02:53
(077) 610-22-33

“Ermənilərin iki postunu ələ keçirmişik, bunu özüm görmüşəm” – Əhəd Abıyev

  • >
4 976 5 Avqust 2014 09:20 | Cəmiyyət

"Müxalifəti İlham Əliyevin ətrafında birləşməyə çağırıram"

"Müharibə veteranı kitabçasından istifadə etməyi özümə sığışdırmıram"

"Əlimə silah alıb torpaqlarımızı işğaldan azad etmək üçün əmr gözləyirəm"



Sabiq deputat, Daşkəsənin icra başçısı Əhəd Abıyevin AzNews.az-a müsahibəsi:

-Əhəd müəllim son vaxtlar cəbhədə vəziyyət gərginləşib. Azərbaycan 13 şəhid verib. Rəhbərliyik etdiyiniz Daşkəsən rayonun Murovdağ hissəsi cəbhə zonasıdır. Hazırda sözü gedən hissədə vəziyyət necədir?

- Son 4 gündə erməni silahlıları Azərbaycan silahlı qüvvələrini, o cümlədən yaşayış sahələrini atəşə məruz qoyur. Azərbaycan tərəfi 13 şəhid veribsə, bu günlərdə mənə daha ciddi mənbədən verilən məlumata görə erməni tərəfi 51 hərbiçisini itirib. Amma onlar nədənsə bunu gizlədir. Bu da başa düşüləndir. 6-7 ay öncə Azərbaycanın silahlı qüvvələri Murovdağda erməni hərbiçilərin yerləşdikləri iki postu ələ keçirib. Şəxsən mən həmin postlarda olmuşam. İnanıram ki, hərbiçilərimiz ölkə başçısının bir əmri ilə qısa zaman kəsiyində İrəvana da bayraq sancar. Amma biz sülh istəyirik və bu münaqişəsinin müharibəsiz həlinin tərəfdarıyıq. Hazırda da rayonun cəbhə boyu əraziləri arada bir erməni silahlı qüvvələri tərəfinin atəşinə məruz qalsa da, hərbiçilərimiz onları dərhal susdurur və itkiyə məruz qoyurlar. Bir sözlə Azərbaycan xalqı, o cümlədən Daşkəsən əhalisi istənilən vaxt torpaqlarımızı azad etmək üçün döyüşə hazırdır.


- Biz sülh istəsək də, ekspertlər hesab edir ki, son günlər cəbhədə baş verənlər Azərbaycanı müharibəyə vadar edir...

- Ölkəmizin eks-prezidenti, mərhum ümumilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev hər zaman çalışıblar ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilsin. Torpaqlarımız düşmən tapdağından bu yolla azad olunsun. Ölkə başçı İlham Əliyev hər zaman doğru, yüksək səviyyədə Ermənistan tərəfinə müxtəlif beynəlxalq tribunalarda, Azərbaycanın mövqeyini çatdırır, işğalçı ölkənin əsassız çıxışlarının cavabını verir. İnanıram ki, qısa zaman kəsiyində DQ münaqişəsi sülh yolu ilə öz həllini tapacaq.


- Sizcə gənclərimiz müharibəyə hazırdılarmı?

- Damarında Azərbaycan qanı axan hər bir şəxs vətənpərvər olmalıdır. Bu, şübhəsizdir. Hər kəs bilir ki, torpaqlarımız işğal olunub, xeyli sayda itki vermişik. Bir milyondan artıq insan yurd-yuvalarından didərgin salınıb. Bu hadisələri bir tarixi kinolenti kimi gözümün qarşısına gətirəndə şəxsən mən özüm torpaqlarımızın düşmən tapdağından azad olunması üçün vuruşmaq istəyirəm. Vicdanım haqqı, silaha sarınıb bir başa istənilən istiqamətdə erməninin üzərinə getməyə hazıram.
Gənclərlə də arada söhbətləşirəm. Son hadisələrdən sonra gənclərimiz bir daha vətənpərvər olduğunu bütün dünyaya nümayiş etdirdilər. İnanın rayonda kiminsə musiqiyə qulaq asmasını belə görməzsən. Gənclərimiz şəhidlərimizə görə, hüzn saxlayır, onlar müharibə istəyirlər. Amma biz böyüklər hələ ki, gənclərimizi səbirli olmağa çağırırıq. Görəcəksiz... Bəzi dövlət sirləri var. Qısa zaman kəsiyində DQ münaqişəsi öz həllini tapacaq və torpaqlarımız geri alınacaq.


-Bu gün Qarabağ əlillərinə, veteranlarına göstərilən diqqət sizi qane edirmi?

