Rəhimova ilə duet oxuyan müğənni Nadir Qafarzadə də həmişə hörmətimi saxlayır. Onu da ilk dəfə efirə mən çıxarmışam. Amma bir çoxları yaxşılıqlarımı unudublar. Manaf Ağayev əvvəllər çox zəng vururdu, indi isə... Vaxtilə çoxuna köməyim dəyib. Halal xoşları olsun. Nə vaxtdır musiqi sahəsindən ayrılmışam, onların da məndən işləri keçmir… Heç kimdən incimirəm.

- Musiqimizin bugünkü durumu Sizi qane edir?

- Rəhmətlik Süleyman Rüstəm deyirdi ki, tənqidi xoşlayıram, amma məndən uzaq olanda. Doğrudan da, bizdə tənqidə normal yanaşanların sayı çox azdır və sağlam tənqiddən çox paxıllıq, təhqir var. Bəzən mənim də ünvanıma təhqir yağdırırlar, amma cavab verib özümü səviyyədən salmaq istəmirəm. İt hürər, karvan keçər. Mənə xalqın məhəbbəti yetərlidir.

- Müasir gənclərin mütaliəyə maraq göstərməməsinin səbəbini nədə görürsünüz?

- İndiki yazarların özləri də ədəbiyyatı çox az oxuyur. Bizim dövrdə yeni əsər çıxanda, onu oxumaq üstündə evdə dava düşərdi. İndiki uşaqlar isə ancaq internetlə maraqlanırlar və həqiqətən, çox az oxuyurlar. Xaricdən müxtəlif modernist üslublar buralara da gəlib. Amma oxucular onlara öyrəşə bilmir. Gənclərin çoxu klassik ədəbiyyatı da qəbul etmir.

- Yazıçılar Birliyinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu suala cavab vermək istəmirəm. Anar müəllimə hörmətim var, böyük yazıçıdır. Dəfələrlə onun əleyhinə müsahibə almaq istəyiblər, verməmişəm, çünki ondan həmişə hörmət görmüşəm. Həm də Birliyin fəaliyyətində iştirak etmirəm, ancaq qurultaylarında olmuşam.

- Sizcə, gənc nəslin yazarları yaşlı yazarlarla niyə yola getmir?

- Rəhmətlik şair Qabil demişdi ki, Əliağa Vahidi Yazıçılar İttifaqı saymırdı, o da Yazıçılar İttifaqını. Mənimsə, sadəcə, adım orada olduğu üçün, işlərinə qarışmıram. Öz yaradıcılığımla məşğulam.

- Belə çıxmır ki, cəmiyyətdə gedən proseslərə laqeydsiniz?

- Xeyr. Vətənimin gələcəyi üçün əlimdən gələni etməyə hazıram. Dövlətimə bağlıyam, xalqımın uğurlarına da sevinirəm, ictimai-siyasi prosesləri də izləyirəm. Ramil Səfərovun azad olunması məni çox sevindirdi. Bu həm də ermənilər üzərində psixoloji qələbə idi. Sağ olsun, dövlət rəhbərimiz. Ramil həm də qohumumdur, yeznəmin əmisi oğludur.
İki şairin - Şəhriyar Hacızadə, Fərid Hüseynovun buraxılmasına da çox sevindim.

- Bir çoxlarının yaxşılıqlarınızı unutduğunu dediniz. Sizə qarşı nankorluq edənlərdən yadınıza düşən yoxdur?

- Nankor AzTV-nin sədri Arif Alışanovdur. 20 il bir yerdə işləmişik. İndi deputat olub, elə bilir vəzifə əbədidir. Vəzifəyə gələndən sonra məni şair, ədəbiyyatşünas alim kimi bir dəfə də efirə çağırmayıb. Halbuki, AzTV-dən könüllü getmişəm. Qəribədir, o, anamın yasına da gəlib. Mən demirəm ki, hər dəfə efirə məni çağırmalıdır. Məndən də güclü şair, yazıçı, alimlər var. Amma belə biganəlik də qəbul olunan deyil. Gərək, telekanallarda mütləq adamın, yerlin olsun. İctimai televiziyanın sədri İsmayıl Ömərovla da yaxın olmuşuq. O, deputat seçiləndə vəkili olmasam da, təbliğat kampaniyası üçün müğənnilərin çıxışlarını təşkil etmişəm. Ömərov isə vəzifəyə keçəndən sonra məni "qara siyahıya" salıb.

- Bunların səbəbi nədədir?

