Azərbaycanın millət vəkili Türkiyədə prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Macar-Turan Fondu tərəfindən keçiriləcək qurultayda iştirak etmək üçün avqustun 4-də Macarıstanın Buqas şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirdə türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı və inteqrasiya proseslərinin sürətləndirilməsi məsələləri müzakirə olunacaq, türk xalqlarının tarixi, mədəniyyəti, etnoqrafiyası, müasir dünyada yeri və rolu barədə məlumatlar dinləniləcək, türk dünyasının qədim adət və ənənələri, folklor nümunələri nümayiş etdiriləcək.

Sonra millət vəkili Q.Paşayeva Türkiyədə keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 9-da Ankaraya yola düşəcək. Deputatımız Avropa Şurası Parlament Assambleyasının xətti ilə bir sıra seçki məntəqələrində prosesin gedişini izləyəcək, təşkilati məsələlər, seçicilərin fəallığı ilə yaxından tanış olacaq.

Səfər avqustun 12-də başa çatacaq.

AzNews.az