17:29
(077) 610-22-33

Vağzaldakı hepatit mənbəyi, kondisionerli tualet, 30 qəpiklik üfunət - REPORTAJ

  • >
1 203 8 Avqust 2014 12:19 | Cəmiyyət

Lent az-ın əməkdaşı Bakıdakı ictimai tualet problemini araşdırdı

"Bu boyda ərazidə, parkda bir normal ayaqyolu yoxdur. Bircə bu çayxananın yanında var, ora da adam iydən, üfunətdən girə bilmir". Bunu bizə Zorge parkında Bakı sakini Eldar Quliyev dedi. Eldar onu da deyir ki, Bakıda ictimai tualetlərin sayı artmalıdır. Bulvarda, mərkəzdə bir-iki yerdə var. Amma şəhər kənar yerlərdə insan ehtiyaclarını qarşılamaq üçün sanitar qovşağı tapmır.
Hə, hə təəccüblənməyin, bu reportajımız paytaxtda fəaliyyət göstərən azsaylı ictimai tualetlərdəndir. Vətəndaşları narahat edən və bəlkə də kimlərinsə diqqət etmədiyi ictimai tualet problemindən danışacağıq.

"Zorgi" və "Koroğlu" parklarında vəziyyət gərgindir

Nəsimi rayonunda yerləşən parkdayıq. 4 parkın yan-yana olduğu yerdə bircə ictimai tualet yoxdur. Sadəcə bir çayxananın tərkibində pullu əsasda tualet fəaliyyət göstərir. Həmin bu ayaqyolu nə vəziyyətdədir, bir ondan istifadə edən bilir. Bəlkə də, aylarla orada təmizlik işi getmir. Amma içəri girən kimi 20 qəpiyini verməlisən. Tualetə nəzarət edən kişiyə iradımızı bildiririk. Cavabı belə olur. "Olanımız budur".

Parkda istirahət edən Bakı sakinləri də bu məsələdə gileylidirlər. "Bu boyda ərazidə, parkda bir normal ayaqyolu yoxdur. Bir bu çayxananın yanında var, ora da adam iyidən, üfunətdən girə bilmir. İnsanın ehtiyacları qarşılanmalıdır. Amma bu boyda parkda normal tualet yoxdur. Ümumiyyətlə, Bakıda ictimai tualetlərin sayı artmalıdır. Bulvarda, mərkəzdə bir-iki yerdə var. Amma şəhər kənar yerlərdə insan ehtiyaclarını qarşılamaq üçün sanitar qovşağı tapmır. Bununla bağlı bir tədbir görsələr yaxşı olar".


Dəmiryolu vağzalı: "Hepotit C" mənbəyi

Bakının mərkəzlərindən hesab edilən "28 may"da vəziyyət lap pisdir. Cabbarlının heykəlinin yaxınlığında ən yaxın ictimai tualet Dəmiryolu vağzalındadır. Satış kassalarının yanında bir ayaqyolu var. Natəmizlik, üfunət iyindən baş çatlayır. Unitazlar çirk içində, divarlar ləkəli, nəcis yerlə birdir. Krantdan isə çirkli su axır. Burda beşcə dəqiqə durmaq kifayətdir ki, hepatitə yoluxasan.


"İctimai tualet pulsuz olmalıdır"

Səməd Vurğunda bağında da 1 tualet var. Normal və səliqəli hesab etmək olar. Parkda istirahət edənlərin çoxu yaşlı nəsildir. Tez - tez ehtiyaclarını qarşılayırlar. Həmin bağda dincələn Lalə xala ilə da paytaxtda fəaliyyət göstərən ictimai tualetlərin vəziyyəti haqqında söhbətləşdik. "Əslində, şəhərdə olan bu tualetlər əhaliyə pulsuz xidmət göstərməlidir. Mən neçə il Sankt-Peterburqda yaşamışam. Orda əhalinin ehtiyacları qarşılamaq üçün şəhərin müxtəlif yerlərində ictimai ayaqyolular vardı. Pulsuz idi. Orda işləyənlərin maaşını isə meriya verirdi. İçəridə olan vəziyyət, təmizlik də yüksək səviyyədə. Amma burda elə yerlər var ki, pulunu da verirsən, təmizlik belə yoxdu. Tualetlər həm də ona görə pulsuz olmalıdır ki, bağda dincələnlər 4-5 saat burda olurlar. Qoca adamdı da, 3-4 dəfə ayaqyoluna gedir. Hər gedəndə 30 qəpik pul ödəməli olur. Bu da bir gün təqaüdçü üçün ciddi puldur. Bunları aidiyyəti qurumlar fikirləşməlidirlər".

