Nazir oğlunun transmilli biznes şəbəkəsi - Fotolar

Anar Məmmədov həmçinin ABŞ-da 2012-ci ildə keçirilən Xocalıya Ədalət Kampaniyasının rəhbrələrindən biri kimi tanınıb


AzNews.az Meydan TV-yə istinadən Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun biznes şəbəkəsi ilə bağlı araşdırmanı təqdim edir:

Qısa arayış: Məmmədov Anar Ziya oğlu (Azərbaycan Respblikası Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu). İnfrastruktur, tikinti, neft və qaz hasilatı, beynəlxalq ticarət, telekommunikasiyalar və mehmanxana xidmətləri sahəsində şaxələnmiş "Garant" Holdinqin direktorlar şurasının sədri, Azərbaycan Amerika Aliyansının təsisçisi və Azərbaycan Qolf Federasiyasının prezidentidir.

Azərbaycan Amerika Aliyansının rəsmi web saytında verilən məlumata görə, cənab Məmmədov ali təhsilini Birləşmiş Krallıqda (Böyük Britaniya) alıb.



Mediada tanıtımı: İki il əvvəl Anar Məmmədovun adı Qəbələdə 1 milyon manata ayı kababı yeməsi ilə bağlı qalmaqalda hallanıb. Lakin, A. Məmmədov "Bizim Yol" qəzetinə açıqlamasında bu xəbəri təkzib etmişdi: "Bunlar yalan söhbətlərdir. Mətbuat istədiyini yazır. Mən belə yazılara əhəmiyyət vermirəm". Əhəmiyyət vermədiyini desə də, Anar Məmmədov bu barədə yazılar dərc edən "Azadlıq" və "Yeni Müsavat" qəzetlərini məhkəməyə vermişdi.

Bir neçə il öncə Al Jazeera və Azadlıq radiosu ZQAN Holdinqin nazir Ziya Məmmədovun ailəsinə məxsus olması və Anar Məmmədov tərəfindən idarə edildiyi barədə materiallar dərc etmişdi.

AzadlıqRadiosunun OCCRP (Mütəşəkkil cinayətlərin və korrupsiyanın araşdırılması layihəsi) təşkilatı ilə birgə apardığı araşdırma iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baglan Group" ilə Anar Məmmədovun rəhbərlik etdiyi holdinq arasında ortaqlığı və bunun sayəsində Bağlan Groupun nəqliyyat sahəsində imtiyazlı mövqe tuta bildiyini ortaya çıxarmışdı.

Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov həmçinin ABŞ-da 2012-ci ildə keçirilən Xocalıya Ədalət Kampaniyasının rəhbrələrindən biri kimi tanınıb.

Anar Məmmədov nazir oğludur. Atasının nazir olduğu nəqliyyat sektoruna birbaşa aidiyyatı olan sahələrdə biznes qurub. Onun biznesi büdcə kontraktlarından və atasının verdiyi lisenziyalardan yararlanıb. Məmur ailəsinin dəyəri yüz milyonlarla ölçülən biznesini hansı pulla qurduğu müəmmalıdır. İndiyə kimi müəmma olaraq qalan həm də bu biznesin həcmidir. İctimaiyyətə indiyə kimi Anar Məmmədovun nəzarət etdiyi şirkətlərin çox kiçik bir hissəsi məlum olub.

Anar Məmmədovla bağlı apardığımız araşdırma nəticəsində məlum olub ki, onun Azərbaycanda, İngiltərədə və Türkiyədə nəqliyyat, tikinti və başqa sahələri əhatə edən biznesi var.

Nazir oğlunun Türkiyə biznesi:

Türkiyədə Anar Məmmədovun birbaşa adı keçən 2 şirkət mövcuddur. Bunlar, "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti", "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti", " şirkətləridir. (Pdf 1, Pdf 2)




A. Məmmədov "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti" və "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti"nin idarə heyətinin əvvəlki üzvüdür. Şirkətlər arasında maraqlı bağlantı isə indiki idarə heyəti üzvlərinin hər iki şirkətdə eyni adamlar və orada yer alanların Anar Məmmədova əlaqəli olması ilə bağlıdır.

