“Cavad Heyət Təbrizdə dəfn olunmalıdır”

Aqil Camal: "Bunu millətimizin, dövlətimizin, varlığımızın mənafeyi tələb edir"

Avqustun 12-də dünyasını dəyişmiş məşhur güneyli cərrah Cavad Heyətin harada dəfn olunacağı məsələsi gündəmə gəlib. Millət vəkili Sabir Rüstəmxanlı açıqlama verərək doktorun Bakıda torpağa tapşırılmasını vəsiyyət etdiyini bildirib. Doktorun Bakıda Fəxri Xiyabanda, yaxud, Təbrizdə Şairlər Xiyabanında dəfn olunacağı haqda mülahizələr dolaşır.

"Türküstan" qəzetinin baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal Modern.az saytına bildirib ki, doktor Cavad Heyət doğulub böyüdüyü Təbriz şəhərində dəfn olunmalıdır:

"Eynən, Şəhriyar kimi. Onun məzarı o tayda yaşayan milyonlarla soydaşımızın istinad, qürur yeri olmalıdır. Doktorun məzarının öz doğulduğu şəhərdə, Azərbaycanın mərkəzi şəhərində olması, bu məzarın dünya azərbaycanlıları üçün də bir ziyarətgaha çevrilməsinə gətirib çıxaracaq".

A.Camal hesab edir ki, Azərbaycan dövləti təcili şəkildə doktorun ailəsi ilə birgə bu məsələ üzərində işləməli, Bakıda Cavad Heyətin adına, kimliyinə layiq şəkildə vida mərasimi təşkil olunmalıdır:

"Ardınca, o böyük insanın nəşi Təbrizə yola salınmalıdır. Bunu millətimizin, dövlətimizin, varlığımızın mənafeyi tələb edir".

AzNews.az