Müdafiə Nazirliyi jurnalistlərin hərbi biliyindən narazıdır - Treninq keçiriləcək

Bu gün Milli Məclisin göndərişi ilə cəbhə bölgəsində səfərdə olmuş, təmas xəttində yerləşən kəndlərdə yaşayan əhali ilə görüşlər keçirmiş deputat Xanhüseyn Kazımlı və Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbaninin iştirakı ilə "Hərbi vətənpərvərlik ruhunun müasir vəziyyəti və onun yüksəldilməsi" mövzusunda konfrans keçirilib.

AzNews.az xəbər verir ki, konfransda çıxış edən millət vəkili X.Kazımlı bildirib ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək əzminindədir. Ali Baş komandanın əmrini gözləyir.
Millət vəkili deyib ki, Azərbaycan qan töklüməsini, müharibəni istəmir: "Ordumuz 3 gündə düşməni torpaqlarımızdan çıxaracaq gücə malikdir. Lakin dediyim kimi, qan tökülməsini istəmirik".
X. Kazımlı son 22 ildə Ermənistan tərəfindən Azərbaycana dəymiş zərərin onun rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən araşdırıldığını da deyib: "Bunun üçün ölkəyə beynəlxalq səviyyəli ekspertlər dəvət olunub. Çalışırıq ki, ölkəmizə dəymiş zərər düzgün araşdırılıb dünyaya çatdırılsın".

A. Qurbani də orduda olan ruh yüksəkliyindən və döyüş bacarığından danışıb: "Azərbyacan Ordusu bu gün müharibəyə hazır vəziyyətdədir və hər an Ali Baş Komandanın əmrini gözləyir".
Azərbaycanda hərbi jurnalistikanın zəif olduğunu deyən polkovnik qeyd edib ki, tezliklə Müdafiə Nazirliyi mətbuat nümayəndələri üçün bu mövzuda treninqlər keçirməyi planlaşdırır.

Amid
AzNews.az