-Mən özüm də müharibə veteranıyam və indiyə kimi veteran kitabçamdan istifadə etməmişəm. Bunu mən şəxsiyyətimə sığışdırmıram. O mənada ki, mən hələ də ölkəm üçün elə bir qəhrəmanlıq göstərməmişəm. Qarabağ müharibəsi veteranı, döyüşçüsü, qəhrəmanı statusdan da gərək, hər yerdə istifadə etməyəsən. Ümumilikdə götürdükdə biz Azərbaycan vətəndaşıyıq, ayrı-seçkilik salmaq da lazım deyil. Bəzən bir nəfər elə utancverici hərəkət edir ki, sonda nəsə deyəndə adını qoyur, mən müharibə iştirakçısıyam. Amma elə insanlarımız var ki, DQ müharibəsində həqiqətən vuruşub və Azərbaycan, xalq üçün canından keçib. Bu cür insanlar dövlətə, millətə, torpağa bağlı olanlardır.
Mənim imkanım olsa, orduya yenidən çağırılsam, Azərbaycan bayrağını işğal olunan ərazilərimizdə özüm sancaram. Biz ölməyə yox, öldürməyə gedəcəyik. Bu gün Azərbaycanda sabitliyi pozmaq istəyən adamlar var. Yenə də ölkə başçımızın Allah canını sağ eləsin. O bu cür məsələləri yaxşı bilir. Digər problemlər kimi, müharibə məsələsini də həll edəcək. Bu hər kəsdə inam var və heç kəsin şübhəsi belə olmasın.


- Azərbaycan müxalifəti Ermənistanın sərhədlərimizi bu şəkildə pozması, ərazilərimizə hərbi müdaxilə etməsində ölkə iqtidarın günahlandırır...
Bu barədə nə deyə bilərsiniz?


- Azərbaycan müxtəlif səviyyələrdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün danışıqlar aparır. Bu müzakirələrə ən yüksək səviyyəli beynəlxalq təşkilatlarda daxildir. Müxalifət hər zamanki kimi bu məsələdə də kortəbii danışır. Müharibənin də özünün qanunları var. Beynəlxalq səviyyədə oyunlar var. Oyunun içində də oyun var. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı elə oyunlar gedir ki, təəssüflər bunu hələ də müxalifət dərk etmir. Müxalifət küçə söhbətindən başqa heç nə bilmirlər.
And içirəm ki, sabah müharibə başlasa, müxalifətdən heç kim döyüşə getməyəcək. Onların bəziləri hətta erməniyə kömək edəcəklər. Şəhidlər Xiyabanına baxsaq, hər kəs görər ki, müxalifətdə özünü lider sayanların heç birinin qohumu orda yoxdur və döyüşlərdə iştirak etməyiblər. AXCP sədri Əli Kərimli özünü ana müxalifətdə lider sayır və ancaq o da müharibədə iştirak etməyib. Amma bu gün müharibədən danışır. Mən müxalifət liderlərini cəfəngiyat fikirlərinə son qoymağa çağırıram. Müxalifəti də ölkə başçısının ətrafında sıx birləşməyə çağırıram. Bu gün biz çox güclü orduya malikik. Lazım olsa gedib İrəvana da çıxarıq. Kifayət qədər silah-sursatımız var. Amma biz erməni ilə deyil, onun havadarları ilə vuruşacağıq. Ona görə Azərbaycan müxalifəti belə bir şeyləri düşünmür və ağızlarına gələni danışır. İraqda, Suriyada, Ukrayna, Fələstin və digər ölkələrdə müharibə gedir. Yaranan şəraiti də hər kəs görür. Azərbaycan müxalifəti heç olmasa, müharibə gedən dövlətlərə baxıb nəticə çıxarsınlar...


- Müxalifət partiyaları Qarabağla bağı vaxtaşırı tədbirlər keçirirlər, müəyyən dinləmələr aparırlar. Onların əksəriyyəti Qarabağ probleminin belə uzanmasından narahatçılıqlarını ifadə edirlər. Belə olan halda siz nəyə əsasən bilirsiniz ki, Azərbaycan müxalifətində təmsil olunan şəxslər müharibə olarsa, döyüşlərdə iştirakdan boyun qaçıracaqlar?

-Hazırda müxalifətdə təmsil olunan bəzi insanlar Azərbaycanın dövlət sirlərini ötürməklə məşğuldurlar. Misal üçün, Leyla Yunus kimi insanlar bu gün Azərbaycan müxalifətini təmsil edir. Amma bir adam ki, erməninin dəyirmanına su tökə, işğalçı ölkənin çiçəklənməsindən danışa, bax, bundan nə gözləmək olar? Bu cür insanları azərbaycanlı saymaq olarmı? Bu cür insanlar Azərbaycanın inkişafını gözü götürməyən xarici dövlətlər tərəfindən müəyyən qrantlar hesabına ölkəmizin əleyhinə danışdırılır. Bu gün bütün qonşu dövlətlər, o cümlədən digər yerlər Azərbaycan prezidenti İlham Əliyevi ən bacarıqlı lider, siyasətçi kimi tanıyırlar. Mən müxalifəti ölkə başçısı ətrafında xalqımızla birləşməyə çağırıram. Əminəm ki, bu, xalqımıza qələbə, firavan həyat, xoşbəxtlik gətirəcək.

Amid Əyyuboğlu

Bağla X