02:05
(077) 610-22-33

“Erməni ordusu bütün hərbi vasitələrlə təmin olunur” – Eldar Sabiroğlu

  • >
4 008 1 Avqust 2014 16:06 | Cəmiyyət


"Azərbaycan tərəfinin xeyli sayda şəhid və yaralı verməsi ağır itkidir". Bunu AzNews.az-a Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu bildirib.

Onun fikrincə, ölkələr arasında müharibə getdiyi bir şəraitdə bəzən belə faciəli anlar qaçılmazdır: "Son itkilərimiz az deyil və ümid edirik ki, ordumuz tez bir zamanda bunun qisasın alacaq. Buna bizim gücümüz var və heç kəs, xüsusilə Ermənistan tərəfi buna şübhə etməsin ki, onların törətdiyi cinayət əməlləri cəzasız qalamyacaq. Onlar arxayın olmasınlar ki, Azərbaycan ordusunda qorxu, xof yaratmağa nail ola bilirlər".

Nazirliyin keçmiş sözçüsü düşmənin bu həmləsini təkbaşına törətməməsi və ona yardımçı olan qüvvələrin olduğunu da istisna etməyib: "Bu heç kəsə sirr deyil. İşğalçı ölkə haradan təlimatlandığı, güc aldığı mənbə hər kəsə, o cümlədən bütün dünyaya bəllidir. Müharibə başlandığı ilk gündən Erməni Silahlı Qüvvələri bütün hərbi vasitələrlə təmin olunur və Azərbaycan üzərinə yerimək üçün işğalçı ölkəyə dəstək verilir. Hər şey bütün çılpaqlığı ilə ortadadır. Ona görə də biz işimizi bilməli və torpaqlarımızı düşmən işğalından azad etməliyik".

E.Sabiroğlu Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, cəbhədə itkilərin olmasında beynəlxalq təşkilatları və əsasən də ATƏT-in Minsk Qrupunu günahlandırıb: "Beynəlxalq qurumlar Ermənistan tərəfinin törətdiyi cinayətlərə qarşı lazimi və doğru qiymət verməsə, işğalçı ölkə öz həyasızlığından və vəhşi hərəkətindən əl çəkməyəcək. Hazırda da ATƏT-in Minsk Qrupu ikili standartlarla çıxış edir və bu addımı ilə həyasız ölkəyə dəstəyini davam etdirməkdədir. Halbuki bu təşkilat müharibənin qarşısını almaq və münaqişəni ədalətli həllinə nail olmaq üçün yaradılıb. Amma hazırda isə tamamilə fərqli bir situasiya ilə qarşı-qarşıyayıq. Təxminən 20 ildən çoxdur ki, Minsk Qrupu yaradılıb və heç bir işi ilə yadda qalmayıb. İkili standartlar vəziyyəti daha da müşkülə salıb. İndiyə qədər ATƏT-in Minsk Qrupunun hər hansı bir təsiri və səmərəli qərarına rast gəlinməyibdir".

Ehtiyatda olan polkovnik hesab edib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətinin dayandırılması istiqamətdə də addımlar atılmalıdır: "Bu istiqamətdə ictimai fəallıq artmalı və ölkəmizdə bu qurumun fəaliyyəti dayandırmalıdır. Dağlıq Qarabağ münaqişəsi və bu sahədə yaranan problemlərinin həlli Birləşmiş Millətlər Təşkilatı (BMT) öz üzərinə götürməlidir".

E.Sabiroğlu Müdafiə Nazirliyində işlədiyi dövrdə ATƏT-in Minsk Qrupu ilə keçirilən görüşlərindən də danışıb: "Mən dəfələrlə onlarla görüşdə iştirak etmişəm və çıxışlarında gəldikləri nəticə isə belə olub ki, hər iki tərəf nəyə razı olarsa biz də ona razılıq verəcəyik. Sual olunur bəs onda siz nəyə lazımsız?"

O həmçinin, cəbhədəki gərgin vəziyyətlə bağlı yerli KİV-lər analiz və yanaşmalarında diqqətli olmağa və gedişatla bağlı yanlışlığa yol verməməyə də çağırıb.

Amid
AzNews.az

Bağla X