“Bağça islahatları” əlavə problemlərə yol açıb “Bağça islahatları” əlavə problemlərə yol açıb

Psixoloq: “Bağçadan məhrum olan uşaqların gələcəyi sual altlndadır”

“Bağça islahatları” əlavə problemlərə yol açıb



Paytaxtda bağçaların sayının az olması məsələsini gündəmə gətirmişdik. Belə ki, Bakıda bağçaların sayı məktəbəqədər təhsil alacaq yaşda olan uşaqların yalnız 50%-nin təlim-tərbiyə almasına imkan verir. Bu səbəbdən də bağçalarda normadan artıq uşaq qəbulu halları baş verir. Ancaq nəzərdə tutulandan artıq uşaq qəbulu isə son günlərdə bağça müdirlərinin işdən azad edilməsinə səbəb oldu. Bağçaların azlığı və bu "islahatlardan" sonra qruplara normadan artıq uşaqların qəbul edilməyəcəyi ehtimalı bağçaya getməkdən məhrum olan uşaqların sayını artıracaq.

Belə bir problemin mövcud olması isə bir çox uşaqları bağça təlim-tərbiyəsindən məhrum edir. Bu da artıq yeni problemlər ortaya çıxarır. Bağçaya getməmək və hələ kiçik yaşlardan cəmiyyətə uyğunlaşmamaq uşaqların psixologiyasında və gələcək inkişafında bir sıra fəsadlar yaradır. Bu barədə psixoloq Aida Namazova AzNews.az-a danışır: "Hər bir ölkədə bağçaların sayı uşaqların sayına əssən təşkil olunmalıdır. Lakin ölkəmizdə müəyyən problemlər ucbatından bu, mümkün deyil. Bağçaya getməyən uşaqlarda, ilk növbədə, sosial adaptasiya problemi olur. Yəni onların uşaqlarla sosial ünsiyyət prosesi çox zəif olur".

Psixoloq bildirir ki, bununla yanşı, belə uşaqlarda aqressivlik, utancaqlıq, çəkingənlik olur və normativlərə uya bilmirlər: "Bunu da uşaqlara dərk elətdirmək çox çətin olur. Ona görə ki, uşaqlar bağçada bunu qrup şəklində mənimsəyirlər. Ailədə isə bu normalar fərdi şəkildə təbliğ olunduğundan bağça effektini vermir. Bundan başqa, bağçaya getməyən uşaqların nitq inkişafı çox zəif olur və ünsiyyət qurmaq cəhdləri də uğursuzluqla nəticələnir. Söhbətini gedişini tuta bilmirlər və bir-iki sözlə cümlələrini tamamlamağa çalışırlar. Həmçinin, özlərini ifadə etmək çətin olur onlarçün".

Həmsöhbətimiz onu da qeyd etdi ki, bağçaya getməyən uşaqların özünə güvənmə hissləri çox aşağı olur: "Onların özünü təsdiq etməyi mümkünsüz olur. Nə vaxtdan ki, sosial mühitə qoşulurlar, o zamandan artıq özlərini təsdiq etməyə başlayırlar. Eyni zamanda, uşaqlar bağçada müxtəlif qrup məşğələləri, təlimlərlə məşğul olduqlarından mənfi enerjilərini boşaltmış olurlar və müsbət enerji ilə günə davam edirlər. Bundan məhrum olan uşaqların gələcəyində də fəsadlar ortaya çıxır. Bu fəsadlar daha çox məktəb dövründə özünü göstərir. Onlar məktəbə gedən zaman uşaqlara gec uyğunlaşır, ünsiyyət qura bilmirlər, həmçinin, müəllimlərinin söz və tapşırıqlarını qəbul edə bilmirlər".

Sevinc Fədai
AzNews.az