Anar Məmmədovun əvvəlki idarə heytənin üzvü olduğu "Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti"nin sərmayə dəyəri 7.5 milyon TL (təxminən 2.8 milyon AZN) dəyərindədir. Şirkətin sərmayəsinin ortaqlar arasında necə bölünməsi isə göstərilməyib. Şirkətin indiki idarə heyətinin üzvləri "Garant" Holdinq Direktorlar Şurasının üzvü Emil Ələsgərov, Bakı şəhərində ictimai nəqliyyat sahəsində əsas pay sahibi olan Transaget LTD-nin rəhbəri Xəyal Rəsulov (Vergilər Nazirliyinin 05 sentyabr, 2011-ci il tarixində yaydığı məlumatda qeyd olunur ki, Xəyal Rəsulov həmçinin "ZQAN" Holdinqlə birlikdə "Global Card" LLC-nin də təsisçisidir/ Mənbə: abc.az) və Anar Məmmədovun babası Arzuman Məmmədovdur. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahəlirinin memarlıq layihəsinin hazırlamaq və inşa etməkdir.



"Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti"nin isə sərmayə dəyəri 100 milyon TL-dir. Şirkətinin indiki İdarə Heyəti yuxarıda adları çəkilən Emil Ələsgərov, Xəyal Rəsulov və Arzuman Məmmədovdur. Şirkətin əvvəlki idarə heyətində isə Anar Məmmədovla yanaşı "Baglan Group"un rəhbəri Hafiz Məmmədov da var. Bu şirkətin də əsas fəaliyyət istiqaməti bütün növ otel, rəsmi binalar, villalar, kanal, körpü kimi inşaat sahəlirinin memarlıq layihəsini hazırlamaq və inşa etməkdir.

Xəyal Rəsulov, Arzuman Məmmədov və Emil Ələsgərovu birləşdirən digər bir şirkət isə "Baltech inşaat sənayə və ticarət anonim şirkəti"dir. Şirkətin sərmayə dəyəri 51 milyon TL-dir (təxminən 19 milyon AZN). Şirkət 2011-ci il iyul ayının 7-də qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyət sahəsi bütün növ inşaat işləri, ofis binalarını, ticarət mərkəzlərini tikməkdir.



Adı keçən şirkətlərdə İdarə heyəti üzvü olan Emil Ələsgərov həmçinin Nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur.

Emil Ələsgərov həmçinin Vircin adalarında da iki şirkətin direktorları arasındadır: Trans-European Leasing Group Ltd. və Montgomery Industries Ltd. (Foto 6)

E.Ələsgərovun direktoru olduğu şirkətlərdən biri olan Montgomery Industries Ltd. həm də ZQAN Holding Limited-in səhmdarlarında biridir.

Trans-European Leasing Group Ltd. və Montgomery Industries Ltd. Şirkətlərinin direktoru kimi Emil Rafayil oğlu Ələsgərov Bakı şəhəri Ziya Bünyadov küç. 36A ünvanını qeydiyyat ünvanı kimi göstərib.



Trans-European Leasing Group Ltd. həmdə Bakı Beynəlxalq Avtovağzalının sifarişçisi "Bakı XXI Əsr" MMC-nin təsisçisidir, Böyük "Bakı XXI Əsr" MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilər barədə ictimaiyyətə məlumat verilmir.

Hansı ki, eyni ünvanda Belux mebel salonu və Azərbaycan at idman federasiyası qeydiyyatdan keçib.

Emil Ələsgərov bizə 2 jurnalistin - "Yeni Müsavat" qəzetinin reportyoru Elmin Bədəlovun və "Milli yol" qəzetinin əməkdaşı Anar Əliyevin (Gəraylı) nəqliyyat naziri Ziya Məmmədovun imarətinin qarşısında döyülməsi ilə bağlı hadisədən də tanışdır. O zaman Ziya Məmmədova məxsus olduğu iddia edilən imarəti çəkən jurnalistlərə qarşı şahid kimi gətirilən şəxslərdən biri də Emil Ələsgərov olmuşdu. Fotoları çəkilən və Ziya Məmmədova aid olduğu iddia edilən villa ilə qonşu olan E. Ələsgərov o zaman jurnaslitlərin döyülmədiyini iddia etmişdi.

