Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov yeni media layihəyə start verir. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov yeni media layihəyə start verir.

Anar Məmmədov daha bir media layihəyə start verir

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov yeni media layihəyə start verir.

AzNews.az-ın məlumatına görə, o, bir əsrdən çox yaşı olan "National Geographic" jurnalını bu yaxınlarda Azərbaycan dilində də nəşr etdirəcək. Yeni layihə "Garant Media Holding"in stərkibinə daxil ediləcək.



Bu barədə məlumatı Anar Məmmədovun özü "oxu.az" saytına müsahibəsində bildirib. Həmin müsahibəni təqdim edirik:




– Anar müəllim, bu ideya necə meydana gəldi? Layihənin ideyadan real işə çevrilməsi üçün nə etməli oldunuz?
– Azərbaycan-Amerika Alyansı uzun müddətdir ki, ABŞ və Azərbaycan arasında mədəni əlaqələrin yaxşılaşdırılması, xalqlarımız arasındakı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi sahəsində böyük işlər görür, bir sıra qarşılıqlı layihələri həyata keçirir. Bu münasibətlər əsnasında "National Geographic" Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olmuşduq. Bizdə belə bir ideya yarandı ki, Azərbaycanda da bu jurnal dərc olunsun.
126 ildir ki, fəaliyyət göstərən və onlarla media qurumlarına, kitab nəşrlərinə, müxtəlif ictimai layihələrə malik olan, dünya elminin inkişafına təsirinə görə Nobel Fondundan az iş görməyən elmi araşdırma və tədqiqatlara dəstək verən "National Geographic" Cəmiyyəti dünyanın ən qocaman qeyri-hökumət təşkilatlarından biridir.
Cəmiyyətin flaqman layihəsi olan "National Geographic" jurnalı Azərbaycandan əvvəl dünyanın 39 ölkəsində çap olunub. Azərbaycan bu jurnalı nəşr edən 40-cı ölkədir. Bu simvolik rəqəmdir. İnanırıq ki, bu, bizə uğur gətirəcək.

– "National Geographic" jurnalının hədəfi nədir?
– Jurnalın əsas məqsədi, məramı, devizi "Planetimizin bizə ehtiyacı var" şüarıdır. "National Geographic" jurnalının ideyası ətraf mühitin qayğısına qalmaqdır. Bunlar, necə deyərlər, "yaşıl" ideyalardır. Ekologiya və ətraf mühiti dəstəkləyən bir təşkilat olaraq biz bu jurnalın Azərbaycanda nəşr edilməsi fikrinə gəldik və fikrimizdə yanılmadıq. Çünki cəmiyyətimizin belə bir layihəyə böyük ehtiyacı var.
Biz bu jurnal vasitəsilə həm dünya mədəniyyəti və tarixi, dünyada baş verən proseslər, əsasən də, təbiəti daha çox fotoşəkillər vasitəsilə oxucularımıza çatdırmaq niyyətindəyik. Çünki "National Geographic" jurnalı, ilk növbədə, fotojurnaldır.
Bu jurnal üçün çalışan fotoqraflar çox yüksək səviyyəli peşəkarlardır. "National Geographic" jurnalında nəşr olunan fotoşəkillər, mən deyərdim ki, hətta incəsənət nümunəsidir.
Mən əminəm ki, vaxt keçdikcə "National Geographic" jurnalında yer alan fotoşəkillər bir gün muzeylərdə, hər hansı məşhur rəssamın əsərləri ilə yanaşı nümayiş olunacaq və sözün əsl mənasında, tarixə çevriləcək.
"National Geographic Azərbaycan" jurnalında, orijinalda olduğu kimi, informasiya oxucularımıza, əsasən, fotoşəkillər vasitəsilə çatdırılacaq.

– Jurnalın Azərbaycan versiyasında hansı materiallar öz əksini tapacaq?
– "National Geographic" jurnalının mövzuları rəngarəng və müxtəlifdir. Lakin əsasən, bu yeddi mövzunu əks etdirir: coğrafiya, tarix, arxeologiya, təbiət və canlı aləm, fərqli elm sahələri, səyahətlər, geosiyasət.
"National Geographic" jurnalının başlıca hədəfi dünya irsinin təbliğidir. Lakin bu, o demək deyil ki, jurnalda yalnız xarici ölkələr barədə məqalələr olacaq.