- Bilmirəm. Bəlkə, mən təmiz azərbaycanlıyam, ona görə. Ya da doğulduğum region kiminsə xoşuna gəlmir… Vaxtilə bir şeirimdə yazmışdım ki, vətənimdə mühacirəm. Bu sözlər doğru çıxdı. Mən Kürdəmirdə 12 sot torpaq istəsəm, deyərlər ki, cəhənnəm ol, Bakında al. Bəs, Bakının yerli camaatı ola-ola, bizə burada niyə hörmətlə yanaşmırlar?!

- Sizə İTV-də, yaxud da AzTV-də verilişdə çıxış etmək belə vacibdir?

- Yox. AzTV-də ancaq xarici kinolara baxırlar. Başqa nəyə baxasan? Sovet dövrünün psixologiyasında olan verilişlər kimə lazımdır? Sadəcə, tamaşaçılar tez-tez soruşurlar ki, digər telekanallarda niyə yoxsunuz? Onlara cavab verməkdən yorulmuşam. Deyirlər, axı, sən AzTV-də can qoymusan, vaxtilə muğama dəyər verən, muğam verilişlərinə şərait yaradan ancaq sən idin, indi niyə səni istəmirlər? Bilmirəm ki, Alışanovla, Ömərov özlərini niyə belə aparırlar? Axı, bu kürsü vərəsəliklə keçmir, nə də ki, kanal sizindir. Nə olar ki, pulunuz çoxdur?! Bir də görəcəksiniz ki, Prezident sizi vəzifədən çıxardı...

Bir neçə il öncə peşəkar telejurnalist Vüqar Qaradağlı gedəndən sonra "Lider"ə də baxmıram, belə bir fikrim də yoxdur. O, ATV-yə sədr təyin olunanda, çox sevindim. Yeri gəlmişkən, Vüqar Qaradağlı ilə də 20 ilə yaxındır dostuq. Amma həmin telekanal məni əvvəllər də öz verilişlərinə dəvət edib.

- Sizi narahat edən əsas məsələ İsmayıl Ömərov və Arif Alışanovla olan münasibətlərinizdir?

- Yox əşşi. İsmayıl Ömərov mənim üçün böyük adam da deyil. Yəqin mən də onun üçün heç kiməm ki, yadına düşmürəm. Amma İTV onun atasının televiziyası deyil. Arif Alışanovun xətrini müəyyən qədər çox istəyirəm. Deyirlər, uman yerdən küsərlər. Ona böyük hörmətim vardı. Əfsuslar olsun, deputatlıq, vəzifə onu korladı.

- Yenidən vəzifəyə sahib olmaq istəyiniz varmı?

- Savadları, istedadları olmasa da, vəzifə üçün xüsusi yaranmış adamlar var. Elə-belə vəzifəni mənə kim verəcək? Bu yerlərə "daydayı"mın hesabına deyil, halal zəhmətimlə gəlmişəm. Atam müharibə əlili, anam isə evdar qadın olub. Özümüz də 6 uşaq idik…

- Deputatlıq fikriniz də yoxdur?

- Bir dəfə, 2000-ci ildə namizədliyimi irəli sürdüm, ləğv elətdirdilər. Yuxarıdan tapşırdılar ki, filankəs seçilməlidir. Mən Yasamalda doğulub böyüyə-böyüyə, namizədliyim keçmədi və bu, mənə dərs oldu. Dedilər ki, gərək, əvvəldən siyahıda adın olsun. Çəkildim qırağa. Vəzifəni mənə Allah özü qismət etsin. Əsas odur, maaşımızı artırsınlar. Elmlər doktoruyam, cəmi 342 manat maaş alıram.

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Televiziyadan ayrıldığım 6 il ərzində "Azərbaycan uşaq ədəbiyyatı", "Ədəbiyyatşünaslıq" dərsliklərim, "Ədəbiyyat nəzəriyyəsi" fənn proqramım, Şeyx Məhəmməd Xiyabani, Mir Cəfər Pişəvəri barədə monoqrafiyalarım, "Ədəbi filoloji araşdırmalar"ım, Xalq artisti Firuz Əliyevin yaradıcılığına həsr etdiyim "Əfsanəvi tarzən" adlı kitabım, Cənubi Azərbaycan poeziyası və folkloru ilə bağlı iki monoqrafiyam işıq üzü görüb. Qarabağ mövzusunda roman da yazmışam. Artıq onu bitirmək üzrəyəm. İrihəcmli şeir kitabım üzərində işlər isə bitib. Hələlik, maddi durumum onu çap etməyə imkan vermir. Bu yaxınlarda gözəl bəstəkar Rauf Məmmədovla 10 mahnı yazmışıq. Yaxşı ki, internet var. Onun sayəsində xaricdə yaşayan soydaşlarımız da əsərlərimlə tanış ola bilirlər.

Elşad Ümid
AzNews.az