“Kənddə ən ucuz başdaşı şeyxin ata və anasına qoyulub” “Kənddə ən ucuz başdaşı şeyxin ata və anasına qoyulub”

“Arvadının qızıllarını satıb, anasına başdaşı düzəltdirirlər” - Qazi

“Kənddə ən ucuz başdaşı şeyxin ata və anasına qoyulub”

AzNews.az-ın yas mərasimlərində yeni qaydaların tətbiqi və dövlətin bu məsələyə bir başa nəzarət edəcəyi ilə bağlı verdiyi xəbər cəmiyyətdə rezonansa səbəb olub.



Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə qazisi Hacı Sədi Axundzadə AzNews.az-ın suallarını cavablandırıb. O müsahibəsində bu mərasimlərin keçirilməsində yeni meyarların müəyyənləşdirilməsinə toxunub, məsələyə inzibati yanaşmanın doğru-olub-olmaması haqqında danışıb.

-Azərbaycanda dövlət israfçılığa yol verilməməsi üçün hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək. Buna münasibətiniz necədir?

- Biz dindarlar da bu cür qaydaların tətbiqinin tərəfdarıyıq. Dini nöqteyi-nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl – qüsl, kəfən, cənazə namazı və dəfndir. Təəssüf ki, müasir dönəmdə müsəlmanlarımız şəriətin bu hökmlərinə önəm vermək əvəzinə bidət hərəkətlərə daha çox meyllidirlər. Məhrumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Adi insanın mənəvi tərəflərinə aid olan-dua etmək, zikr etmək, quran sürəsi oxunması bir ehsandır. Hüzr mərasimində gəlib 5 dəqiqə oturmaqla öz yaxını itirən şəxsə xoş ehtiramını bildirmək, hüzr sahibi ilə, paylaşmaq özü ən böyük ehsandır. Bu şərtlə ki, orada qeybət, dünyəvi söhbətlər olmasın. Orada danışılan məsələlər ancaq və ancaq mənəviyyat sahəsində olmalıdır. Allahın varlığı, dünyadan gedənin aqibəti və o insanın elədiyi əməllər barəsində danışmaq hüzr mərasimlərində bu bir növ başsağlığıdırsa, həm maarifçilikdir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bir xurma və çay versən bu qəbul olunar inşallah. Bəzi hallarda məhrumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. İsrafçılıq haqqında Quranda da çoxlu ayələr var. Allah Təala buyur ki, yeyin-için amma israf etməyin. Allah heç zaman israf edənləri sevməz. Dövlətimiz əgər bu addımı atırsa biz dindarlar bunu dəstəkləyirik. Bizim də maarifçilik baxımından hər birimizin boynunda bir vəzifədir ki, insanlara dinimizi sadə şəkildə çatdıraq. Eyni zamanda bu gün dövlətmizin qoyduğu qayda-qanuna yaxından köməkliyimizi əsirgəməyək. Bu baxımdan bu gün hər birimiz çalışacağıq ki, bu təbliğat işini genişləndirək. İnşallah Lənkəran, Astara, Masallı və bir sözlə digər cənub bölgəsinin rayonlarında da bu məsələ yüksək alqışla qarşılanacaq.

Onu da deyim ki, ehsan o adamlara verilməlidir ki, onların buna ehtiyacı var. Bu gün isə əksər məclislərdə buna rast gəlinmir. Ehsan süfrəsi elə adamlara açılır ki, orada kasıb deyil, əksinə imkanlılar toplaşıb yeyib içib kef edirlər. Ehsan süfrələrinə ən kasıb insanlar dəvət olunması vacibdir.

- Yas mərasimindən əlavə, qəbirüstü abidələrə, baş daşlarına xərclənən pullar da diqqət çəkir. Bəzən bir qəbir daşına milyonlarla pul xərclənir. Dini baxımından bu nə dərəcədə düzgündür?

-Elə insan olub ki, arvadının qızıllarını satıb, anasının qəbrinə baş daşı düzəltdirib. Mən dəfələrlə belə hallarla üzləşmişəm. Sual vermişəm ki, əgər səndə imkan yoxdursa, nə məcburdur ananıza bahalı baş daşı qoydurursuz. Digər tərəfdən insan borcla ehsan vermək, yaxşılıq etmək niyyəti də qəbul edilmir. Elə onun müqabilində bir çay, o da heç yoxdursa mənəvi söhbətlər edə bilərsiz. Çünki insanların mənəviyyata ehtiyacı var. Baş daşı məsələsi nişangahdır. Əslində qəbirıstanlıqlar bizim mədəni abidələrimizdir. Biz desək ki, baş daşı olmasın, bu, mümkün deyil. Amma yazılmayıb ki, kimsə borca düşüb, gedib yaxınına baş daşı qoydursun. Sadəcə insan vəfat edən yaxına taxtadan da bir nişanə qoya bilər. Əslində şəriətimizdə də belə bir məsələ var ki, vəfat edən şəxs qəbrinə 4 barmağından yuxarı torpaq tökülə bilməz. Bundan sonra ora adi bir nişangah qoyula bilər. Amma bir şərtlə ki, o daşa kimsə sitayiş etməsin.

-Hacı, olmaz ki, vəfat edən şəxsə görə təmtəraqlı ehsan süfrəsi açmamaq, bahalı baş daşları qoymamaq üçün ilk addımı birinci imkanlı şəxslər atsın, aztəminatlı təbəqə də bundan örnək çıxartsın?

- Əslində bununla bağlı kifayət qədər nümunələr var. Ağıllı, dindar adamlar bilir ki, bahalı daşlarla öz yaxınlarına baş daşı düzəltmək mənasızıdr. Əgər qəbiristanlıqlardakı bahalı daşların maliyyə tutumunu hesablasaq, həmin pula Azərbaycanın bütün küçələrini asfaltlamaq olar. Bu qədər pulları daşa verincə əvəzində daha yaxşı iş görmək daha yaxşıdır. Bu da dünyadan gedən yaxınlarımız üçün daha savabdır. Əgər insanlar Şeyxin ata və anasının qəbrinə baxsalar sadə bir daş qoyulduğunun şahidi olarlar. Amma lazım olsaydı, şeyx bahalı daş qoyardı. O bunu başqalarına örnək olsun deyə edib. Lənkəranın Cil Kənd qəbiristanlığında qiymətcə ən ucuz baş daşı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri hacı Allahşükür Paşazadə ata və anasının qəbri üzərindədir. Mən də şeyxə baxıb anamın qəbri üstə ucuz sadə baş daşı qoydurdum. Bu cür nümunədən hər kəsin yararlanması vacibdir.

Amid Əyyuboğlu
AzNews.az