Biz, həmçinin, Azərbaycan coğrafiyası, tarixi və mədəniyyətini əhatə edəcək maraqlı məqalələr yazacaq, jurnalda ölkəmizi vəsf edəcək fotoşəkillər dərc edəcəyik.
"National Geographic" jurnalının adındakı "milli" sözünə baxmayaraq, əsas konsepsiyası dərginin müxtəlif ölkələrdə nəşr olunması və dünya dövlətlərindən xəbər verməsindən ibarətdir.
Ancaq biz bunu yetərli hesab etmirik. Fikrimcə, "National Geographic Azərbaycan" bütün dünyanı oxucularımıza tanıtmaqla yanaşı, vətənimiz haqqında indiyədək məlum olmayan məlumatlar da verməlidir.
Təəssüflə qeyd etməliyəm ki, dünya ictimaiyyəti Azərbaycan haqqında çox az həqiqi informasiyaya malikdir. Biz Azərbaycan həqiqətləri barədə mühüm məlumatlar vermək istəyirik və bu, sözügedən jurnalda əsas məqsədlərimizdən biridir.
Mütləq şəkildə qeyd etmək istərdim ki, bu məlumatlar beynəlxalq aləmdə tanınmış simalar – jurnalist və fotoqraflar tərəfindən peşəkarcasına və obyektiv olaraq əks etdiriləcək.

– "National Geographic Azərbaycan" jurnalının ilk buraxılışı hansı mövzulara həsr olunacaq?
– İlk nömrəmizdə yerləşdirdiyimiz Azərbaycanla bağlı səhifələrimizi hər şeydən əvvəl qeyd etmək istərdim. Dünyaca məşhur azərbaycanlı fotoqraf, "Emmy" mükafatı almış Rza Diqqəti "National Geographic" Cəmiyyətinin həqiqi üzvüdür və ürəyi Azərbaycanla döyünən bir insandır. Biz onun Azərbaycanla bağlı olan fotoşəkillərini dərc etmişik.
Onun fotoşəkillərində ilk növbədə Qarabağ hayqırtısı var. Rza Diqqəti ölkəmizdə mövcud olan tolerantlıqdan, dövlətimizin müxtəlif dini icmalara sərbəst və rahat şəkildə yaşamağa imkan yaratmağından bəhs edir.
"National Geographic" jurnalının ilk sayının üz qabığında biz Rzanın Qobustanın qədim qayalıqlarında çəkdiyi fotoşəkli yerləşdirmişik. Bu fotoşəkildə o, sanki Azərbaycanın qədim tarixinə öz əli ilə toxunur. Bu fotoşəkil elə bil oxucunu da bu tarixə toxunmağa, onu daha yaxından tanımağa dəvət edir.
Burada Azərbaycanın təbiətini əks etdirən fotoşəkillərə də yer vermişik, jurnalda, hətta Xınalıq barədə informasiya da əks etdirilib. Növbəti saylarda da Azərbaycan haqqında bu cür məqalələr mütəmadi olaraq dərc olunacaq.

– Yerli nəşrin digər nəşrlərdən başlıca fərqi nədən ibarət olacaq?
– "National Geographic" jurnalının Azərbaycan dilindəki buraxılışı digər ölkələrdə nəşr olunan jurnallardan az fərqlənir, çünki bu jurnal dünyanın müxtəlif ölkələrində eyni kontentlə çıxır. Bu, "National Geographic" Cəmiyyətinin əsas tələbidir – kontentin 80%-i flaqman (ABŞ) nəşri ilə eyni olmalıdır, qalan 20% isə yerli kontentə həsr oluna bilər.
Onu da əlavə etmək istərdim ki, "Azərbaycan rəngləri" adlanan fotoməqaləmizdə vətənimizin yaxın keçmişdə yaşadığı faciələr də öz əksini tapıb. Xocalı, Qanlı Yanvar faciələri barədə fotolar oraya yerləşdirilib.
Düzdür, biz siyasətdən kənar bir jurnalıq, dərgimiz siyasəti, müharibəni təbliğ etmir, lakin biz, sadəcə, oxuculara tariximizin bu olaylarını çatdırmaq istəyirik.

