00:56
(077) 610-22-33

Cavad Heyətin dəfn məsələsi yenidən gündəmdə

  • >
663 18 Avqust 2014 15:04 | Cəmiyyət

"Avqustun 12-də Bakıda vəfat edən məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətin İranın Azərbaycandakı səfirliyinə təqdim olunmuş vəsiyyətnaməsində Tehranda dəfn olunmaq arzusu yazılmışdı".

Bu barədə APA-nın sorğusuna cavab olaraq İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi bildirib.

Onun sözlərinə görə, mərhumun vəsiyyətnaməsi səfirliyə təqdim olunub, lakin sonradan qərar dəyişilib: "Çox istəyirdik ki, doktor Heyətin vəsiyyətnaməsinə əsasən onu Tehranın İbn Babiveyh məntəqəsində böyük ehtiram və yüksək səviyyəli bir mərasimlə dəfn edək. Lakin mərhumun möhtərəm ailəsi onun Bakıda dəfn olunması barədə qərar verib, biz də bu qərara hörmətlə yanaşırıq".

S.M.Ayətullahi İran İslam Respublikası ilə Azərbaycan arasında daimi dostluq və bağlılığın olduğunu vurğulayıb: "Doktor Heyət iki ölkə xalqının fəxridir və mərhumun dəfn mərasiminin layiqli şəkildə keçirilməsi üçün şərait yaratdıqlarına görə Azərbaycanın məsul şəxslərinə təşəkkürümü bildirməyi özümə borc bilirəm".

Professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi bildirib ki, Cavad Heyətin İran səfirliyində olan vəsiyyətnaməsi köhnədir. Bu vəsiyyətnamə üç il əvvəl doktor Heyət tərəfindən səfirliyə təqdim olunub.

Onun sözlərinə görə, səfirliyin açıqlamasında həqiqət var: "Cavad Heyətin Tehranda dəfn olunmasını yazdığı vəsiyyətnamə var, amma o köhnədir. Mən bildiyimə görə, orda üç yer göstərilmişdi, amma sonradan o vəsiyyətnamə dəyişdirilib. Çox güman ki, səfirlik köhnə vəsiyyətnaməni əsas götürüb. Həm də mən bu barədə geniş danışmaq istəməzdim, o qədər geniş məlumata malik deyiləm. Mərhumun qardaşı Məhəmmədrza Heyət məsələ ilə bağlı açıqlama verəcək".

Qeyd edək ki, 89 yaşında Bakıda vəfat edən C. Heyət II Fəxri xiyabanda dəfn olunub.

AzNews.az
Bağla X