Zülfüqar Hüseynzadə Zülfüqar Hüseynzadə

Qənirəni qınayanlar

Zülfüqar Hüseynzadə


Bu ölkədə çox şey əcaib görünə bilər. Məmləkətdə əyrilik düzlükdən, əliəyri gözütoxdan çox olduğundan halal adama ağıldankəm, quşbeyin, hər kəsin dadına çatmaq üçün nəfəsini dərməyənə kəmfürsət deyilməsinə təəccüblənməyə dəyərmi heç? At izinin it izinə qarışdığı, nəinki Məmməd Araz dediyi kimi iti, hətta pişiyi belə, bazarında atından baha satılan bu gündoğarlar ölkəsində günəşdən qabaq hansı naqisliklər doğmadı kı…?

Ona görə də doğru ilə yalanın sərhədlərinin itdiyi, daha doğrusu, məqsədli şəkildə itirildiyi bu yaralı Vətəndə yaxşılıq edəndə də gərək yüz ölçüb bir biçəsən. Yoxsa səni elə qorxunc şeylərdə ittiham edə bilərlər ki, birisini ölümün pəncəsindən almaq istədiyinə görə özün intihar həddinədək hövsələdən çıxa bilərsən, lap millətin seçilən vəkili Qənirə Paşayeva kimi…

Hansı ağzıgöyçəklərin nə yazacağı və deyəcəyi heç vecimə də deyil. Doğru bildiyimi yazmaqdan imtina edəsiyəmmi? Rəbbimdən öyrəndiyim bir həqiqətə sığınıram ki, haqqa qarşı nahaq addımlar atılanda susanların özləri də cəhənnəm odunda yananlardan olacaq. Ona görə də Qənirə xanım haqqında yazılan sifarişli-sifarişsiz cızmaqaraları, paylaşılan statusları, danışılan dedi-qoduları qınayıram və onu yaxından tanıyan bir qələm sahibi kimi bu tip davranışların minbər odlamaq, künbəzə daş atmaq qədər günah və qəbahət bir əməl olduğu xəbərdarlığını edirəm.

Axı adamdan soruşarlar ki, ay filankəslər, bundan sonra populyarlaşmaq, siyasi və ya ictimai dividentlər qazanmaq onun nəyinə lazım? Axı o son 10 ildə 10 minlərlə adamın harayına səs verib, kimliyinə belə baxmadan ona üz tutan hər kəsə ürəyinin istisindən, dilinin şirinliyindən pay verib. Bu ölkədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı çıxmaq şərtilə əlində faktiki inzibati rıçaqlar və səlahiyyətlər olmadan bu qədər insana kömək edən ikinci bir adamı kimsə göstərə bilərmi? Şəxsən mən bu günədək o səmimiyyətdə və insansevərlikdə, təmənna güdmədən hər kəsin köməyinə yetişmək üçün sağlamlığına belə qəsd etməyə hazır olan ikinci bir adam görmədim, bəlkə də var, amma rastıma çıxmayıb…

İndi də intihara cəhd edənlərin vəsiyyətlərini ancaq Qənirə xanıma demək tələbləri bu xanım-xatın deputata qarşı iyrənc "qara piar"a çevrilib. Belə bir təklifdən, daha doğrusu, insanı ölümün pəncəsindən, cəhənnəm odundan xilas etməyə tələsmək doğrudanmı özünüreklamdır? Siz ey zavallılar, sosial şəbəkələrin verdiyi bu intəhasız azadlıq küləyinin bir gün sizi çox uzaqlara apara biləcəyini heç göz önünə almadınızmı…?
Şəxsən mən Qənirə xanımı Allahın bu məmləkətə verdiyi təbii sərvətlərdən xeyirli bir nemət hesab edirəm. Onun gerçəkdən millətimiz üçün adına layiq qənirsiz bir adam olduğu qənaətindəyəm və bunu əks arqumentlə silahlanan istənilən gerizəkalı opponentimə sübut etmək üçün sonsuz sayda sübutlarım var. Belələrinə adamın yazığı gəlir. Çünki içlərini gəmirən qurda verəcəkləri başqa qida yoxdur, başqalarına çamur atmaqla onları sakitləşdirməkdən savayı. Yazıqlar olsun sizlərə…!!!