Garant Holdinq biznesi:

"Garant Holdinq" Şirkətinin rəsmi web saytında yerləşdirilən məlumata görə, şirkətin direktorlar şurasının sədri Azərbaycan respublikası nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq" adi ilə fəaliyyət göstərib. Wikileaks-in "kimin nəyi var?" silsiləsindən yaydığı məlumatda qeyd olunurdu ki, ZQAN Məmmədov ailəsi üzvlərinin baş hərflərini özündə birləşdirib- ata Ziya, ana Qətibə, oğul Anar və qızı Nigar. Ancaq ZQAN rəsmisi bunu təkzib etmişdi.



"Garant Holdinq"in tərkibinə 17 yerli şirkət daxildir. Bunlar "Qarant Sığorta" ASC, "Azbentonit" MMC, "Royal İsteyt" MMC, "Qarant Tour" MMC , "English Yard" MMC, "Quba Olimpiya Kompleksi" MMC, "Avto-Media" MMC, "Ucar Aqro" MMC, "M.Trans" MMC, "Ameritex" MMC, "Transevrokom" MMC, " Zqan konstrakşn" MMC, "Turbo.az" MMC, "Qarant Sığorta Agenti" MMC, "Quba Resort" MMC, "AFK" MMC, "Delfin" MMC və "Goranboy Gips" ASC-dir. Holdinqə daxil olan şirkətlər fəaliyyət sahələrinə görə bir birindən fərqlənir.





"Qarant Sığorta" ASC-nin rəsmi saytında verilən məlumata görə, şirkətin təsisçisi "Garant Holdinq"dir. Şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir. Şirkət Həm fərdi, həm də korporativ müştərilərə 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Bura avtomobillərin sığortası, ipotekaların sığortası, tibbi sığorta, əmlak sığortası, məsuliyyət sığortası, yüklərin sığortası, xaricə səfərə çıxan şəxslərin sığortası və bir çox digər növləri daxildir.



"Garant Holdinq"-ə daxil olan "Azbentonit" MMC şirkətinin əsas fəaliyyət sahəsi ölkədəki mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif təyinatlı materialların istehsalını təşkil etməkdən ibarətdir.

Holdinqin tərkinbinə daxil olan "Royal İsteyt" MMC şirkəti Bakı Beynəlxalq Avtovağzalının 2-ci mərtəbəsində yerləşir. "Azadlıq Radiosu"nun "Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı" başlıqlı araşdırmasında qeyd olunur ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət (ZİQAN Construction) Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsusdur, kompleksi idarə edən şirkətin isə ("Bakı XXI Əsr") təsisçisi onun əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib.

"Royal İsteyt" MMC-nin illik maliyyə dövriyyəsi 6 milyon manat təşkil edir. Şirkətin əsas fəaliyyət sahəsi daşınmaz əmlakın idarə olunmasıdır.



"Qarant Tour" MMC də "Garant Holdinq"in tərkibinə daxil olan şirkətlərdəndir. Şirkətin maliyyə hesabatları barədə dəqiq məlumat olmasa da, əsas fəaliyyət istiqaməti ölkə daxilində və ölkə xaricində turistik xidmətlərin həyata keçirilməsidir.

Müxtəlif zamanlarda mediada yazılan məlumatlarda qeyd olunurdu ki, Quba rayonu nazir Ziya Məmmədovun nəzarətindədir. 2012-ci ildə Qubada beş verən üsyan zamanı da xalqın qarşısına məhz Ziya Məmmədov çıxmışdı. Yaranan problemin nəqliyyatla bağlı olmamasına rəğmən, məhz nəqliyyat nazirinin orada görünməsi bir çox suallara yol açmışdı. Quba ilə bağlı Anar Məmmədovun biznesi ilə əlaqədar məqam isə "Quba Olimpiya Kompleksi" MMC-nin də "Garant"ın tərkibinə daxil olmasıdır. Quba-Bakı magistral yolunun 4-cü km-də yerləşən Olimpiya Kompleksinin hüquqi təmsilçisi İsa Musayev adlı şəxs olsa da, "Garant Holdinq"in rəsmi saytında bu kompleksin holdinqin tərkibinə daxil olması qeyd olunur.



