13:30
(077) 610-22-33

“Normal yaşamaq istəyirəm” - Rafiq Əliyev

  • >
2 269 5 Avqust 2014 10:44 | Cəmiyyət

AzNews.az qeyri-səlis məntiq nəzəriyyəsinin mütəxəssisi, məşhur alim Rafiq Əliyevin Modern.az saytına müsahibəni təqdim edir:

- Bu günün dünyası zamanla dost ola bilirmi?

– Mənim özəl fikirlərimdir ki, XXI əsrin 30-40, uzaq başı 50-ci illəri yeni sivilizasiyanın başlanğıcı olacaq. Tolerantlıq məntiqi ilə düşünən insanların sivilizasiyası. Görürsünüzmü, texnologiya nə qədər inkişaf edir? Bu inkişaf elmin hesabına olub. Ancaq cəmiyyət o texnologiyanın inkişafına o qədər də xali deyil. Çünki təfəkkür durduğu yerdə qalıb. Elm bəşəri sivilizasiyadan sivilizasiyaya çıxarıb. Mənim sənətə də, poeziyaya da, başqa incəsənət növlərinə də böyük hörmətim var, amma hər zaman çətin vəziyyətlərdən bəşəriyyəti elm çıxarıb. Əgər Eynşteyn bilsəydi ki, onun icadı ilə Xirosimanı yandıracaqlar, o, atomu yaratmazdı. Əgər bir məşhur psixoloq bilsəydi ki, onun nəzəriyyəsindən insanı zombiləşdirmək məqsədilə istifadə edəcəklər, o heç bu nəzəriyyəsi yaratmazdı. Yəni elmin bu tərəfləri də var. Bu gün elmin texnologiyaların inkişafına qoyulan açar hələ bəşər cəmiyyətinin əlində deyil. Bu gün bəşərin yarısı real həyatda yox, virtual həyatda yaşayır. 3D istənilən situasiyaya girə bilər, istənilən həyat tərzini yaşaya bilir amma hara qədər? Açar olmayanda ədalətsizlik və əxlaqın eroziyası baş verir. Bu gün dünya çox ədalətsiz məkandır: hər tərəfdə müharibə, hər tərəfdə iddialar ... Amma bayaqkı fikrimdə qalıram .. Tufandan sonra sakit bir sivilizasiya yaranacaq. Hər halda mən belə düşünürəm...

- Bəs Azərbaycan necə? Bu günün zamanın tələblərinin kandarındadır, yoxsa...

– Mənim təfəkkür tərzim qeyri-səlis məntiqdir, tolerantlıq məntiqidir. Demokratiyanın kökündə bu məntiq dayanır. Həmin o sivilizasiyaya gedən yol ədalətdən, dözümlülükdən keçir. Azərbaycan gərək o yolun kandarında qalmasın. Qalsa sivilizasiyaya çata bilməyəcək.

– Bütün zamanlar üçün Azərbaycanın ruhuna biçilən bir meyar var - muğam. Muğamı dinlədikcə biz sizin məntiqinizdəki 0-la 1 arasında sanki yol gedirik. Toplum olaraq o yolu gedərkən hansı rəngdə ilişib qaldıq?

– Ümumiyyətlə, həmin sivilizasiyaya gedən yol da 0-dan 1-ə doğru gedir. İndiki cəmiyyət o yolda o aralıqda deyil. Sıfırın, ya birin özündədir. Düşüncə tərzi hələ ki, budur. Yəni aralıq yoxdur. Aralıqda olmaq üçün insanların qəlbində yumşaqlıq olmalıdır. İnsanların qəlbində bir başqa aləmə meyllilik olmalıdır. İnsanın içərisində başqa bir düzüm olmalıdır. Bu düzüm də riyaziyyat, fizikadan yox musiqidən, poeziyadan gəlir. İnsanın daxilində o düzüm, harmoniya varsa bu zaman o ikili məntiqdən uzaqlaşır. Bizim də mayamız muğamla yoğurulub.

Ramiz Rövşənin yaxşı şeirlərindən birində deyilir.

gələn nədir, gedən nədir,
bələk nədir kəfən nədir
bu dünya öz işindədir,
yağış yuyur gün qurudur ..


Muğam həm bələkdir, həm də kəfəndir. Ana laylası nədi, o elə muğamın özüdür də. Mənə çalınan laylalar indi də yadımdadır:

əzizinəm yenişə,
karvan gedər yenişə
yastığında gül bitsin,
mitəkkəndə bənövşə.


Çox sevdiyim "Zəminxarə" muğamı növhədir, ağıdır. Bir dəfə rəhmətlik Xudu Məmmədov dünyasını dəyişməmişdən üç gün qabaq yanıma gəlmişdi. Qoltuğunda iri bir qovluq var idi. göstərdi mənə. Dedi ki, Rafiq, bu segahın rənglərlə təsviridir. Hər bir muğamı özü işləmişdi. sonra mənə də dedi ki bu uyğunluğu qeyri məntiq və "komputinq" sahəsində də işləyə bilərsən. Mənim sahəm olmasa da, iki il bu sahədə işlədim. Nyuton nəzəriyyəsində musiqidəki notlarda yeddi rəng var. Amma Ramiz Quliyev tarda çalanda yeddi notda çalmır. Onun o qədər çalarları var ki... milyon çalar.

Harmoniya olan yerdə ancaq 0 və 1 ola bilməz. Hər zaman onların arasındakı aralıq ola bilər. Tam 1-i niyə demirəm? Çünki o elə Allahın özüdür. Məsələn, Mövlanə elə birin yanındadır. Çünki o Allaha çox yaxındır.

