Xalq şairi Sabir Rüstəmxanlı dünya şöhrətli azərbaycanlı alim Cavad Heyətin vəfatı ilə bağlı nekroloq yazıb. Xalq şairi Sabir Rüstəmxanlı dünya şöhrətli azərbaycanlı alim Cavad Heyətin vəfatı ilə bağlı nekroloq yazıb.

“Onun ölümü bizim hamımızı sarsıtdı" - Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlı dünya şöhrətli azərbaycanlı alim Cavad Heyətin vəfatı ilə bağlı nekroloq yazıb.


Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən AzNews.az-a daxil olan nekroloqda deyilir:

"Xalqımız ömrünü millətinin varlığının, dilinin, kimliyinin qorunmasına həsr edən daha bir ziyalısını, aydınını itirdi. Adı çəkiləndə Güney Azərbaycan, orda azadlığı uğrunda çalışan minlər, dilini qorumağa qalxan milyonlar yada düşən Cavad Heyətin ölümü hər birimizi sarsıdır.

Statistik reallıq üçün az ömür sürməyib Cavad Heyət: 1925-ci il mayın 24-də Təbrizdə, tanınmış ziyalı Mirzəli Heyətin ailəsində dünyaya göz açıb. Mirzəli Heyət məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınıb, İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynayıb.

Canında, qanında daşıdığı azadlıq, milli düşüncə bütün şüurlu həyatını əhatə edirdi Cavad Heyətin. İstanbul və Paris universitetlərində tibb təhsili almışdı, ölkəsinin və dünyanın tanınmış cərrahlarından biri idi, İranda ilk dəfə ürək əməliyyatını (koronar şuntlama) aparmışdı, amma bütün bunlardan əlavə millətinin folklorunu, ədəbiyyatını, mədəniyyətini təmsil edirdi. Cavad Heyət tibbi araşdırmaları ilə tanınırdı, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin, Paris Cərrahlar Akademiyasının üzvü, Türk Dil Qurumunun fəxri sədri və dünyanın bir çox universitetlərinin, o cümlədən Azərbaycan universitetlərindən bəzilərinin fəxri doktoru idi.

Yüzlərlə elmi məqalənin, cərrahiyyəyə aid 3 fundamental kitabın müəllifi idi, amma həm də türkologiyaya aid yeddicildlik yazmışdı, Azərbaycanın şifahi xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmışdı.

Bir neçə dildə - ingilis, fars, türk və s. – mükəmməl danışan Cavad Heyət uzun müddət öz həyat missiyasına uyğun "Varlığ"ı qorudu, bu dərgidə milli mədəniyyəti yaşatmaqdaydı.

Son illər səhhətində yaranan narahatlıqlar bu böyük insanın fəaliyyətinə nisbətən təsir etmişdi, amma bu yaşda belə soydaşlarımızla bağlı olan tədbirlərdən qalmamağa çalışırdı: hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdu və bu münasibətlər hər zaman vaxtında, məqamında olması, gərəkliliyi, barışdırıcılığı ilə seçilirdi. Həm də dostlarına, xüsusilə səhhəti ilə qayğılanan arxadaşlarına son mənzilinin Bakıda olması arzusunu dilə gətirirdi.

Böyük azərbaycanlının müstəqil Azərbaycanın başkəndində dəfn olunması onun halal haqqıdır.

Cavad Heyətin yeri hər zaman görünəcək və o, hər bir azərbaycanlının ürəyində, oxucularının qəlbində yaşayacaq.

AzNews.az