22:14
(077) 610-22-33

Masallıda “Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi” keçirilib - FOTOLAR+VİDEO

  • >
913 15 Avqust 2014 12:42 | Cəmiyyət

Masallı rayonunda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "İslahatçı Gənclər" İctimai Birliyinin(İB) reallaşdırdığı "Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi" layihəsi keçirilib. Düşərgənin açılış mərasimində Prezident Administrasiyasının(PA) İctimai-siyasi şöbəsinin gənclər təşkilatları ilə iş sektorunu məsul əməkdaşı Səbuhi Rzazadə, Azərbaycan Gənclər Fondunun(AGF) təmsilçisi Mübariz Qədirov, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, TTV-nin Baş direktoru Nadir Şəfiyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Aktual.az saytının baş redaktoru Anar Yusifoğlu, "Azadinform" İA-nın baş redaktoru Niyaz Niftiyev, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov, JAM sədri Seymur Verdizadə, "İrəli" İB sədri Mirhəsən Seyidov, Azxeber.com-un baş redaktoru Hacıbəy Heydərli, əməkdar artist Aybəniz Haşımova və rayon icra hakimiyyətinin rəsmiləri iştirak edib.

Düşərgənin açılış mərasimində çıxış edən "İslahatçı Gənclər" İB-nın sədri Fərid Şahbazlı Azərbaycanda mediaya olan dövlət qayğısından söz açıb. Birlik sədri vurğulayıb ki, Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuatın üzərindən senzuranın götürülməsi, qəzetlərin borclarının silinməsi ölkəmizdə azad və müstəqil medianın inkişafında dönüş mərhələsi oldu. Bu gün mətbuata dövlət dəstəyi siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən də olduqca uğurla davam etdirilir. Təsadüfi deyil ki, Cənab Prezident ölkə mediası tərəfindən iki dəfə "Jurnalistlərin Dostu" mükafatına layiq görüb".

Fərid Şahbazlı qeyd edib ki, Azərbaycanda mediaya olan dövlət qayğısı gənclərin bu sahəyə olan marağını artırıb və gənc jurnalistlərin peşəkarlıq məsələsi önə çıxıb. Birlik sədri deyib ki, "Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi"nin keçirilməsi zərurəti də buradan doğub.

Açılış mərasimində çıxış edən bütün qonaqlar-dövlət qurumlarının rəsmiləri, Mətbuat Şurasının rəhbərliyi, tanınmış media qurumlarının və təşkilatlarının rəhbərləri Azərbaycanda mətbuatın sürətli inkişafından söz açaraq, mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar. Natiqlər "Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi" layihəsinin əhəmiyyətini vurğulayaraq, düşərgənin işinə uğur arzu ediblər.

Daha sonra düşərgə üç gün ərzində panel görüşləri ilə davam edib. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, TTV-nin baş direktoru Nadir Şəfiyev, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, CASFEN sədri Azər Həsrət, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Aktual.az saytının baş redaktoru Anar Yusifoğlu, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov, Azxeber.com saytının həmtəsisçiləri Hacıbəy Heydərli, Əfsələddin Ağalarov gənc jurnalistlərlə görüşərək, onlarla mətbuatımızın hazırki durumu, jurnalistikanın müxtəlif istiqamətləri mövzusunda müzakirələr aparıblar.

Bundan başqa düşərgə boyunca gənc jurnalistlərə KİV-də etik kodeks: problemlər və həlli yolları, jurnalistlərin ilk mənbədən informasiya almaq imkanları, Ənənəvi və yeni media rəqabəti, sosial şəbəkələrin internet medianın fəaliyyətində rolu və bir sıra digər mövzularda təlimlər keçirilib.(Editor.az)



AzNews.az
Bağla X