İşləməyən liftlər, evlərindən çıxa bilməyən əlillər... İşləməyən liftlər, evlərindən çıxa bilməyən əlillər...

Fiziki qüsurlu şəxslərin lift faciəsi – Şikayət

İşləməyən liftlər, evlərindən çıxa bilməyən əlillər...



Uzun müddətdir ki, Binəqədi rayon 6-cı mikrarayon Mirmahmud Kazımovski küçəsində 16A binasında lift işləmir. Qeyd edək ki, həmin bina fiziki qüsurlu insanlara məxsusdur. Təxminən 1ay bundan əvvəl sözügedən problemlə bağlı həmin binanın 63 nömrəli mənzilində yaşayan I qrup əlil Təranə İsmayılova ərizə ilə redaksiyamıza müraciət etmişdi.

Ərizədə bildirilirdi ki, onların yaşadıqları bina 4 mərtəbəlidir, Təranə xanım və beyin iflici olan 12 yaşlı oğlu Allahverdi də binanın 4-cü mərtəbəsində yaşayırlar: "Hər ikimiz əlil arabasındayıq. Binamızda iki lift var. Tək adamlıq lift işləyir, ancaq əlil insanların istifadə edəcəyi yük üçün nəzərdə tutulan lift işləmir. Dəfələrlə 79 nömrəli Mənzil İstismar İdarəsinə (568-96-55 nömrəli telefona) zəng edib məlumat vermişik". Ancaq buna baxmayaraq, sakinlərin şikayətlərin heç bir nəticə verməyib.

Problemlə bağlı məsuliyyətli qurumlarla əlaqə saxlayıb məsələnin həll olunması üçün müraciət etmişdik. 79 nömrəli Mənzil İstismar İdarəsi problemdən xəbərdar olsa da, məsələnin həllinin onların səlahiyyətində olmadığını bildirmişdilər. Problemin həlli birbaşa Bakı Lift İdarəsinin öhdəliyindədir. Ancaq bu idarəyə də məsələnin həlli üzrə müraciətimizdən 1 ay ötməsinə baxmayaraq, əlillər yenə də liftsiz qalıblar. Belə ki, Lift idarəsi müraciət olunan vaxt gözdən pərdə asmaq üçün oraya təmirçilər göndəriblər, onlar da yoxlanış aparıb lifti düzəldəcəklərinə söz veriblər. Bəs sonra? Sonra onların izi belə görünməyib. Və vəziyyət yenə eynidir, lift işləmir, əlillər isə yenə əlacsızdırlar...

Növbəti dəfə də problemi həll etməyə çalışırıq. Ancaq maraqlısı budur ki, hər dəfə məlum binanın liftinin düzəldilməsi üçün idarəyə zəng vuranda bu problemdən xəbərsiz olduqlarını bildirirlər: "Xəbərimiz yoxdur. Hansı binadı o? Gedib baxarıq..." Və məsələ bununla da bağlanır.

Xatırladaq ki, şikayət üzrə binaya gedib vəziyyətlə tanış olmuşuq. Binada yük üçün nəzərdə tutulan lift, ümumiyyətlə, işləmir. Digər lift isə ancaq əlil arabasına məhkum olan 4 nəfər şəxs üçün açılıb-bağlanır. Binanın digər sakinləri istifadədən məhrumdurlar. Çünki həmin lift də xarab olan zaman düzəldilmir və yerimək qabiliyyətini itirmiş 4 nəfər lazım olan yerlərə getməkdən tamamilə məhrum olurlar. Ona görə də, bu üsula əl atıblar.
İllərdir ki, vəziyyət dəyişməz olaraq qalır. Problemi həll eləyən yoxdur. Onsuz da onların fiziki qüsurlu olması hər bir işdə problem yaradır, üstəgəl də liftin işləməsi ucbatından evdə dustağa çevrilmələri... Ancaq bu insanlar yenə də hər bir işin öhdəsindən gəlməyə çalışırlar. Bəs həlli fiziki qüsurlu şəxslərin özündən asılı olmayan və artıq müşkülə çevrilən bu məsələni kim həll etsin? Bakı Lift İdarəsi niyə öz işini görmür?

Qeyd edək ki, paytaxt binalarının liftlərində də vəziyyət ürəkaçan deyil. Fiziki qüsurlu şəxslərin bu probleminə olan münasibət elə fiziki cəhətdən normal olan münasibəti tam olaraq ortaya qoyur. Həmin problemlərə də aydınlıq gətirəcəyik.

Sevinc Fədai
AzNews.az