“Sevil Massivi”nə görə bələdiyyə qovuldu – 300 minlik qalmaqal

"Sevil Massivi" Mənzil Tikinti Kooperativinin (MTK) yerləşdiyi Abşeron rayonu, Hökməli kəndinin bələdiyyə sədri Mirnemət Mirsadiyev vəzifəsindən azad edilib.

AzNews.az-ın məlumatına görə, M.Mirsadiyevin işdən çıxarılmasına səbəb onun "Sevil Massivi" MTK-nın təsisçisi Aynur Zeynalovla qanundankənar cinayət əlaqəsinə girərək dövlət ərazilərini adı çəkilən tikinti şirkətinə satması olub. İstintaq zamanı isə müəyyən olunub ki, MTK-nın təsisçisi Aynur Zeynalov ifadəsində torpağı bələdiyyədən almaq üçün dövlət büdcəsindən gizlədilməklə 300 min manat məbləğində pul verib.
Məhkəmə M. Mirsadiyevin səhhətini nəzərə alaraq, Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçib.

İstintaqın bu qərarından sonra – iki gün əvvəl isə bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda M. Mirsadiyev bələdiyyə sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul olunub.

Əldə olunan məlumatlara görə, Aynur Zeynalovla işbirliyində bəzi ətraf qəsəbə bələdiyyə sədrlərinin də adları hallanır. Prosesin gedişatı ilə bağlı ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Sevil Massivi" MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilənlərlə yanaşı, Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, "Sevil Massivi" MTK-nın məsul şəxsləri Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

AzNews.az