Anar Məmmədovun Instagramda paylaşdığı Rixos hotel və qolf meydançası



Oğul Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (A. Məmmədov AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur. Klubun yaradılmasına nə qədər maliyyə xərclənməsi qeyd edilməsə də Azərbaycan Qolf Federasiyasının menecerlərindən Dominik Naughton AzadlıqRadiosuna açıqlaçasında bildirib ki, layihə milyonlara başa gəlib. Ancaq sizə açıqlaya bilmərəm.

Nəqliyyat nazirinin oğlunun nəzarətində olan digər şirkət isə "Avto-Media" MMC-dir. Şirkətin əsas fəaliyyəti də məhz nəqliyyat ilə bağlıdır. 2008-ci ildə yaranan "Avto-Media"-nın əsas fəaliyyət sahəsi "London taxi"ləri kimi tanınan taksilərə, sərnişindaşıma avtobuslarına və yol boyu reklamların yerləşdirilməsidir. Xatırladaq ki, ölkədə taksilərin fəaliyyət göstərməsinə lisenziyanı Anar Məmmədovun atasının rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi verir.

"Garant Holdinq"in bir hissəsi olan "Ucar Aqro" MMC şirkətinin kəsim sexinin təməli 2012-ci il sentyabr ayında qoyulub. Sahəsi 5 hektar, ümumi ərazisi isə digər istehsal sahələri də daxil olmaqla 87 hektar təşkil edən kəsim sexində saatda 6 000 baş quş emal etməsi planlaşdırılıb. 2012-ci ilin sentyabr ayında "Zqan Holdinq"in yaydığı rəsmi məlumatda qeyd olunur ki, sexin tikinti müddəti 18-20 ay nəzərdə tutulub. Bu isə onu deməyə əsas verir ki, sex yaxın günlərdə tam gücü ilə fəaliyyətə başlayacaq. (Ucar Aqro şirkətinin son 3D görüntüləri ilə bu keçiddən tanış olmaq olar: http://www.garant.az/html/ucar_aqro.html)



Ata və oğulun birgə biznesi

Məmmədova məxsus şirkətlər arasında ən çox diqqət çəkənlərdən biri isə "M -Trans" MMC-dir. Şirkət Ata Məmmədovla oğul Məmmədovun birgə biznes maraqlarını da üzə çıxardır. Belə ki, "M-Trans" Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən "Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşınmalarını həyata keçirmək üçün" verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

Anar Məmmədovun bu şirkətinə isə atasının rəhbərlik etdiyi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün müvafiq lisenziyalar verilib.

Şirkətin rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda beynəlxalq və yerli sərnişindaşıma xidmətləri həyata keçirir. Bu məqsədlə şirkət 2014-cü ildə öz texniki bazasını gücləndirmək məqsədi ilə müasir standartlara cavab verən 5 ədəd Daewoo BH 120F markalı sərnişindaşıma avtomobili alıb. Bu avtobuslar əsasən Bakı - Naxçıvan və Bakı - Qırmızı Körpü istiqamətləri üzrə sərnişindaşıma xidmətlərini həyata keçirir. Yaxınlarda isə şirkət öz bazasına daha 5 ədəd Daewoo FX212 markalı avtobuslar daxil etməyi planlaşdırır.

Şirkət Azərbaycanın 62 rayonuna, o cümlədən Rusiya, Türkiyə, Gürcüstan və İranın 28 şəhərinə sərnişin daşımaları həyata keçirir.

Tikinti, sərnişin daşıması, turizm və digər biznes sahələrindən əlavə Anar Məmmədov digər gəlir mənbəyi Bakıda "İçəri şəhər"də yerləşən Meridian oteldir. Rəsmi olaraq "Ameritex" MMC kimi qeydiyyatdan keçən otel "Garant Holdinq"in tərkibinə daxildir.

