04:50
(077) 610-22-33

Uğursuz nikahlar böyük faciələrə səbəb olur – ARAŞDIRMA

  • >
677 10 Sentyabr 2012 19:15 | Cəmiyyət

Azərbaycanda kişilər qadınları maddi tərəfdən özlərindən asılı saxlayırlar



Rauf ailəsinin məsləhəti ilə, qızı yaxından tanımadan ailə qurur. Ancaq ailə münasibətləri zəminində onların heç bir uyğunluğu olmadığı ortaya çıxır. Buna baxmayaraq, ailə davam edir və dünyaya iki övlad da gəlir. Lakin ailə münasibətlərində yaxşıya doğru dəyişən heç bir şey olmur. Əksinə, qadın heç bir cəhətdən ərini təmin edə bilmir. Bütün bunlarla yanaşı, boşanma addımını ata bilmir. Səbəb isə ailəsinin "El-aləm bizə nə deyər?", "İki balan var, döz" kimi ifadələr olur. Ancaq nə qədər dözülsə də, 8 ildən sonra ailə dağılmalı olur. Raufun fikrincə, bu addım vaxtında atılmalı, heç bir şeyə görə bu qədər müddətdə həyatını puç etməməliydi.

Aynurun həyat hekayəsi də insanı düşünməyə vadar edir. O, 17 yaşında zorla ərə verilir. Təbii ki, heç bir təhsil almasına imkan verilmir və bu da onu gələcəkdə ərindən asılı qalmağa məcbur edir. Onun ailə münasibətləri də heç də yaxşı olmur. Hətta əri tərəfindən həmişə zorakılığa məruz qalır. Ancaq ailəsi də həmişə bu münasibətə biganə qalıb və dözməli olduğunu bildirir. "Meyidin ər evindən çıxmalıdır", "Bizi biabır eləmə" kimi "ağzı göyçək" ifadələr ailənin "bel sütunu"na çevrilir. Beləliklə, Aynur və onun kimi hüququ tapdalanmış bir çox qızlar belə evliliklərə məcburən dayanmalı olurlar. Onların başqa yolu da olmur. Boşansa belə, onun təkbaşına ayaqda durmaq və övladına baxmaq üçün nə iqtisadi, nə də mənəvi gücü olur. Özünü zəif hesab edir.

"Azərbaycanda kişilər qadınları iqtisadi asılılıqda saxlayır"

Psixoloq Murad İsayev edir ki, indi ailəyə müasir yanaşma olmalıdır: "Qeyd edim ki, artıq Azərbaycanda ictimai qınağa və ya uşaqların məhz analı-atalı bir ailədə böyüməsinə görə dağılmaması məsələsi aradan qalxmaqdadır. Ancaq bu, daha çox sosial statusu, ailə, baba, nənə kimi adları daşıyan insanlara aiddir. Yəni mən düşünmürəm ki, sərbəst, heç bir müdaxilə olunmayan, iqtisadi-sosial baxımdan da asılı olmayan bir ailə üçün məhz uşaqlara görə boşanma qərarı dəyişdirilsin. Çünki bizdə uşaqlara görə ailə dağılmamasının faizi həddən artıq aşağı düşüb". Psixoloqun sözlərinə görə, sırf ictimai qınağın, sosial asılılığın aşağı düşməsi bunu göstərir: "Ancaq ola bilər ki, psixoloji baxımdan belə bir qərara gəlinsin. Belə ki, hər hansı bir insan özü ata-anasız olmuşsa, övladının da bu şəkildə böyüməməsi üçün belə bir fədakarlıq edir. Düşünür ki, mən yetim böyümüşəm, qoy övladım yetim olmasın, mən hər əzaba dözərəm. Bu, bir amildir. Digər amil isə, iqtisadi asılılıqdır. Belə ki, Azərbaycanda kişilər qadınları maddi tərəfdən özlərindən asılı saxlayırlar".

