02:45
(077) 610-22-33

Başçıların tikib–sökdürdüyü rayon (Fotofaktlar)

  • >
3 658 20 Avqust 2014 10:17 | Cəmiyyət

Ölkənin cənub küncünə sıxılan Yardımlı çox qəribə rayondur.

Əvvəlcədən deyək ki, söz açacağımız qəribəliklər hansısa təbiət hadisəsi, adət-ənənə, folklor nümunələri, dialektlə bağlı deyil...



Şəkildə gördüyünüz bu hasarı 2005-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı olmuş Süleyman Mikayılov tikdirib. Xeyli əziyyətlər, çoxlu pullar hesabına başa gələn bu hasarlar sonradan rayona başçı təyin edilən Xəzər Aslanov üçün "bir qəpiklik" oldu. Cənab Aslanov o sadə hasarları söküb, yerində bir qədər mürəkkəb quruluşlu hasarlar çəkdirməyə başladı. Hasarın tikintisinə xüsusi diqqət ayıran başçı, hətta işlərə baş çəkərkən 2-3 metr yüksəklikdən yıxılıb ayağını da sındırmışdı.

...Xeyli qan-qaraçılıqla ərsəyə gələn bu hasarlara Yardımlı camaatı "dəvə beli" deyirdilər. Amma camaat bu "dəvə belinə" öyrəşməmiş Rayona başqa bir başçı təyin edildi.



2012-ci il ildə başçı təyin edilən Sevindik Hətəmov rayona ayaq basar-basmaz Yardımlı şəhərinin girişindən mərkəzə doğru uzanan - haqqında danışdığımız hasarlarla bağlı əşhədü göstəriş verdi.

Cənab başçı elə o gündən başlayaraq düz iki ildir ki, iki başçının gördüyü işlərə "əl gəzdirir". Sevindik müəllim öz növbəsində Aslanovun "dəvə bellərini" hamarlayıb, dümdüz "fil beli" edir. Yəni Süleyman Mikayılovun 9 il əvvəlki tikdirdiyi hasar formasına salmağa çalışır. Əlbəttə yəqin, Sevindik müəllim bu hasara üzlük-filan da çəkdirəcək.



Amma nə xeyri, birdən Sevindik müəllimin yerinə başqası təyin edilsə...
Yeni təyinat olsa, rayonun yeganə yolunda 2005-ci ildən başlayan təmir-tikinti işləri bu minvalla davam edəcək. Yolun bir hissəsi bağlı, toz duman içində...

Yardımlıda bu tip söküntü-tikinti işləri təkcə hasarlarla bitmir: Süleyman Mikayılov rayona başçı təyin edilən kimi, şəhərə girişdə gözəl bir tağ tikdirmişdi... Yardımlıların gözü tağı "dağ eləməmiş" Xəzər Aslanov rayona təyinat aldı. Xəzər müəllim dərhal həmin tağı sökdürüb yerində aşağıdakı tağı tikdirdi:



2012-ci il ildə başçı təyin edilən Sevindik Hətəmovda sələflərinin bu işini davam etdirdi. Yəni tağ məsələsinə biganə qalmadı. Amma xoşbəxtlikdən Sevindik müəllim Aslanovun tikdirdiyi tağa dağ çəkmədi. Sadəcə o, təxminən 1 km aralıda ikinci bir şəhərə giriş tağı tikdirdi. Fotoda gördüyünüz bu tağı. Yəqin Yardımlı ölkədə yeganə rayondu ki, onun iki giriş tağı var...



Sonda ədalət naminə qeyd edək ki, Yardımlı şəhərinin hasar məsələsi 10 ilə yaxındır həllini tapmasa da, bu il rayonun yol təsərrüfatında çox ciddi işlər görülüb. Yardımlı- Avaş, Yardımlı- Abasabad yollarının çəkilməsi və Bürzümbül-Bilnə-Vərgədüz-Sırıq yolunun layihəsinin hazırlanması yardımlılar üçün inanılmaz hadisədir.

Azər
AzNews.az
Bağla X