"Transevrokom" MMC Anar Məmmədovun komunikasiya sahəsi üzrə ixtisaslaşan şirkətidir. Şirkətin əsas fəaliyyət sahəsi fiber optik kabellər vasitəsi ilə telekommunikasiya xidmətlərinin və genişzolaqlı limitsiz internet xidmətlərinin təşkilini həyata keçirdir. Şirkətin rəsmi saytında yerləşdirilən məlumata görə, şirkət bu vaxta qədər Bakı, Gəncə, Yevlax, Ağstafa, Hacıqabul şəhərlərində və Bakı - Böyük kəsik dəmir yolu boyunca bu kimi xidmətlərin təşkilini həyata keçirdib. (Rəsmi sayt: http://www.transeurocom.az/az/pages/2/32)

"Garant Holdinq"in tərkibində yer alan "Zqan Konstrakşn" MMC holdinqin ilk şirkətlərindən sayılır. 2003-cü ildə təsis edilən şirkət bır sıra dövlət və özlə tikintilər həyata keçirib. Bura Ucar və Zərdab rayonlarında Heydər Əliyev muzeyinin, Ucar, Yevlax və Quba rayonlarındakı avtovağzalların, Quba rayonunda SOCAR klinikasının, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin binasının (Bakı şəhəri), "Bank Of Azerbaijan"-nın Yasamal filialı binasının və digər irihəcmli binaların tikintisi daxildir.



4 may 2011-ci il tarixində Nəqliyyat Naziri Ziya Məmmədov Yeni Azərbaycan Partiyasının internet saytına verdiyi müsahibəsində deyib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sisteminin ümumi qurulmasına 77 milyon dollar vəsait xərclənib. Ancaq bu məbləğin nə qədərinin məhz mərkəzin binasının tikilməsinə xərclənməsi barədə heç bir məlumat qeyd olunmayıb.

"Turbo.az" MMC - "Garant Holdinq"in tərkibində yer alan bu şirkət uzun illərdir ki, Azərbaycanda avtomobil satışı saytı kimi tanınır. Saytın rəhbəri rəsmi olaraq təmsilçisi Emin Həsənov adlı şəxsdir. Ancaq saytı Elnur Baimov təsis edib. Elnur Baimov hətta mediaya açıqlamasında bildirmişdi ki, turbo.az onun ən sevimli layihəsidir. Qeyd edək ki, Baimov bir müddət Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Bakı şəhəri nəqliyyatı idarəetmə üzrə direktoru vəzifəsində çalışıb.

"Garant Holdinq"in tərkibində yer alan digər şirkət isə "Qarant Sığorta Agenti" MMC-dir. Şirkətin rəsmi təsisçiləri "Qarant Sığorta" MMC və "ZQAN Holdinq Limited" MMC-dir. Şirkət 2008-ci ildə yaradılıb. Şirkət hazırda Kaveroçkin 13 ünvanında "Garant Holdinq"in yerləşdiyi binada yerləşir.

"Goranboy Gips" ASC "Garant Holdinq"in tərkibində yer alan ən qalmaqallı şirkət hesab olunur. Şirkət Goranboy kəndinin Yuxarı Ağcakənd kəndində yerləşir. 2012-ci ilin əvvəllərində "Zqan Holdinq"lə "Goranboy Gips" ASC arasında uzun məhkəmə çəkişmələri olub. "Goranboy Gips" ASC-in ovaxtkı rəhbəri Füzuli Qasimov 2012-ci ilin iyun ayında baş verənlərlə bağlı mediaya bunları demişdi: "Goranboy-Gips" zəbt olunub. "Bir neçə gün əvvəl obyektimə basqın oldu. Basqında "ZQAN"ın, "Azbentonit"in nümayəndələri də iştirak edirdi. Həmin vaxt dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elədim. Basqınçılar yalnız bundan sonra geri çəkildilər. Dünən isə 102-yə etdiyim zəngə məhəl qoyulmadı. "Goranboy-Gips"ə basqın edib şirkəti götürdülər. Üstəlik mənim digər əmlakıma "Elmir MMC"-yə də basqın oldu. Əllərində Goranboy Məhkəməsinin qeyri-qanuni, qondarma qətnaməsi vardı. Halbuki həmin müəssisəmin "Goranboy Gips"ə heç bir aidiyyatının olmadığı haqda sənədləri də təqdim etmişdim. Müəssisələrimə əliavtomatlı adamları qoyub bizim ora girişimizin qarşısını alırlar. "ZQAN" holdinqin hüquqşünasları atamdan Goranboy polisinə şikayət ediblər. Faktiki atam bu şəxslərin üzünü görməyib. "Azbentonit"in müdiri də Goranboy polisinə məndən şikayət edib. Guya onu hədələmişəm".

