02:12
(077) 610-22-33

Prezident Ağdamda açılış etdi - AÇIQLAMA

  • >
4 436 6 Avqust 2014 10:40 | Cəmiyyət

Cəbhəyani bölgələrdə səfər edən Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdamda olub.

Rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, dövlət başçısı Ağdamın İmamqulubəyli qəsəbəsində məcburi köçkünlər üçün salınan 632 mənzilli yeni qəsəbənin açılışını edib.

Prezidentə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Qəsəbəyə Ağdam rayonunun "Dörd yol" adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək. Mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Bu ilin fevralında başlanmış tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.

Dövlət başçısı Ağdam rayonundan məcburi köçkün Bəsti Allahverdiyevanın ailəsinə ayrılmış mənzildə yaradılan şəraitlə maraqlanıb.

Sonra İlham Əliyev qəsəbədəki 50 çarpayılıq uşaq bağçası və yeni inşa edilmiş 440 şagird yerlik məktəb binası ilə tanış olub.

Dövlət başçısı məktəbin ərazisində nümayiş etdirilən "Çövkan" oyununa tamaşa edib.
Azərbaycan prezidenti məktəbin foyesində qəsəbənin baş planına baxıb, kompyuter otağında yaradılan şəraitlə maraqlanıb. Sonra dövlət başçısı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Qəsəbə sakinləri - ikinci qrup Qarabağ müharibəsi əlili, "Azərbaycan Bayrağı" ordenli Baxşeyiş Hətəmli və şəhid anası Məryəm Cəfərova göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə məcburi köçkünlər adından minnətdarlıqlarını bildiriblər.

Azərbaycanın Ali Baş Komandanı Ağdamda hərbi hissələrin birində zabit və gizir heyəti ilə də görüşlər keçirib.

Amid
AzNews.az

Bağla X