- Madam ki, ruhumuza biçilən belə bir harmonik meyar var, ondan niyə biz "Segah"ın hüznündən "Bayatı-Şiraz"ın saflığından tutub Allaha çıxa bilmirik?

– Bu gün insanların çoxu üçün pul elə Tanrının özüdür. Amma gələcək sivilizasiyaya gedən insanlar var. Onların daxilindəki musiqi, harmoniya Mövlanə Cəlaləddin Rumi harmoniyasıdır. Allaha yaxınlaşmadır. ...

Məndə Allaha sevgi çox böyükdür. Mənim Allaha sevgim elə Allahın mənə olduğu məsafəsi qədər sonsuzdur. Hər zaman çalışmışam ki, dünyaya fəlsəfi baxım, nəfsimi gözləyə bilim. Allaha da bunu mənə hədiyyə etdi. Adam var hər il bir maşın dəyişir, evin təmir elətdirir, amma mənim evin elə 1987-ci ildən bura köçəndən necə idisə indi də elə qalıb. Lütfi Zadənin də maşını 1987-ci ilin istehsalıdır.

– Yəni ki 1-ə yaxın olan dünya...

– Tamamilə düzdür.

–Bayaqdan danışıqlardan hiss edirəm ki, biz öz mahiyyətimizdən uzaqlaşmışıq. Muğamsız, harmoniyasız, Qarabağsız azəri toplumu mahiyyətindən yıxılıb. Bugünkü Azərbaycan cəmiyyətini öz mahiyyətinə qaldırmaq üçün ziyalılarımız niyə nərdivan rolunu oynaya bilmir?

– Çox təzadlı olsa da deyim ki, sovet vaxtı "ziyalı" sözün daha rahat deyə bilirdi. mən beş yaşıma qədər kənddə böyümüşəm görmüşəm ki, ora briqadir seçə bilmirdilər. Səsə qoyurdular, amma keçmirdi. Hərə bir səbəbə görə qəbul etmirdilər. Yaxud da mən 1964-cü ildə SSRİ Elmlər Akademiyasının aspirantı olanda görmüşəm ki, Xruşşov cəmi bir yerə akademikliyə namizədliyini vermişdi. Amma ona səs vermədilər. Xruşşov Akademiyanın o vaxtkı prezidentini çağırıb dedi ki, yaxşı onlar səs vermədi, bəs sən niyə səs vermədin? Dedi ki, mən də onlarlayam. Amma bu gün ziyalılar çox ağır bir vəziyyətdədirlər. Mövlanənin sözü yadıma düşdü. "Korlar bazarında qaymaq satma, karlar bazarında qəzəl atma". Ziyalının sözü eşidilmir.

...Bir gün Stalin Kurçatovla, Kapitçanı çağırır ki, amerikanlar atom silahı düzəldir, siz də gedin bizim layihəyə rəhbərlik edin. Kapitsa Nobel mükafatçısı alim idi. Stalinə məktub yazır ki, bu işdən imtina edirəm, çünki təşkilati baxımdan da bu işlər Beriyaya tapşırılıb. Kapitsanı öldürə bilmirlər. Çünki bütün məşhur fiziklər onun ayağına gəlirdi. Stalin də bunu başa düşürdü.
Bu gün alimə o münasibət yoxdur.

– Tez tez böyüdüyünüz evdən danışırsınız. O komanın və indiki 3D sehrinin müqayisəsində birinci sizin üçün niyə görə daha sehrlidir?

– Mən belə düşünürəm ki, komada keçən hissə insanın formalaşması üçün əsas meyardır. O koma istidirsə, sən başqa insan olacaqsan . O komada ana laylası eşidirsənsə, sən başqa insan olacaqsan. Hər şey o komadan başlayır. Bununla bərabər öz məktəbimi qeyd etmək istəyirəm. Dünyanın bir çox universitetlərində mühazirələr oxumuşam. Amma bunu tam mübaliğəsiz deyirəm. Mənim oxuduğum 1 saylı Ağdam məktəbi dünyanın bütün universitetlərindən üstündür. Çünki o məktəbin mənə verdiyini nə SSRİ Elmlər akademiyası, nə də Amerika universitetləri verdi. O 1 saylı məktəb parta arxasında əlimi qaldırmağım mənə həyatda daha çox şey bəxş etdi. Bizim müəllimin yubileyinə həsr olunmuş bir tədbirdə dedim ki, təhsildə bu qədər ki, yeni islahatlar proseslər gedir, bunların hamısını aradan götürün, mənə o köhnə müəllimlərimi verin.

– Bu gün öz işığını axtaran bir cəmiyyət niyə görə düşdüyü qaranlığa işığın müvəqqəti yox olan forması kimi yox, elə zülmətin özü kimi baxır?

– Qaranlıq olanda informasiyanın nə sağda, nə solda olduğu bilinmir. Qaranlıqda yaşayan cəmiyyətdə istənilən şey keçərlidir. Fikrimi deyə bildim?

– Bayaq 1-in yanında olan Mövlanə dediniz... Bu cəmiyyət nə zaman anlayacaq ki Rafiq Əliyev də o da 1-in yanındadır?

– Rafiq Əliyev özü belə hesab eləmir. Elə-belə də yazın. Normal yaşamaq istəyirəm. Mən heç vaxt özümü orada saymayacağam.
Bağla X