15:21
(077) 610-22-33

Amansızcasına öldürülən həkimin atası prezidentə məktub yollayıb

  • >
2 277 4 Avqust 2014 07:35 | Cəmiyyət

Zaməddin Həmişəyev: "Oğlumun qazandığı nüfuz bu qətlin yalnız qarət məqsədi ilə törədilməsinə şübhə yaradır"
Ötən il mayın 25-də Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin atası Zaməddin Həmişəyev prezidentə məktub yollayıb. Z.Həmişəyev həmin məktubun sürətini redaksiyamıza təqdim edib. Məktubuna özü haqda məlumatla giriş verən Z.Həmişəyev yazır:

"Oğlum 1977-ci il təvəllüdlü Cavid Həmişəyev tibb elmləri namizədi, həkim-kardioloq idi. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Angioqrafiya şöbəsinin müdiri idi. Ali təhsilini Türkiyədə almışdı. Türkiyənin 19 Mayıs Universitetinin Ürək Cərahiyyəsi kafedrasında, İran İslam Respublikasının Tehran Ürək Cərahiyyəsi Mərkəzində kardioloq kimi fəaliyyət göstərmişdi. Beynəlxalq Kardioloqlar Cəmiyyətinin üzvü idi. Öz nümunəvi davranışı və xoş məramı ilə hörmət, yüksək peşəkarlığı ilə şöhrət qazanmışdı. İnsan sağlamlığının keşiyində dayanan, gənc, fədakar, şəfqətli, insanpərvər, xeyriyyəçi həkim kimi tanınmışdı. Hətta lazım olduqda belə təmənnasız olaraq neçə-neçə insanı həyata qaytarmışdı. Nümunəvi insan və nümunəvi həkim-kardioloq Respublikanın ən məşhur ürək həkimlərindən biri idi.

Hörmətli Cənab Prezident!

Ailəmdə və həyatımda baş vermiş faciədən, müsibətdən çox sarsıntı keçirirəm. 25 may 2013-cti il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında oğlum Həmişəyev Cavidin cəsədi aşkarlanıb. Müharibə şəraitində bəyaz geyimli sülh elçiləri olan həkimlərə toxunulmur, amma mülki şəraitdə neçə-neçə insana həyat vermiş xüsusi istedadlı, 36 yaşında artıq dünya səviyyəli kardioloq kimi tanınmış həkimi həyatdan məhrum etdilər, onun canına qıydılar. Bir həkimin canına qıymaq, yüzlərlə, minlərlə insanın canına qəsd etmək deməkdir.

İstintaq orqanı cinayətin qarət məqsədi ilə törədildiyi fərziyyəsini irəli sürür. Lakin həkimin öz peşəsində qazandığı uğurlar, vəzifədə irəli çəkilməsi ehtimalı, digər tərəfdən doktor Cavid Həmişəyevin ölkəmizdə və xarici ölkələrdə qazandığı nüfuzu bu qətlin yalnız qarət məqsədi ilə törədildiyi fikrinə şübhə yaradır. Oğlumun peşə nüfuzunun artması, ardıcıl qazandığı uğurlar bu qətlin xüsusi sifarişlə həyata keçirildiyinə əsas verir. Cinayətin təxribat xarakterli olması əsl cinayətkarların, cinayətin mənbəyində dayanan mənfur qüvvələrin gizlənməsinə zəmin yaradır. Hadisə yerində ətrafda heç bir qan izi və ləkələrinin olmaması onun çarəsiz vəziyyətdə qətlə yetirilməsini göstərir. Onu huşsuz hala gətirməklə onu çarəsiz vəziyyətdə saxlayaraq asta-asta xüsusi yerlərdən bıçaqla kəsərək neçə-neçə insana şəfa vermiş adlı-sanlı həkimi qətlə yetiriblər. Huşa gələrkən özünün tamamilə müqavimətsiz olduğunu anlamış və yalnız faydasız çaba göstəribdir".
Məktub müəllifi iddialarına və verdiyi ifadələrə baxılmasını istəyir: "Hörmətli Cənab Prezident!

Oğlum mənim fərəhverici qürurum, ümid yerim, qolum- qanadım idi. Təqaüd yaşımda, ahıl yaşımda olmağıma baxmayaraq, həyat eşqi ilə yaşayırdım. Hər dəfə məni gördükdə tanınmış ictimai xadimlər oğlumun uğurlu tibbi-cərrahi əməliyyatlarına, müalicələrinə görə mənə öz təşəkkürlərini bildirdikdə qanad açıb uçurdum. Lakin oğlumun amansızcasına, mənfur məqsədlərlə qətlə yetirilməsi mənim qol-qanadımı sındırdı. Buna görə çox məyusam. Onun körpə övladları artıq atasız böyüməyə məhkum kəsiliblər. Təəssüf dolu həyat, qəhər məni boğur. Heç cür həyatın özünə qayıda bilmirəm. Əfsus ki, yeganə oğlumu itirdikdən sonra onu geri qaytarmaq mümkün olmayacaq. Amma gələcəkdə karyerada sürətlə irəliləyən xüsusi istedadı olan həkimlərin həyatının təhlükə altında olması minlərlə Azərbaycan vətəndaşının həyatının təhlükədə olmasıdır.

Hörmətli Cənab Prezident!

Siz söyləmisiniz ki, məmurlar vətəndaşlara vicdanla, ləyaqətlə xidmət göstərməlidirlər. Lakin məlum amansız və məkrli qətldən 1 il keçməsinə baxmayaraq, cinayətin üstünün açılması üçün iddialarıma və verdiyim ifadələrə baxılmır. Bu amansız qətl hadisəsinin əsl cinayətkarlarının tapılması, cinayətin mənbəyinin müəyyənləşdirilməsi, həqiqi sifarişçilərin müəyyən edilməsi üçün bu məsələni şəxsi nəzarətinizə götürməyinizi və məni qəbul etməyinizi uzun zaman sizinlə bərabər işləmiş və neftçi həmkar olmuş dostunuz kimi Sizdən artıq dərəcədə xahiş edirəm".

Z.Həmişəyev məktubuna mərhum oğlu ilə bağlı müxtəlif şəxslərin fikirlərini də əlavə edib.
Qeyd edək ki, Z.Həmişəyev bir qədər əvvəl KİV-lərə bildirib ki, onun oğlunun qətlə yetirilməsini gəlini İradə Orucova sifariş verib. İ.Orucovanın nümayəndəsi, tanınmış vəkil Aslan İsmayılov isə Z.Həmişəyevin söylədiklərinin həqiqət olmadığını, onun qətlə yetirilmiş oğlunun əmlakına sahiblənmək üçün gəlininə şər atmaqdan çəkinmədiyini söyləyib.
Bu qətli törədən üç şəxs - Türkan Bağırlını, Yasin Ərəbovu və Koroğlu Məmmədovu hüquq-mühafizə orqanlarının əməkdaşları həbs edib. 2014-cü il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu səs-küylü qətldə təqsirləndirilən şəxslərin cinayət işi üzrə proses başlayıb. Hər 3 şəxs tamah məqsədi ilə qəsdən adam öldürməkdə ittiham olunurlar.

Müsavat
Bağla X