Qeyd edək ki, cəmiyyətimizdə belə bir düşüncə də var ki, kişisiz ailə "başsız" hesab olunur. Qadın çox vaxt bu fikirdən çəkinərək, eyni zamanda, bir çox səbəbdən özünü zəif bildiyindən uğursuz ailə münasibətlərini davam etməyə, hər bir çətinliyə tab gətirməyə çalışır. Psixoloq bu məqama da aydınlıq gətirdi: "Bu, həmin qadının uşaqlıqdan beyninə bu modelin yerləşdirilməsindən irəli gəlir. Yəni ana həmişə atanı ailədə lider olaraq təqdim edir və atasız ailə olmayacağını övladın beyninə yeridir. Atasız daha çox problemlərlə, dəhşətlə üzləşməyi düşünmək həmin ailədə aktuallıq təşkil edir". Psixoloq bildirir ki, bununla da həmin qız övlad da özü ailə quranda münasibətlərini bu model əsasında formalaşdırır: "Ancaq təbii ki, boşanma addımını atandan sonra o görür ki, bu, sadəcə olaraq təlqin olunmuş bir fikirdir. Ailənin verdiyi tərbiyənin nəticəsi olan bir düşüncədir. Əsasən qayda-qanunlarla yaşamaq formasıdır".

"İslamda boşanma son həddir"

İslam araşdırmaçısı Mail Yaqubun sözlərinə görə isə, İslamda boşanma istisna olunmur: "Yəni ailədə heç cür uyğunluq yarana bilmirsə, dinimizdə boşanma son variant kimi qəbul olunur. Ancaq unutmayaq ki, bu, ən son variantdır. Yəni İslama görə, boşanan ailədə sonrakı tərbiyə məsələsində, ailənin idarə olunmasında müəyyən problemlər yaranır. İslamda ailə ən müqəddəs sosial institut kimi qəbul olunub. Bütün problemlərə baxmayaraq, ailənin qorunması lazım bilinir. Lakin yenə də bu hal istisna olunmur".

Dini ekspertin fikrinə əsasən, İslama görə, ər-arvad arasında ən əsas məsələ sevgidir: "Əgər ailədə sevgi, güvən, etimad, sədaqət varsa, bütün digər problemləri həll etmək olar. Əgər qadın ərinə sədaqətlidirsə, ərindən icazəsiz bir iş görmürsə, əslində problem yaranmır. Bütün bunlar müqəddəs dəyərlərdir. Burada zəiflik göstərmək olmaz. Bunu zaman yoluna qoya bilər".

"Azərbaycanda ailə dəyərləri qorunmur"

Mail Yaqub bildirir ki, nə qədər müasirləşsək də, yeni texnologiyalar yaransa da, ailə öz müqəddəsliyini saxlayır və saxlamalıdır: "Amerika ən inkişaf etmiş ölkələrdən biridir. Ancaq burda hər iki ailədən biri boşanır. Bu da sonradan cəmiyyətdə bir çox pozğunluq, tərbiyəsizlik hallarına, hətta cinayətlərə yol açır. İslama görə, ailə budur, naqis halların dəyərlərlə qarşısının alınmasıdır. Sadəcə olaraq, hər bir qanunun öz işlənmə mexanizmi var". Həmsöhbətimiz bildirir ki, İslamda boşanma, eyni zamanda, ailəyə verilən yüksək səviyyədə dəyər-qiymət var: "Bəzi hədislərə görə, mömin insanın qıldığı namazla müqayisə etsək, sağlam ailə qurub onu qoruyub saxlamaqla insan daha çox savab qazanır. Buna dair bir çox göstəricilər var. Sadəcə ailə dəyərləri bugünkü Azərbaycan cəmiyyətində qorunmur".

Onu da qeyd edək ki, ailələrin qurulması, eyni zamanda, dağılması məsələsində yaşlı nəslin, valideynlərin müdaxiləsi danılmazdır. Yaşlı və gənc nəsil arasında gedən mübarizə də yüz illərin problemidir. Nəsillər arasında gah gizli, gah aşkar gedən bir mübarizə var. Ekspertlərə görə, yaşlıların mübarizəsi az hallarda gənclərin müqaviməti ilə qarşılaşır. Əksər hallarda yaşlı nəsil məcbur və diktə edir, gənclərə sərbəstlik verilmir, təhsil, sənət, yaşamaq üçün yer, hətta ailə qurduğu insan da yaşlı nəsil tərəfindən seçilir. Arzuolunmaz evlilik sonra məcburi halda da davam etdirilir. Bu da bir çox ciddi problemlərə gətirib çıxarır.

Sevinc Fədai
AzNews.az
Bağla X