09:44
(077) 610-22-33

Ramil Usubovun İranlı nazirlə narkotik söhbəti... – GÖRÜŞ

  • >
1 129 19 Avqust 2014 10:14 | Cəmiyyət


Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir xalqlarımız arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb. Qeyd edilib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verir. Belə bir şəraitdə hüquq-mühafizə, o cümlədən ictimai təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının üzərinə böyük məsuliyyət düşür. Nazir R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Ölkə prezidenti İlham Əliyevin İrana müxtəlif vaxtlarda etdiyi rəsmi səfərlərin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməyə imkan verdiyini nəzərə çatdıran general-polkovnik Ramil Usubov əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb. Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunub. Hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.

Qasım Rezayi səmimi qəbula və ətraflı məlumata görə nazirə minnətdarlığını bildirib. Qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Amid
AzNews.az
Bağla X