Mübahisəli bank

Anar Məmmədovun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də "Bank of Azərbaycan"dir. Azərbaycan Dövlət teleqraf Agentliyinin 2011-ci ildə yaydığı məlumatda qeyd olunur ki, bank "Zqan Goldinq"in tərkibinə daxildir. 2013-cü ilinin yanvarın 22-dək Anar Məmmədov Bank of Azerbaijan-ın sənədlərində səhmlərin 81 fazinin sahibi kimi göstərilib. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış sənəddə qeyd olunur ki, A. Məmmədov bankın həmtəsisçilərindən biridir. 2012-ci ilin avqustunda Bakı Valyuta Birjasına təqdim olunan səhm satışı üzrə emissiya prospektində Bank of Azerbaijan-ın müşahidə şurasının üzvləri arasında Hafiz Məmmədovun da adı keçib. Hafiz Məmmədovun qardaşı Mübariz Məmmədov bank səhmlərinin 18 faizinin sahibi olub.

Anar Məmmədov "Bank of Azerbaijan"nın səhmlərini satandan sonra bank Hafiz Məmmədov və onun qohumlarının əlində cəmləşib. Bu ilin yanvarına olan məlumata görə,belə bölünüb – Hafiz Məmmədovun oğlu Kənan –43 faiz; digər oğlu Sənan – 43 faiz və qardaşı Mübariz –13 faiz.



2014-cu il may ayının 22-də isə Bank rəhbrəliyi tərəfindən keçirilən toplantının nəticəsi olaraq Hafiz Məmmədov bankın müşahidə şurasının sədrliyindən, qohumları isə müşahidə şurasının üzvlüyündən uzaqlaşdırılıb.

İclasda Mehman Məmməd oğlu İsmayılov "Bank of Azərbaycan"ın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev isə Müşahidə Şurasının üzvləri seçilib.

Son dəyişikliyi isə Azərbaycan mediası tərəfindən Anar Məmmədovun hafiz Məmmədov üzərində qələbəsi kimi qiymətləndirib. Müşahidə Şurasının sədri və üzvlərinin dəyişməsi bankın rəsmi məlumatlarında açıq göstərilsə də, yeni səhmdarlar və səhmlərin bölgüsü hələ ki, açıqlanmayıb.



Bankla bağlı bir dəyişiklik də ondan ibarətdir ki, Bankın idarə heyətinin yeni rəhbəri millət vəkili Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanovdur.

Hazırda bankın əsas binası və faktiki ünvanı nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus Garant Plazadır.

Son məlumatlarda qeyd olunan bankın səhmlərinin dəyəri 50 milyon manat təşkil edir.

Trump Towers Baku



"Garant Holdinq"in rəsmi saytında göstərilməsə də vergilər nazirlinin rəsmi məlumatlarında qeyd olunur ki, Bakı Voleybol Klubunun rəhbəri də nəqliyyat nazirinin oğlu Anar Məmmədovdur. Klub "Bakı Voleybol Klubu" MMC kimi qeydiyyatdan keçib. Şirkətin təsisçiləri "ZQAN Holdinq Limited" MMC və Həsrət Həsrətov adlı şəxsdir. Bakı Voleybol Klubu ilə bağlı maraqlı məqamlardan biri də ondan ibarətdir ki, klubun bazasına Anar Məmmədovun atası Ziya Məmmədov bir neçə dəfə baş çəkib. Ziya Məmmədov Nəqliyyat Naziri olmaqla yanaşı, həm də Azərbaycan Voleybol Federsiyasının prezidentidir.

