20:28
(077) 610-22-33

Azərbaycanın aparıcı KİV nümayəndələri düşmənlə üz-üzə səngərdə - Fotolar

  • >
3 256 8 Avqust 2014 07:44 | Cəmiyyət

"Ərazilərimizin azad olunacağı gün uzaqda deyil" - İcra başçısı


Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son həftə ərzində baş verən gərginlik zamanı bəzi KİV-lər dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan xəbərlər yaydılar. Bu xəbərlərdən meydana çıxan çaşqınlıq isə ictimaiyyətdə mənfi asossiasiya yaratdı. Ordu komandanlığı isə cəmiyyətə həqiqi məlumatlar çatdırmaq, Silahlı Qüvvələrin döyüş vəziyyəti ilə tanış olub, yerindəcə hərbçilərin xidməti şəraiti haqda reportaj hazırlamaq üçün ölkənin bir qrup media nümayəndəsinin cəbhə bölgəsinə səfərini təşkil edib. Komandanlıq həmçinin, bəzi ictimaiyyət nümayəndələrinin təmas xəttində döyüş aparan hərbçilərlə görüşünə də şərait yaradıb.

Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən səfərin birinci günü – avqustun 7-də media təmsilçiləri cəbhənin Füzuli rayonu istiqamətindəki "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşüb, hərbçilərimizin düşmənlə üz-üzə dayanan postlarında olub.

Əvvəlcə hərbi hissədə əsgər, gizir və zabitlərin qarşısında çıxış edən ictimaiyyət nümayəndələri ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, Silahlı Qüvvələrin Ali baş komandanı, prezident İlham Əliyevin Azərbaycan Ordusuna diqqət və qayğısından söz açıblar. Mərasimdə bildiriblər ki, Silahlı Qüvvələr bu gün Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuz müasir silah və hərbi texnika ilə tam təchiz olunub. Qətiyyətlə vurğulanıb ki, Azərbaycan Ordusu düşmənin istənilən hücum və diversiyasının qarşısını alır, erməni silahlı birləşmələrinə layiqincə cavab verir. Prezident İlham Əliyevin cəbhə bölgəsinə etdiyi səfərə və buradakı çıxışına diqqəti yönəldən natiqlər qeyd edib ki, bu, orduya ərazilərimizin azad edilməsi uğrunda daha böyük stimul verib.

Sonra media təmsilçiləri cəbhənin ön xəttinə yola düşüblər. Jurnalistlər səngərdə əsgər, gizir və zabitlərlə görüşüb, döyüş növbəsi çəkən hərbçilərimizin xidməti ilə yaxından tanış olublar.

Jurnalistlər səngərdən – postlardan düşmənin atəş nöqtələrini müşahidə ediblər.

Əsgərlərimiz isə işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda əməliyyatların başlanacağı günü səbirsizliklə gözlədiklərini bildirdilər.

Söhbət zamanı hərbçilər şəhid olan qardaşlarının qanını almağa hər zaman hazır olduqlarını və bunun üçün Ali Baş Komandanın əmrini gözlədiklərini də qeyd ediblər.

Səfər iştirakçıları Füzuli rayonu ərazisində yerləşən hərbi hospitalda olan döyüşçülərimizin müalicə şəraiti ilə tanış olublar.


Daha sonra media təmsilçiləri və ictimaiyyət nümayəndələri, avqustun 2-də düşmənin diversiya qrupunun həmləsinə layiqincə cavab verərək, qəhrəmanlıqla həlak olan, şəhid Sənan Quliyevin Yeni Xocavənd qəsəbəsində yeddi mərasimində iştirak ediblər. Burada qürurverici məqam isə qəsəbədə yol boyu Azərbaycanın dövlət bayraqlarının bəzədilməsi və şəhidin ailə üzvlərinin S. Quliyevin qəhrəmanlığı ilə fəxr etməsi olub.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidin qəhrəmanlığı haqda danışaraq, Sənan Quliyevin qəhrəman Qaradağlı kəndindən olduğunu deyib.

E. Hüseynov bildirib ki, S. Quliyevin ailəsində bu ilk şəhid deyil: "Sənanın əmisi də erməni işğalçıları ilə döyüşdə şəhid olub. Bu nəsilin nümayəndələri erməni işğalçılarına qarşı daim mübarizə aparıb, döyüşdə qəhrəmanlıq göstərmişlər".

İcra Hakimiyyətinin başçısı işğal altında olan ərazilərimizin azad olunacağı günün uzaqda olmadığını da xüsusi qeyd edib.

Şəhidin babası Əliqəmə Quliyev xalqı düşmənə qarşı amansız olmağa, onlara layiqli cavab verməyə çağırıb. O, bu yaşında döyüşə getməyə hazır olduğunu da bildirib.

Bundan başqa media nümayəndələri Azərbaycan Ordusunun Beyləqan istiqamətindəki, düşmənlə üzbəüz mövqelərində də olub, əsgərlərlə görüşüb, döyüş növbəsi aparan hərbçilərimizin xidməti şəraiti ilə yaxından tanış olublar.

Buradan düşmənin ön xətdəki mövqelərini müşahidə ediblər, hərbiçilərimiz bildiriblər ki, düşmən günün istənilən vaxtı atəşkəsi pozur, mövqelərimizi atəşə tuturlar. Amma yüksək döyüş əhval-ruhiyəsində olan hərbçilərimiz düşmənə layiqli cavab verərək, susdururlar.

Ön cəbhədə olan əsgərlərimizlə söhbət zamanı bir daha əminm olduq ki, həqiqətən hərbçilərimiz təmas xəttindəki postlarda ayıq-sayıq vətənin keşiyində dayanırlar.

Ramil Məmmədli

Füzuli-Beyləqan
Bağla X