09:43
(077) 610-22-33

“Rəşad Məcid - sevgisini dünyayla paylaşan insan” – Yubiley təbrikləri

  • >
4 711 21 Avqust 2014 10:12 | Cəmiyyət

Bu gün “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin 50 yaşı tamam olur.

Bəzi dostları, həmkarları ona təbriklərini AzNews.az vasitəsilə çatdırıblar:



Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca: "Rəşad Məcid həm şair, həm də nasirdir. Gözəl qəzet buraxır. Özü də yaxşı insandı, bizim katibimizdı. 50 yaş yubileydi. Biz ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq".


"Space"nin sabiq prezidenti Etibar Babayev:
"Mənim aləmimdə Rəşad Məcid aurası təmiz, işıqlı olan insanlardandır. Onunla müxtəlif səfərlərdə, məclislərdə, tədbirlərdə olmuşam. Hər zaman istənilən vəziyyətdə təmkinli, tədbirli, səmimi olması ilə fərqləndiyini müşahidə etmişəm. Rəşad bu dünyadan ləzzət almağı bacaran və içindəki sevincini, sevgisini təkcə ailəsi, yaxın dostları ilə deyil, yeri gəlsə, bu qoca dünyamızla da həvəslə ilə paylaşmağı bacaran xeyirxah insanlardandır. Ad günü mübasibətilə ilə dostum Rəşadı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram".


"APA Holdinq"in rəhbəri Vüsalə Mahir qızı:
"Rəşad Məcid yaxşı dost, yaxşı redaktor, yaxşı şairdi. Bütün yaxşılarda Rəşad var".


Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Rəşad Məcid hətta bircə misra, yaxud bircə sətir yazmasaydı belə, mənim üçün tamamilə fərqli bir insan olaraq qalacaqdı. Rəşad az yazır. Ramiz Rövşənin təbirincə desək, "şair işləmir". O, bütün yazdıqlarında səmimidi. Özünəməxsus bir kaloriti var Rəşad Məcidin və bu onun bütün yazılarında özünü büruzə verir. Rəşad ona qarşı gerçəkdən səmimi olanlara münasibətdə təpədən dırnağa səmimidi. Özü kimidi. Öz mövqeyi, öz baxışı var".


Şair Baba Vəziroğlu: "Rəşad Məcidi təbrik edirəm, ona cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram..."


Modern.az saytının redaktoru Əfqan Qafarlı: "Əvvəla Rəşad Məcidi yubileyi münasibətilə təbrik edirəm. Maşallah, onu 50 yaşlı cavan adlandırmaq olar. Rəşad Məcidi yaxından tanımayanlar bəzən onu eqoist insan hesab edirlər, amma belə deyil. Modern.az saytı bir neçə il onun rəhbərlik etdiyi "525-ci qəzet"in redaksiyasında fəaliyyət göstərib və o müddətdə Rəşad müəllimlə ünsiyyətimiz olub. Ünsiyyətcil, yaradıcı, gənc yazarlara qayğı göstərən, onlara meydan verən insandır. Eyni zamanda istedadlı jurnalistdir.

Yaradıcılığından danışarkən elə rəhbərlik etdiyi "525-ci qəzet"i misal göstərmək olar. Bu qəzet uzun illərdir ədəbi dairələrin ən ciddi qəbul edilən mətbu nəşrlərindən biri olaraq qalır. Rəşad Məcidin "525-ci qəzet"i təkcə jurnalistlər üçün deyil, həm də ədəbi yazarlar üçün bir məktəb olub. Müxtəlif şeirlərini, "10 sentyabr" adlı hekayələr kitabını, publisist yazılarını oxumuşam. Deyə bilərəm ki, Rəşad müəllim jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı bacaran həmkarımızdır. Yəni yazar kimi geniş diapazona malikdir. Ona yaradıcılığında daha böyük uğurlar arzulayıram".


Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza: "Rəşad Məcid universal insandır. Öncə bunu qeyd etmək lazımdır. Əslində rəsmi rəqəm olmasaydı, 50 yaşa inanmaq bir az çətin olardı. Çünki onda 25-30 yaşlı gənc insanın enerjisi var. 20 ildən çoxdu Azərbaycan mətbuatında öz üslubu ilə fərqlənən, istər jurnalist olaraq, istərsə də media kapitanı olaraq peşəkarlıq göstərən Rəşad Məcid var. Elə Azərbaycan Yazıçılar Birliyinin gənclər iş üzrə katibi kimi də az iş görməyib. Əbədi mühitdə tanınan bir çox gəncin yaradıcılığında, inkişafında Rəşad Məcidin rolu danılmazdır".

AzNews.az kollektivi olaraq, biz də Rəşad Məcidi doğum günü münasibəti ilə təbrik edirik. Ona cansağlığı, yaradıcılığında müvəffəqiyyətlər arzu edirik.

Bahar Rüstəmli
AzNews.az
Bağla X