02:14
(077) 610-22-33

Penitensiar Xidmətin Yadigar Sadıqov YALANI

  • >
917 4 Avqust 2014 12:36 | Cəmiyyət

Penitensiar Xidmət: "Saxlanılma yeri barədə qanunvericiliyə uyğun ailə üzvlərinə məlumat verilib"

Yadigar Sadıqovun anası: "Bizə heç bir məlumat verilməyib"

"Məhkum Yadigar Sadıqovun hansı cəzaçəkmə müəssisəsində saxlanılması barədə sualınıza cavab olaraq bildiririk ki, AR CİM-nın 16-cı maddəsinə əsasən cəzanı icra edən orqan məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verir. Yadigar Sadıqovun da saxlanılma yeri barədə qanunvericiliyə uyğun ailə üzvlərinə məlumat verilmişdir".

Bu barədə Qaynar.info-nun sorğusuna cavab olaraq Penitensiar Xidmətdən bildirilib.

"Özünü Yadigar Sadıqovun müdafiə komitəsinin sədri kimi təqdim edən Elman Fəttahın KİV-ə ötürdüyü məlumat isə yalnız ictimai diqqətin Y. Sadıqova ünvanlanması və gündəmdə saxlanılması məqsədi güdür. Cəza çəkən şəxsin yaşadığı ünvana yaxın cəzaçəkmə müəssisəsində saxlanılması barədə qanunvericilikdə müəyyən olunmuş müddəa direktiv xarakter daşımır və bir qayda olaraq buna əməl edilir. Azadlıqdan məhrum edilmiş şəxsin qeydiyyatda olduğu ünvanla yanaşı, bütün digər amillər də nəzərə alınmaqla məhkumun cəzaçəkmə müəssisələri üzrə yerləşdirilməsi qanunvericiliklə Penitensiar xidmətin səlahiyyətindədir", - deyə açıqlamada qeyd olunur.

Ancaq Penitensiar Xidmət Yadigar Sadıqovun harada saxlandığı barədə heç bir məlumat verməyib.

Müdafiə komitəsinin sədri Elman Fəttah isə Qaynar.info-ya bildirib ki, Penitensiar Xidmətin açıqlaması həqiqəti əks etdirmir: "Yadigar Sadıqov Şüvəlan təcridxanasından "Xələc"ə aparılmaq adı ilə çıxarılıb, amma hara aparıldığı məlum deyil. 48 saata yaxındır ki, onun harada olduğunu bilmirik. Bununla bağlı nə bizə, nə də ailə üzvlərinə, nə də vəkillərinə məlumat verilib. Qanunvericiliyə görə yerdəyişmədə Yadigar Sadıqov da iştirak etməli, onun razılığı alınmalı idi, vəkillərinə bu barədə xəbər etməli idilər. Bunların heç biri baş verməyib. Ailə üzvləri ilə də əlaqə saxladım, onlara da heç bir məlumat verilməyib. Anası iki gündür narahatdır və məndən məlumat istəyir, mən də ona heç bir məlumat verə bilmirəm".

Yadigar Sadıqovun anası Gövhər Sadıqova Qaynar.info-ya bildirib ki, Penitensiar Xidmətdən Yadigar Sadıqovun harada saxlandığı barədə heç bir məlumat verməyib: "İki gündür, cavab gözləyirik. Amma heç kəs bizə məlumat vermir. Bütün ailə Yadigara görə narahatdır".

Xatırladaq ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə görə məhkum edilmiş şəxsin yer dəyişməsi halı ilə əlaqədar onun yaxınlarına, vəkillərinə dərhal məlumat verilməlidir.

AzNews.az
Bağla X