“Özünü tanı, hüququnu bil!” – Regionlarda gənc qızlar maarifləndirilir

"Gənclərin Sosial Problemlərinin Həllinə Kömək" İctimai Birliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi Gəncə-Qazax iqtisadı zonasında bir neçə bölgəni əhatə edən "Özünü tanı, hüququnu bil!" layihəsinin icrasına başlayıb.

Avqustun 2-də Daşkəsən rayonunda 30-dan artıq gənc qadın və qızların iştirakı ilə erkən nikah və fəsadları, şəxsin özünüdərk prosesi, fərdi inkişafı, arzularının və onlara aparan yolların seçilməsi, pozitiv düşüncə tərzi ilə insanın özünü realizə etmə bacarıqları mövzusunda seminar və mövzunun - xüsusən də məişət zorakılığına yol açan səbəb kimi erkən nikahın fəsadlarının müzakirəsi məqsədilə rayon ictimaiyyəti, icra nümayəndələri ilə birgə dəyirmi masa keçirilib.

İcraçı təşkilat "Özünü tanı, hüququnu bil!" adlı layihəsinin icrası üçün, keçirəcəyi növbəti tədbir Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində avqustun 22-də Göygöl bölgəsində gerçəkləşəcək.
Eyni mövzu altında layihənin növbəti seminarı Şəmkir bölgəsində sentyabr ayı üçün, son tədbir kimi isə daha geniş əhali kütləsinə çatımlı olması məqsədilə, Kəpəz tv-də layihə heyəti, yerlı icra orqanları, QHT nümayəndələri və ekspertlərin iştirakı ilə eyni "Özünü tanı, hüququnu bil!" başlığı ilə maarifləndirici proqramın hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, layihənin başlıca məqsədi bölgədə olan qızların fərdi inkişaf, erkən nikah mövzusunda maariflənməsi və məişət zorakılığının qarşısının alınmasına yardım etməkdən ibarətdir.