– Azərbaycan dilində jurnalın ilk sayı nə zaman işıq üzü görəcək? Jurnalı hansı tirajla buraxmağı planlayırsınız?
– Jurnal 1 sentyabrdan etibarən bütün Azərbaycan ərazisində - mağazalarda, köşklərdə, ticarət-ictimai obyektlərdə satışda olacaq.
Artıq jurnala abunə də yazılmaq mümkündür. Hətta ən ucqar kəndlərdə yaşayanlar belə jurnala abunə ola bilər. Abunə olmaq daha rahatdır. Sadəcə jurnalın ofisinə bir məktub yazmaq və ya zəng etməklə bu, mümkündür. Jurnal elə də baha deyil.
Pərakəndə satış qiyməti 4 manat təşkil edir. Uzunmüddətli abunə zamanı isə daha ucuz qiymətə başa gələcək.

– Bu tipli jurnalların indiyədək Azərbaycanda çap olunmamasını nə ilə izah etmək olar?
– "National Geographic" jurnalının ilk dəfə Azərbaycanda nəşri tarixi hadisədir. Həmişə belə mübahisəli söhbətlər gedir ki, sovet vaxtında təhsil və s. çox yüksək səviyyədə olub...
Xatırladım ki, heç o zaman da Azərbaycanda belə jurnallar nəşr olunmurdu. Sovet dövründə İttifaq ölkələri arasında ancaq Rusiyada "National Geographic"ə bənzər "Vokruq sveta" jurnalı rus dilində çap olunurdu. Təəssüf ki, Azərbaycan dilində belə nəşrlər yox idi.
"National Geographic" Cəmiyyətinin rəsmi mətbu orqanı olan jurnalın Azərbaycana gəlməsi ilə vacib bir hadisə baş verir - elmi-populyar dərgi yaranır.
Belə jurnalların bu vaxtadək ölkəmizdə çap olunmamasının, çox güman ki, müxtəlif "səbəblər"i olub. Biz bu stereotiplərdən uzaqlaşmaq istəyirik. Hər zaman belə bir düşüncə olub ki, Azərbaycan dilində elmi-populyar jurnal nəşr etmək uğursuzluqla nəticələnə bilər, çünki insanlarımız Azərbaycan dilində az oxuyurlar və buna heç tələbat da yoxdur.
Ancaq indi qarşınıza bir sual qoyuram: bu gün Azərbaycanda öz dilimizdə nəşr olunan hansı elmi-populyar jurnallar var? Sualın cavabını elə sualla da vermək olar: belə bir jurnalların olmadığı təqdirdə biz onun oxunub-oxunmayacağı haqqında öncədən əsassız fikirlər yürüdə bilərikmi?!
Biz əminik ki, insanlarımız üçün bu sahədə indiyə qədər olmayan mütaliə imkanı yaratdıqdan sonra onlar bu jurnala böyük həvəs göstərəcək, dərgi öz oxucusunu tapacaq və vətəndaşlarımız övladları üçün "National Geographic" alacaqlar. İndi "National Geographic" jurnalı var və mən insanların bu jurnalı böyük maraqla qarşılayacaqlarından əminəm. "National Geographic" elm və təhsilin inkişafında iz qoyacaq. Biz bu layihəni, ilk növbədə, Azərbaycanda təhsili, mütaliəni populyarlaşdırmaq məqsədi ilə həyata keçiririk.

– Bu layihə "Garant Media Holding"in ilk beynəlxalq layihəsidir. Holdinqin planlarında daha hansı layihələrin olduğu barədə danışa bilərsinizmi?
– Hazırda biz daha bir neçə layihə barədə planlar qururuq. Aralarında beynəlxalq layihə də olan bu projeləri indi açıqlamaq tez olardı. İlk növbədə mövcud layihələrimizi media məkanında daha da möhkəmləndirmək haqqında düşünürük.
Yaxın müddət üçün planlarımız bundan ibarətdir:
1 sentyabrda "National Geographic" jurnalının təqdimat mərasimini keçirək. Biz jurnalı ictimaiyyətə təqdim edəcəyik. Təqdimata çoxsaylı qonaqlar dəvət olunacaq.
"National Geographic" jurnalının uğurlu çapı və yayımını təşkil etdikdən sonra eyniadlı telekanalın yayımını nəzərdə tutmuşuq. Hesab edirik ki, jurnalın nəşrindən sonra bu addımın atılması təhsilimizin inkişafı, vətəndaşlarımızın dünyagörüşünün artması və Azərbaycanın dövlət olaraq dünyaya, elmə və inkişafa açıq olmasının göstəricisidir.