Klubun rəsmi sponsoru isə "Bank of Azərbaycan"dır. Bu barədə bankın rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, sponsorluqla bağlı bankla klub arasında rəsmi müqavilə imzalanıb. Klubun qanuni təmsilçisi isə Anar Məmmədovun qohumu Ruslan Məmmədovdur. Anar Məmmədovun bir çox şirkəti kimi Bakı VK-nin də rəsmi qeydiyyat ünvanı Kaveroçkin küçəsi 13-dür.

Holdinqdə cəmləşən şirkətlər qrupunda yer alan digər şirkət isə "Real Təmizlik" MMC-dir. Bu barədə də holdinqin saytında rəsmim məlumat göstərilməyib. Ancaq vergilər nazirliyinin 2012-ci ildə yaydığı rəsmi məlumatlarda qeyd olunur ki, şirkətin təsisçisi "ZQAN Holdinqs Limited" şirkətidir. "Real Təmizlik" Birləşmiş Ərəb Əmirliyində qeydiyyatdan keçib.

Nazir oğlunun Azərbaycandakı beynəlxalq şirkətləri

Nəqliyyat nazirinin oğlu Anar Məmmədov təkcə ölkə daxilində və bir çox ölkələrdə şirkətlər yaratmaqla kifayətlənməyib, eyni zamanda bir çox şirkətlərin Azərbaycan üzrə "Françayzinq"ini (təmsilçilik hüququ) də alıb. Məmmədovun əlində cəmləşən bu formada 5 şirkət və 1 media qurumu var. Bunlar otelçilik xidməti göstərən "Rixos" Otelinin Azərbaycan filialı olan "Quba Rixos otel", qida sektorunda dünyada məhşur olan KFC-nin Bakıdakı restoranlar şəbəkəsi, Dünyanın məhşur geyim, saat və bjuteriya markalarından olan Versace-nin Azərbaycan nümaydəliyi, yenə də dünyanın tanınmış geyim markalarından olan "Giuseppe Zanotti"nin Azərbaycan mağazaları, dünyanın tanınmış otel şəbəkəsi olan "Trump"un Bakıdakı oteli "Trump Towers Baku" və dünyaca məhşur "National Geographic" jurnalının Azərbaycan dili üzrə bölməsi. (Garant holdinqin rəsmi saytı: http://www.garant.az/az/Fran%C3%A7ayzinq/0330)



Məmmədovun nəzarətində olan KFC Bakı restoranlar şəbəkəsi rəsmi olaraq AFK MMC adı ilə qeydiyyatdan keçib. Şirkətin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, KFC-nin Bakıda 4 restoranı mövcuddur. Bunlar Fəvvarələr Meydanında, Park Bulvar Alış-veriş mərkəzində, "28 mal" alış veirş mərkəzində və metronun 28 may metrosunun yanında yerləşən tarixi binada yerləşir.

Bakıdan İngiltərəyə qədər olan biznes əlaqələri

Anar Məmmədovun Böyük Britaniyada da biznesi var. O, "BROOKWOOD INTERNATIONAL lIMITED" şirkətinin təsisçisi və direktorudur.



Eyni zamanda Dubayda qeydiyyatdan keçmiş ZQAN holdinqin bir şirkəti ZQAN UK LTD adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib.



Anar Məmmədov şəxsən ZQAN UK LTD nin təsisçiləri arasında olmasa da, təsisçilərin arasında onun Böyük Britaniyadakı digər şirkəti olan "BROOKWOOD INTERNATIONAL lIMITED" də ortağı İngiltərə vətəndaşı Zəfər Abbasinin adı keçir.

Eyni zamanda Zəfər Abbasinin bir neçə başqa şirkəti də var İngiltərədə. İki ortaqlıq bizə digər şirkələrin də Anar Məmmədovla bağlılıq ehtimalını yaradır. Çünki Zəfər Abbasi digər şirkətlərində ZQAN UK LTD-nin təsisçilərindən olan İmran İshaqla ortaqdır.

ZQAN UK LTD nin təsisçiləri arasında olan Andrey Boris Çuykovun da ingiltərdə qeydiyyatdan keçmiş bir neçə şirkəti var.






AzNews.az