02:11
(077) 610-22-33

Birinci xanımın iradı bəhrə verdi (FOTO+ VİDEO)

  • >
1 158 18 Avqust 2014 11:56 | Cəmiyyət

Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında məhv edilmiş yaşıllıqların bərpasına başlanılıb. ANS PRESS-in məumatına görə, ötən gün həmin ünvanda 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə məlumatlar yayılandan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya göstərib. Onun göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Göstərişlərə əsasən ərazi yoxlanılıb və məhv edilən yaşıllıqların bərpasına başlanılıb.

Ərazidə yaşayan sakinlər ANS PRESS-ə açıqlamalarında bildiriblər ki, həmin ərazidə ağacların kütləvi şəkildə məhv edilməsi barədə bir neçə orqana şikayət ediblər. Lakin həmin qurumlardan məsələyə soyuq yanaşılıb. Hadisə barədə yalnız ölkənin Birinci xanımı xəbər tutandan və reaksiya bildirəndən sonra məsələ ilə ciddi maraqlanıblar. Orxan Əliyev adlı vətəndaşın ANS PRESS-ə bildirdiklərinə görə, 10 gün əvvəl bir neçə dəfə həmin ərazilərdə ağacları qırıblqar.

"Əvvəlcə ərazidə 2 ağac kəsmişdilər. Sonra biz Nəsimi rayon Polis İdarəsi 19-cu bölməyə şikayət etdik. Polislərlə birlikdə həmin adamları qovduq. Lakin sonra yenə də ağacları qırmağa başladılar. Gah dedilər ki, Ekologiya Nazirliyindənik, gah dedilər Yaşıllaşdırma İdarəsindən. Dəfələrlə İcra Hakimiyyətinə də şikayət etdik. Gəlib baxıb getdilər. Dedilər araşdıracağıq. Sonra yenə də, həmin adamlar gəlib ağacları kökündən çıxarmağa başladılar. Ərazini boşaldıb. Orada obyekt tikmək istəyirdilər", - deyə Orxan Əliyev bildirib.

Sakinlər deyirlər ki, yalnız Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məsələyə ciddi münasibət bildirəndən sonra ağacların kütləvi şəkildə qırılmasına son qoyuldu. Samirə Əliyeva adlı sakin deyir ki, əgər Mehriban Əliyeva köməklik etməsəydi, ərazidəki yaşıllıqlar kökündən məhv ediləcəkdi.

"16 ağac məhv etmişdilər. Mehriban xanımın birbaşa Bakı şəhər İcra Hakimiyyətinə göstərişi ilə ərazidə 30-a yaxın ağac əkilir. Bundan əlavə əraziyə ot örtüyü salınır. Bizim səsimizə səs verdiyi üçün Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk", - deyə Samirə Əliyeva bildirib.

Qeyd edək ki, hazırda ərazidə Bakı şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma İdarəsinin və Ekologiya Nazirliyinin mütəxəssisləri işləyirlər. Ərazidə yeni ağaclar əkilir və təzə ot örtüyü salınır.

Yaşıllıqların məhv edənlərin kimliyinə gəlincə, Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsindən ANS PRESS-ə bildiriblər ki, məsələ ciddi şəkildə araşdırılır. Təhqiqat nəticəsində həmin şəxslərin kimliyi məlum olacaq. Bölmədən əmin etdilər ki, günahkarlar mütləq cəzasına çatacaq.



AzNews.az
Bağla X