Milli Parkın kondisionerli tualetləri

Paytaxtda yaxşı təmizliyi olan, şampunu, salfeti, hətta havanı təravətləndirmək üçün müxtəlif vasitələrə malik ayaqyolularımız da fəaliyyət göstərir. Milli Parkın əsaslı tikintisindən sonra tualetlər də təmir edilib. Hazırda bulvardakı tualetlərin durumu əvvəlkindən yer-göy qədər fərqlənir. Hər cür şəraiti var. İçəri girəndə vəziyyətin yaxşı olmasının şahidi oluruq. Çölün istisindən kondisionerli ayaqyolu daha rahat gəlir. Amma onların sayı həddindən çox azdır. Yeni bulvarla birlikdə 8-9 km məsafədə 6 ayaqyolu var. Parkda gəzişən, istirahət edən sakinlərin bir çoxu parkda "mədəniyyət evlər"in az olmasından şikayətlənirlər. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun dediyinə görə, yeni bulvar zolağında iki, köhnədə isə dörd ayaqyolu fəaliyyət göstərir. "Vətəndaşların bir çoxunu həmin bu ayaqyoluların yerini bilmədiyindən şikayətlənmələri normaldır".


Metrolardakı tualetlərin qapısının qıfılları pas atıb

Bir qədər əvvəl metropoliteninin bütün stansiyalarındakı tualetlərdən istifadə sərnişinlərə qadağan olundu. Səbəb isə tualetlərdən yalnız Metropolitenin işçiləri istifadə etməsi göstərildi. İndi həmin tualetlərin qapısındakı qıfıllar pas atmaqdadır. Metro sərnişinlərinin lazım olan halda öz tələbatlarını ödəmək üçün isə heç bir iş görülmədi.
"Bakı Metropoliteni" QÇS-in mətbuat xidmətin rəhbəri Nəsimi Paşayev deyir ki, Metropolitendəki tualetlər sərnişinlər üçün nəzərdə tutulmamışdı. Həmin tualetlər ticarət köşklərinin işçiləri üçün idi. ""Bakı Metropoliteni" QSC yarandıqdan sonra sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün ticarət köşklərinin yığışdırılması haqqında qərar qəbul olundu. Sırf ticarət köklərinin işçiləri üçün nəzərdə tutulan və pullu xidmət göstərən tualetlərin də qapadılması gündəmə gəldi və bağlandı. Yalnız metropoliten işçiləri tualetdən istifadə edir. İstisna hallar da rəhbərliyin belə bir göstərişi var ki, uşaqlı ailələr, yaşlı insan müraciət etdikdə onların tualetdən istifadə etmək üçün şərait yaradılsın. Keçmişdə fəaliyyət göstərən tualetlərin bərpası ilə bağlı heç bir məsələ gündəmdə deyil ".


Səyyar tualetlər indi haradadır?

Bakıda keçirilən "Evrovizion" mahnı müsabiqəsinin keçirildiyi vaxtlarda əsasən turistlərin ehtiyaclarını şəhərdə qarşılamaqdan ötrü müxtəlif yerlərində səyyar tualetlər vardı. Müsabiqədən sonra yoxa çıxan bu səyyar ayaqyoluların hara aparıldığı heç kimə məlum deyil. Amma şəhərin bir çox mərkəzi yerlərində bu cür səyyar, mini-tualetlərin olması məqsədə uyğundur. Məsələn, Sahil bağında, "Tarqovu"da bu cür ayaqyolulara ehtiyac var. Fəvvarələr meydanın yanında son təmirlərdən əvvəl mini-tualet vardı. Təmir-tikinti işləri bitdikdə həmin tualet də söküldü.


Regionlara baxanda, Bakıya şükür

Regionlarımızda isə vəziyyət çox bərbaddır. Gəncə, Naxçıvan şəhərləri istisna olmaqla heç bir rayonda 1 dənə də olsun ictimai ayaqyolu yoxdur. Avtovağzallarda, şəhərlərarası avtobusların istirahət dayanacaqlarında qeyri-sanitar fəaliyyət göstərən tualetlər var ki, onlar da natəmiz, anti-sanitariya vəziyyətində.

Dünyada ölkələrində ictimai tualetlərin xəritəsi hazırlanıb

Yeri gəlmişkən, dünyanın qabaqcıl şəhərlərində ictimai tualetlərin xəritəsi belə hazırlanır. Məsələn, Moskvada pulsuz fəaliyyət göstərən tualetlərin yerləşdiyi əraziləri göstərən xəritələr buraxılıb. Xəritə moskvalılar və turistlər üçün nəzərdə tutulub. Siyahıda Moskva şəhərində 215 tualetin ünvanı verilib. Bunlardan 40 mərkəzdə yerləşir.
Əlavə məlumat kimi də qeyd edək ki, dünyada ən böyük tualet xəritəsi Avstraliyada hazırlanıb. Xəritədə 14 min tualetin yeri qeyd edilib...

AzNews.az
Bağla X